Əsas Səhifə > Cəmiyyət > Qoşulub qaçanlar və “qaçıb

Qoşulub qaçanlar və “qaçıb


26-05-2023, 00:36

Neçə gündür, fikir verirəm, xətiri əziz həmkarlarım məqalə və status yazaraq oxuculardan gileylənirlər ki, ciddi, taleyüklü xəbərləri oxumurlar, gedib hansısa müğənninin boşanan qızından, tutulan kürəkənindən yazılan xəbərləri oxuyurlar.

Əvvəllər beləydi ki, oxucunun hansı stildə, janrda yazılmış məqaləyə daha çox diqqət etdiyini bilmək olmurdu, indi internet saytlarında “baxış sayı” deyilən şoqərib bunu aydınca göstərir. Baxırsan ki, bəli, ölkənin taleyi üçün vacib olan xəbəri 2 min adam oxuyub, amma bir sənətçinin evlənib-boşanma və dalaşma-saçlaşma xəbərini 20 min oxucu izləyib.

Əslində bu yeni şey deyil. Sovet vaxtında da, demək olar ki, beləydi. Yalnız raykomlar, direktorlar, rəislər qəzetləri birinci səhifədən başlayıb oxuyardılar, yerdə qalanların hamısı əvvəlcə dördüncü, axırıncı səhifəyə baxardılar ki, görsünlər, idman xəbərlərində nə yazırlar, “Məhkəmə salonundan” rubrikasında hansı cinayət işinin təfərrüatları yazılıb və s.

Onu da deyim ki, sovet dövrünün qəzetləri ilə indiki qəzetlərin, saytların maraqlılığa görə müqayisəsini aparsaq, indiki nəşrlər 100 (yüz) dəfə artıq maraqlı çıxır, 1000 (min) dəfə də çox yazı, xəbər verirlər.

İntəhası, reallıq belədir ki, insanlar hazırda daha çox əyləncəli şeylərə maraq edirlər. İndi nə təbliğat-təşviqat xarakterli yazılara, nə də o məzmunlu verilişlərə baxan yoxdur. Çünki alternativlər çoxdur. O zamanlar hər evdə bir televizor, cəmi iki telekanal vardı, poçtalyon da uzağı 3-4 qəzet gətirirdi. Amma indi hər evdə 2-3 televizor, telekanalları tutan noutbuklar və telefonlar var. Bu cihazlarla minlərlə telekanala baxmaq, eləcə də videolar, filmlər, şoular paylaşan internet resurslarına qoşulmaq olar.

Bir sözlə, təbliğat-təşviqat əsri bitib, şou-əyləncə erası başlayıb. Əvvəllər yeni açılan qəzetlər, saytlar populyarlaşmaq və mövcudluqlarından əhalini xəbərdar etmək üçün telekanallara saniyəsi qızıl qiymətinə (gerçəkdən) olan 30 saniyəlik reklamlar verirdilər. İndi telekanallar saytlardan xahiş edirlər ki, onların hansısa verilişi saytlarda yerləşdirilsin ki, baxış sayı çox olsun.

Dövran dəyişib, biz də ona uyğunlaşmağa məhkumuq, Amma bu o demək deyil ki, ciddi yazıların başını buraxaq, biz də ellikcə qaçıb “sarı” yazılar yazanlara qoşulaq, döşənib bürclərə dair diz üzərində düzəltmə xəbər yayaq, yaxud hansısa müğənninin toyda oxuyarkən şadlıq sarayının içini çəkən dronun küləyinin pozduğu saç düzümündən yazaq (hərçənd son dönəmlər “qaçıb qoşulanlar” dəstəsinin sırası artıb). Belə “müdhiş” xəbərlərin öz oxucusu var. Amma ciddi xəbərlər oxumaq istəyən, ölkənin, regionun, dünyanın gələcəyinə görə əndişə keçirən və bu mövzularla maraqlananlar da çoxdur.

Hər media qurumu öz auditoriyasını seçməlidir. Qoy biriləri mədəniyyət və incəsənətdən yazsınlar, onların gözünə şou və əyləncə dünyasının “vacib xəbərlər”ini də qatsınlar. Bir başqaları eyzən idmandan bəhs etsinlər (belələri də var və xeyli populyardırlar). Lap ayrıca kriminal xəbərlər, oçerklər yazan saytlar da ola bilər. İctima-siyasi nəşrlərin isə öz oxucuları var və həmişə olacaq.

Fəqət ictimai-siyasi qəzetlərin fəaliyyət çərçivəsi bir qədər daralıb deyə, türkün sözü, öncəki performansı göstərə bilmirlər.

Lap açığı, oxucular mədhiyyə oxumaq istəmirlər – heç kəs barədə. Çünki deyilənlərin çoxunu özləri də bilirlər, bir şeyi yüz dəfə, min dəfə eşiiblər. Oxucular bilmədikləri gerçəkliklər barədə oxumaq istəyilər.

Dünyanın hər yerində belədir, tənqid yazanlar daha populyardır, bir hadisənin, prosesin alt qatını araşdırıb, neqativ halları ortaya çıxaranlar daha çox sevilir. Bir də oxuculara ləzzət edir ki, kimisə ifşa etsinlər, yerdən-yerə vursunlar, karyerasını bitirsinlər, nə qədər yalançı və talançı olduqlarını ortaya çıxarsınlar. (Nazirlərin, generalların, İH başçılarının məhkəmə reportajları ona görə çox oxunurdu).

Misal üçün, gedib parklarda oturan 60-70 yaşlı kişilərə yaxınlaşsaq, əvvəlcə qəzet oxucusu olub-olmadıqlarını dəqiqləşdirsək və sonra soruşsaq ki, sovet dövründə oxuduqları hansı məqalə yadlarında qalıb. Hamısı 35-40 il öncə oxuduqları tənqidi və ya ifşaedici yazıları xatırlayacaq. Niyə? Çünki yalnız o yazılarda həqiqət olurdu, yerdə qalan yazılar üfürülmüş əmək qəhrəmanlarının şişirdilmiş rəqəmlərlə dövləti və xalqı aldatmaları barədə səfsəfə idi.

Bizdə qəzetlərə hələ də Lenin yanaşması hökm sürür: “Qəzet yalnız kollektiv təbliğatçı və kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır”.

Həqiqət isə odur ki, “o babamız ölüb”, artıq qəzetlər və saytlar nə kollektiv təbliğatçıdır, nə kollektiv təşviqatçıdır, nə də kollektiv təşkilatçıdır. Başqa sözlə, oxucular nə təbliğata uyurlar, nə təşviqata məhəl qoyurlar, nə də qəzetlərin təşkilatçılığına inanırlar. Onlar sadəcə işləri düşəndə qəzetlərdən, saytlardan şikayət tribunası kimi istifadə etməyə çalışırlar. O da, Allaha şükür, son vaxtlar minimuma enib. Məsləhət deyil.

Bax, ona görə də ərə gedən, boşanan müğənnilərin, qoşulub qaçan gəlinlərin və azyaşlı qızların, küçənin ortasında saçyoldusuna çıxan cinsi azlıqların, digər real və əldəqayırma qalmaqallara hədəf olanların xəbərləri daha çox oxunur.

Heç real başlıq qoysam, bu yazı da çox oxunmayacaq. Başlığı ona görə belə qoydum ki, bu həqiqətlər diqqətinizi cəlb eləsin.


Geri qayıt