DİM ONLAYN sınaq İMTAHANI KEÇİRİR

DİM onlayn sınaq imtahanı keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) orta ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarında (buraxılış imtahanlarında) iştirak edən, ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidenturalarına, həmçinin dövlət qulluğuna qəbul olmaq istəyənlərin imtahanlara səmərəli hazırlaşmalarına kömək məqsədilə http://otk.az portalı vasitəsilə online sınaq imtahanları təşkil edir.
DİM-dən  verilən məlumata görə, portalda həm IX (hər iki mərhələ), həm də XI sinif üzrə buraxılış imtahanları modelinə uyğun imtahan vermək mümkündür. Bu imkandan kolleclərə, V ixtisas qrupuna aid ixtisaslara qəbul olmaq istəyən cari ilin məzunları ilə yanaşı, əvvəlki illərin məzunları da yararlana bilərlər. Test bloklarına qaydalara uyğun olaraq xarici dil fənləri üzrə dinləmə mətnləri də əlavə edilib. Mətni online dinləyib müvafiq suallara cavab vermək mümkündür.
Portalda tədrisi ingilis dilində olan məktəblərin 11-ci sinif şagirdləri də buraxılış imtahanı verə bilərlər. Bu imtahana yazılan şagirdlər əlavə ödəniş etmədən tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər üçün nəzərdə tutulan "Azərbaycan dili” (dövlət dili kimi) imtahanını verə bilərlər.
Rus bölməsinin abituriyentləri də "Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ayrıca imtahana yazıla bilərlər.
Saytda məktəb dərsliklərində keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün fənlər və siniflər üzrə sınaq imtahanı vermək mümkündür. Bundan əlavə, DİM-in 2018-ci ildə nəşr etdiyi test toplularında verilən mövzular, bölmələr, eləcə də "Abituriyent” jurnalının nəşr etdiyi fənlər üzrə vəsaitlərdəki test tapşırıqları əsasında imtahan vermək olar.
Portalda, həmçinin DİM tərəfindən I-IV ixtisas qrupları üzrə 2015-2018-ci illərdə keçirilmiş qəbul imtahanları, 2018-ci ildə keçirilmiş sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə online sınaq imtahanı təşkil edilir.
Xatırladaq ki, bu imtahanların bəziləri ödənişsizdir. Abituriyentlər ödəniş etmədən rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.
Bütün bunlarla yanaşı, magistraturaya, rezidenturaya və dövlət qulluğuna hazırlaşan namizədlər də online şəkildə sınaq imtahanlarında iştirak edə bilərlər.
Namizədlər imtahan başa çatan kimi nəticələri əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.
http://otk.az portalında yerləşdirilmiş online sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.






Fikirlər