Əsas Səhifə > Cəmiyyət > Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək? - Restoranlardan at-eşşək
Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək? - Restoranlardan at-eşşək18-04-2017, 15:33 |
Son zamanlar gündəmi zəbt edən at-eşşək əti barədəki xəbərlər istər-istəməz əhalidə narahatlığın yaranmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, son günlər restoranlara, şadlıq evlərinə gedən insanlar ət məhsullarından hazırlanan qidalardan istifadədə maksimum ehtiyatlı davranmağa çalışırlar. Məsələn, müşahidələr göstərib ki, şadlıq evlərindəki toylara çağırılan qonaqlar masaya düzülən kolbasa çeşidlərinə əl uzatmır, lüləkababa şübhə ilə yanaşır, onu yeməyə tərəddüd edirlər. Bu da səbəbsiz deyil. Ölkə mediasında yayılan xəbərlərdə gizli yolla istehsal olunan ölmüş heyvanların, eləcə də xəstə at-eşşək ətlərinin restoran və şadlıq evlərinə, kolbasa sexlərinə çatdırıldığı bildirilir. Məlum məsələdir ki, tikəkababdan fərqli olaraq, lüləkababın tərkibinə hansı ətin vurulduğunu müəyyənləşdirmək çətindir. Bu baxımdan lüləkabab at-eşşək ətindən də hazırlana bilər... Bəs bu vəziyyət şadlıq evlərində menyuların dəyişilməsinə səbəb ola bilərmi? “Monte Kristo” şadlıq evinin baş meneceri İqbal Alıyev restoranın qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərdiyini və insanların ət məhsullarından istifadəi zamanı qorxmadıqlarını bildirib: “Açığı bizim şirkətdə bu tipli hallar olmur. Məhsullarımız qanunvericiliyə uyğun şəkildə alınır. Ətin kefiyyətini yoxlamaq üçün öz mütəxəssislərimiz, baş aşbazlarımız var. Toy menyularında adətən kabablar, dana basdırması kimi yeməklər olsa da, menyuda mal əti istifadəsi heç 30 faiz belə təşkil etmir. Əgər biz qanunla, sertifaktlı məhsullar alırıqsa, menyunun dəyişdirilməsinə ehtiyac da yoxdur”. “Mona Liza” şadlıq sarayının administratoru Zaur Səlimov məhsulların gigiyena qaydalarına cavab verdiyini və menyunun eyni qaldığını deyib: “Şirkətimizdə məhsullar gigiyena qaydalarına uyğundur. Əslində kolbasa-sosiska və ya digər ət məhsullarının menyudan çıxarılması müştərinin şəxsi işidir. Eyni zamanda qeyd etməliyəm ki, bizdəki kolbasalar yerli istehsal deyil”. “Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu xanım restoranda insanların ət məhsullarından rahatlıqla istifadə etdiyini deyib. O, həmçinin bildirib ki, bu məhsullar menyudan çıxarılmayacaq. Geri qayıt |