Cərimə meydançalarında dəhşət; düşmən malı kimi rəftar edirlər - FOTOFAKT

 

 
Evakuator xidməti jurnalistin avtomobilini 2 dəqiqəyə apardı və zədələdi 

Dünən saat 15 radələrində Musavat.com saytının əməkdaşı Toğrul İsmayılın avtomobili DYP-nin evakuasiya xidməti tərəfindən cərimə meydançasına aparılarkən zədələnib. T.İsmayıl bildirib ki, o, peşə fəaliyyəti ilə əlaqədar 8 km bazarında şəkil çəkərkən cəmi 2-3 dəqiqə ərzində maşınından kənarda olub və bu qısa zaman kəsiyində onun avtomobilini cərimə meydançasına aparıblar: "Mən maşın saxladığım yerdə onlarla başqa avtomobil vardı və yaxınlıqda dayanma-durmanı qadağan edən heç bir işarə yox idi. Heç yaxınlıqda hər hansı bir parkomat da görünmürdü. İki dəqiqəlik maşından çıxdım və qayıdanda mənə maşının evakuatorla aparıldığını dedilər. Bu qısa zamanda onlar buna necə macal tapıblar, bu cür sürətlə "işləməyi" necə bacarıblar, adam mat qalır. Bir də adamı ayrı-seçkilik yandırır. Saatlarla maşını saxlayıb gedənlərə dəymirlər, iki dəqiqəlik saxlayanların avtomobilini gözlə qaş arasında oğurlayırlar". 

T.İsmayıl bildirir ki, cərimə ödəyərək avtomobilini cərimə meydançasından götürüb, ancaq avtomobilin evakuatora yüklənib-endirilməsi zamanı zədələndiyini görüb: "Maşına dəyən zərərin məbləği cəriməsindən daha çoxdur. Cərimə meydançasında olarkən fikir verdim ki, məndən savayı başqa vətəndaşların avtomobili ilə də düşmən malı kimi rəftar edilir. Necə gəldi buraxırlar. İndi mən şikayət etməyə məcburam. Ancaq nəzərə alanda ki, bu da əlavə vaxt itkisidir, əsəbi işdir, adam baş qoşmaq istəmir. Yaxşı olar ki, belə vəziyyətlərdə sürücüləri yerindəcə cərimələsinlər və bununla da əlavə problemlər yaranmasın".Avtosfer.Az

 






Fikirlər