Əsas Səhifə > Avto > “Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan

“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan


3-07-2020, 22:00

“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA

Polis postlarının ləğv edilməsi və sonradan bərpa olunması barədə fikirlər əsassızdır”.

Bu sözləri Yenisabah.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi (BBDYP) İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirib. O əlavə edib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi iyul ayının 5-nə qədər davam edəcək və bu müddət ərzində Daxili İşlər Nazirliyi (DİN) qaydalara riayət olunmasına nəzarəti həyata keçirəcək. Sadəcə postlarda aparılan xidmət indi başqa üsullarla müşayiət olunacaq.

“Vətəndaşlar ilk növbədə bilməlidir ki, Bakı şəhərində müasir texnologiyalar quraşdırlıb. Eyni zamanda hərəkətlə bağlı icazəsi olanların siyahısı bizim sistemə köçürülüb. Bu sistem vasitəsilə də avtomatik elektron qərar verilməsi imkanı var. Biz indi qanun pozuntularını bir neçə variantda aşkarlaya bilərik. Kamera və digər texniki vasitələrlə, mobil yəni, müxtəlif ərazilərdə 1-2 saatlıq postlar qurmaqla və redylər keçirməklə. Ayrıca dislokasiya üzrə xidmət aparılan ərazidə polis əməkdaşı hərəkətdə olan nəqliyyat vasitəsini saxlayıb sənədləri yoxlayarkən hərəkətlə bağlı icazəsinin də olub-olmadığını yoxlayıb yerində protokol yaza bilər. Yəni postlar nə ləğv edilib, nə də yenidən bərpa edilib. Sadəcə nəzarət fərqli üsullarla həyata keçirilir və sərtləşdirilmiş karantin rejimi bitənədək belə davam edəcək”, - deyə Vaqif Əsədov bildirib.

BBDYP rəsmisi həmçinin vətəndaşları qaydalara riayət etməyə çağırıb: “Vətəndaşlardan xahiş edirik ki, diqqətli olsunlar. İcazəsi olmayanlar hərəkət etməsinlər ki, cərimələnməsinlər. Cərimə bir yana, sağlamlıqları barədə düşünsünlər. Nə özləri yolxusunlar, nə də başqalarını yolxudursunlar”.

Xatırladaq ki, bir neçə gün əvvəl sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə polis postları yığışdırılıb. Bu, postların ləğv olunması kimi təqdim edilib. Bu gün isə yenidən Bakının müxtəlif ərazilərində postlar qurulub.

 


Geri qayıt