ABŞ ORDUSUNUN “tərk etdiyi” ölkələrdə terror və XAOS PROBLEMİ

Trampın ordunu Suriyadan çıxarmaq qərarı Əfqanıstan və İraq missiyalarını xatırladır

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp ordu qüvvələrinin Suriyadan çıxarılması barədə qərar verib. Qərara əsasən ABŞ ordusu 60-100 gün ərzində mərhələli şəkildə Suriyanı tərk edəcək. Artıq 2 minə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb.

ABŞ ordusunun Suriyadan çıxarılması qərarına etirazlara cavab olaraq Tramp bildirib ki, ABŞ Yaxın Şərqdə polis olmaq istəmir. O deyib ki, ABŞ-ın Suriyadakı mövcudluğu dəyərli həyatlar və trilyonlarla dollar itkisindən başqa bir şey deyil. Prezident Rusiya, İran və Suriyanın İŞİD-ın yerli düşmənləri adlandıraraq, onların işini ABŞ-ın gördüyünü qeyd edib.

ABŞ Müdafiə Nazirliyi prosesin başladağını bildirsə də, daha detallı bilgi verməyib. Ancaq açıqlamada qeyd olunub ki, ABŞ ordusu ehtiyac yaranacağı təqdirdə İŞİD-ə qarşı müttəfiqlərlə birlikdə hərəkət edəcək. Ehtimal olunur ki, ABŞ ordusunun müəyyən qismi bu mərhələdə Suriyadan çıxarılacaq. Ancaq ordunun tamamilə Suriyadan çıxarılması şübhə doğurur. Çünki birincisi, bunu Vaşinqton özü də təsdiqləməyib. İkincisi də İŞİD-ə qarşı mübarizənin hələ davam edəcəyi açıqlaması Amerika ordusunun Suriyada qalacağına işarədir.

Syria USA Army ile ilgili görsel sonucu

Ancaq ümumilikdə ABŞ-ın Suriyanı birmənalı olaraq tərk edəcəyi şübhə ilə qarşılanır. Çünki ABŞ ordusu 4 ildən çoxdur Suriyadadır və 20-dən çox hərbi bazaya malikdir, çoxlu sayda yerli qüvvələrə, o cümlədən kürd silahlılarına təlim keçərək onları hazırlayıb. Təkcə ötən ilin mayında Vaşinqton Raqqa şəhərini İŞİD-dən geri almaq üçün Suriyadakı qüvvələrə 300 milyon dollar dəyərində silah-ə sursat verib. Bütün bunlardan sonra ABŞ-ın heç bir şey olmamış kimi Suriyanı tərk edəcəyi inandırıcı gəlmir. Rusiya prezidenti Putin də ABŞ ordusunun Suriyadan çıxmasına inanmadığını deyib və xatırladıb ki, ABŞ hökuməti bir neçə dəfə Əfqanıstandan çıxdığını elan edib.

Məsələ ondadır ki, indi bir çox ekspertlər ABŞ ordusunun Suriyadan çıxması üçün şərtlərin yetişmədiyini düşünür. Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ hökuməti Suriyanın şimalına necə deyərlər ciddi ölçüdə “yatırım qoyub” və indi bütün bunları yarıda qoyması inandırıcı deyil. Qeyd olunduğu kimi, daha əvvəl ABŞ hökuməti rəsmi şəkildə İraq və Əfqanıstanı tərk etsə də, hələ də orda mövcudluğunu qoruyub saxlayır.

Yeri gəlmişkən, prezident Donald Tramp Pentaqona Əfqanıstandan təxminən 7 min amerikalı hərbçinin çıxarılması ilə bağlı hazırlıq işlərinə başlamağı əmr edib. Trend-in məlumatına görə, bu, Əfqanıstandkı amerikalı hərbçilərin təxminən tən yarısı olacaq. Belə ki, hazırda ABŞ-ın Əfqanıstanda təxminən 14 min hərbçisi var.

Halbuki ABŞ hökuməti ordu qüvvələrini Əfqanıstandan 4 il əvvəl çıxarıb. Məlum olduğu kimi, 2001-ci il 11 sentyabr hadisələrindən az sonra oktyabrın 7-də ABŞ ordusu Əfqanıstanı bombalamağa başladı. Oktyabrın 10-da isə artıq qoşunlar Kabilə daxil olmağa başlamışdı.

Syria USA Army ile ilgili görsel sonucu

2011-ci ildə amerikalılar Əfqanıstana hücumun əsas bəhanəsi olan “əl-Qaidə” lideri Usama bin Ladeni Pakistanda tapıb öldürdülər. 2014-cü ildə isə prezident Obama ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının başa çatdığını bəyan etdi. Amerika tarixinin ən uzunmüddətli hərbi missiyası hesab olunan Əfqanıstan müharibəsi 13 il davam etdi. Ancaq başa çatmadı - baxmayaraq ki, 2014-cü ilin payızında Kabildə keçirilən mərasimdə Beynəlxalq Təhlükəsizliyə Yardım qüvvələrinin komandiri müharibənin başa çatdığını elan edərək koalisiyanın bayrağını rəsmi şəkildə endirib.

Amerikalılar Əfqanıstanı tərk edərkən orda 14 min nəfərlik hərbi qüvvə qoyub çıxıb. Eyni zamanda bura beynəlxalq qüvvələr (Azərbaycandan da hərbi birləşmə var) və eləcə də ABŞ hökumətinin müqaviləli muzdluları da daxil olmaqla bəzi məlumatlara görə 60 mindən çox hərbi qüvvə hələ də Əfqanıstanda “Taliban” və İŞİD-ə qarşı mübarizə aparır.

Amerikalıların rəsmi olaraq 13 illik əfqan missiyası 1 trilyon dollar, 2200-dən çox ölü və on minlərlə yaralı hərbçi ilə yekunlaşıb. Ancaq indi artıq Əfqanıstanda yalnız “Taliban” deyil, həm də İŞİD var. Hətta Trampın son qərarından sonra ABŞ ordusunun hələ 7 minlik birləşməsi Əfqanıstanda qalacaq. Əfqanıstanın nə zaman sabit, istiqrarlı ölkəyə çevrilməsi isə üfüqdə görünmür.

ABŞ ordusunun rəsmən “çıxdığı” ölkələrdən biri də İraqdır. Hansı ki, İraq hələ də terror və xaosla mübarizə aparır. 2003-cü il martın 17-də ABŞ və Britaniya İraq lideri Səddam Hüseynə təslim olması üçün 48 saat vaxt verdi. Verilən vaxt tamam olduqda isə ABŞ və Britaniya ordusunun (ümumilikdə 400 min nəfərə yaxın hərbçi) rəhbərlik etdiyi 15 ölkədən ibarət koalisiya İraqa hücum etdi.

Ä°lgili resim

Səddam Hüseyn ordusu müttəfiq qüvvələrinə 3 həftə tab gətirə bilib. 20 gündən sonra, aprelin 9-da artıq ABŞ tankların Bağdadın mərkəzinə daxil olub. 2003-cü il mayın 1-də isə ABŞ prezidenti Corc Buş müharibənin başa çatdığını elan etdi. Ancaq işğal başa çatsa da, amerikalılar 2011-ci il dekabrın 15-dək rəsmən İraqda qalaraq savaşı davam etdirməli oldular. Amma İraqda hələ də sabitlik və əmin-amanlıq yoxdur. Müharibə hər iki tərəfə baha başa gəlsə də, iraqlılar üçün böyük faciə oldu.

İraq müharibəsinin itkiləri ilə bağlı fərqli rəqəmlər söylənilir. Amerika mərkəzli araşdırma qurumu 10 illik savaş dövründə 122 min iraqlının öldüyünü, 135 min nəfərin isə yaralandığını açıqlayıb. Ancaq müstəqil araşdırma mərkəzləri 600, bəziləri isə 1 milyon iraqlının müharibədə qurban getdiyini təxmin edir.

Rəsmi rəqəmlərə əsasən 10 illik işğal dövründə amerikalılar 4475 (bəzi rəqəmlərə görə, 4487) nəfər itirib, 32 min nəfər isə yaralanıb. Müttəfiq ölkələrdən ölənlərin sayı isə 318 nəfər olub. Amerikalılar İraqda ən böyük itkini işğal zamanı, yəni 2003-cü ildə deyil, 2004-2007-ci illərdə partizan müharibələri zamanı veriblər. Ən böyük itkiləri isə kənardan idarə olunan partlayıcılar törədib. Məhz İraq işğalı zamanı kənardan idarə olunan bombalar, minalanmış avtomobillərlə terror aktları dəhşətli şəkildə geniş yayıldı, demək olar ki, hər gün ölkənin fərqli bölgəsində işğal qüvvələrinə, eləcə də dinc əhaliyə qarşı terror həyata keçirilirdi. Məsələn, ABŞ-ın İraqdakı itkilərinin 55-65 faizi məhz kənardan idarə olunan bombaların partlaması nəticəsində qeydə alınıb.

Bundan başqa, 2006-2007-ci illərdə “əl-Qaidə”nin İraqda peyda olmasından sonra məzhəb düşmənçiliyinin alovlanması nəticəsində toqquşmalar baş verdi və bu motivlə təxmini məlumatlara görə, 35 min insan öldürülüb. Terror və silahlı hücumlar nəticəsində İraq təhlükəsizlik qüvvələri işğal dövründə 10 mindən artıq əməkdaşını itirib.

ABŞ ordusu 2011-ci ildə İraqı tərk etsə də, hazırda İraqda rəsmi olaraq 5300 nəfərlik ABŞ ordu kontingenti var. Ancaq real rəqəmlərin daha çox olduğu ehtimal edilir. Bu mənada ABŞ ordusunun Suriyanı tamamilə tərk edəcəyi inandırıcı deyil. Üstəlik necə deyərlər, bunun üçün müvafiq şərait də yaranmayıb. Necə ki, İraq və Əfqanıstanda yaranmamışdı.






Fikirlər