Əsas Səhifə > Cəmiyyət > Məktəbli ləvazimatları neçəyədir?
Məktəbli ləvazimatları neçəyədir?25-08-2016, 15:05 |
Yeni dərs ilinin başlanmasına cəmi 20 gün qalsa da, məktəblilər üçün lazım olan ləvazimatların satıldığı mağazalarda alıcılar gözə dəymir. Mağaza sahiblərinin sözlərinə görə, hər il bu zamanlarda kifayət qədər alıcı olsa da, hazırda müştəri sarıdan qıtlıqdır. “Report”un əməkdaşları dərs ili ərəfəsində şagirdlər üçün lazım olan ləvazimatların satıldığı bəzi mağazalarda olub, qiymətlərlə maraqlanıb. Qiymətlər 30 faiz bahalaşıb Daxil olduğumuz ilk mağazada 3-4 nəfər satıcı var idi. Satıcı Murad Səfərov deyir ki, beş ildir bu sahədə çalışır, amma birinci dəfədir dərs ili ərəfəsində bu cür alıcı qıtlığının şahidi olur: “Hər il bu vaxtlar müştəri çox olurdu. Qiymətlərin qalxması alıcıları azaldıb. Bir sıra zəruri malların qiymətində 30-40 faiz bahalaşma var və proses davam edir. I və II siniflər üçün hazırlıq dəftərləri, test kitabçaları, riyaziyyatdan didaktik materiallar, dəftər, qələm, xətkeş və sairin qiymətlərində azı 30 faiz bahalaşama var. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərc etdiyi İngilis dili vəsaitinin qiyməti 6 manatdan 8 manata yüksəlib. Əvvəl 2 manata satılan karandaş qutusu hazırda 3 manat 50 qəpiyə yüksəlib. A4 kağızı ötən il 3 manat 50 qəpiyə satılırdısa, hazırda 5 manat 50 qəpik olub. Qiyməti ən az artan ötən il 1 manata satılan gündəliklərdir ki, bu il 1 manat 30 qəpik olub”. Bir uşaq üçün xərc: 100-150 manat Gəzdiyimiz bütün mağazalarda qiymət artımlarının şahidi olduq. Çantalarda 5-10 manat, dəftərlərdə 30-40 qəpik qiymət fərqi yaranıb. Satıcılar deyir ki, bir uşaq üçün bütün məktəb ləvazimatlarını almaq valideynlərə 100-150 manata başa gəlir (bura məktəbli forması daxil deyil). Daha ucuz yerlər də var “28 May keçidi” ticarət mərkəzində qiymətlər daha ucuzdur. Satıcı Zaur Ələsgərov qiymətləri sabit saxlamalarına baxmayaraq, müştərilərin azaldığını dedi: “Hər il bu vaxtlar sıxlıq olurdu. Bizdə qiymət artımı demək olar ki, olmayıb. Qiymətləri cüzi dəyişikliklərlə tənzimləməyə çalışırıq. Ötən ildən qalan malların qiymətlərində dəyişiklik etməmişik. Yeni gələn mallarda fərq var. Məsələn, burdan ibtidai sinif şagirdləri üçün keyfiyyətli mallar almaq 80 manata başa gəlir”. Satıcı həm də onu dedi ki, Almaniya istesalı olan bir qutu karandaş 10 manatadırsa, Çin istehsalı olan eyni məhsul 1 manat 50 qəpiyə, daha bahalısı 3 manatadır.
Geri qayıt |