Əsas Səhifə > Dünya > RZA ZƏRRAB işi uzanır: AMERİKA TƏZYİQ rıçaqını

RZA ZƏRRAB işi uzanır: AMERİKA TƏZYİQ rıçaqını


19-03-2018, 10:04

Politoloq: “Zərrab olaylarından Amerika öz məqsədləri üçün istifadə etməyə çalışacaq”

Nyu-Yorkda həbsdə olan iş adamı Rza Zərrabla bağlı bir müddətdir ki, Türkiyə və Qərb mətbuatında heç bir informasiya paylaşılmırdı. Son olaraq yayılan məlumatlarda qeyd olunurdu  ki, ABŞ məhkəməsi Rza Zərrabı razı salaraq onunla “Şahidin mühafizəsi proqramı” imzalayıb. Proqrama əsasən, Rza Zərrab məhkəmə prosesində şahid qismində iştirak etməli, bunun qarşılığında maaş verilməli, təhlükəsizliyi təmin olunmalı və estetik əməliyyat edilməlidir.

Zərrab bu razılaşmaya getməsəydi, onu 130 il həbs cəzası və 4 milyon 500 min dollar pul cəzası gözləyirdi. Razılaşmaya sadiq qalan ABŞ məhkəməsi Türkiyənin Rza Zərrabla əlaqə qura bilməsinə mane olmaq üçün onun saxlanıldığı yer barədə məlumat vermirdi.

Türkiyə mətbuatında martın 17-də yayılan məlumata görə,  Rza Zərrabın vəkilləri iş adamına qarşı irəli sürülən təcavüz ittihamı ilə əlaqədar məhkəməyə müraciət ediblər. Zərrab ərizəsində baş verənlərə görə Türkiyə hökumətini günahlandırıb. Müdafiə ərizəsində Zərrab qeyd edib ki, haqqındakı iddialar “xəyal məhsulu”dur: “ABŞ hökuməti adına şahidlik edib, etirafçı oldum. İndi başıma bu işlər gəlir. Türkiyə etiraflarımın nələr ola biləcəyini yəqin edərək, bunun qarşısını almağa çalışdı. Türkiyə hökuməti mənim etirafçı olmaqdan çəkindirmək üçün bir çox işlər gördü. Məni etibarsızlaşdırdılar, cəzalandırdılar, bir çox işçimi və dostlarımı həbs etdilər. Mal varlığıma həbs qoydular”.

Bəs, ABŞ Rza Zərrabı əlində Türkiyəyə təzyiq riçaqı kimimi  saxlayır?

Qabil Hüseynli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, Zərrabla bağlı zorlama məsələsinin qabardılması həqiqətə uyğun gəlmirdi: “Aydın məsələ idi ki, bu, kimlərinsə uydurması idi. Adı çəkilən kolumbiyalı görünür ya təzyiq, ya da hansısa vəsait əsasında bu cür açıqlamalar verib. Ona görə də məsələdə siyasi nüansların olduğunu istisna etmirəm. Tillersonun getməsi və onun yerinə Pompeyin təyin edilməsindən sonra Amerikanın xarici siyasəti xeyli dərəcədə aqressivləşib. Bu aqressiya isə özünü bütün istiqamətlərdə göstərir. Güman edirdim ki, amerikalılar Afrin məsələsində tam olaraq Türkiyə ilə razılaşıblar. Hətta  Menbiçdən Amerika əsgərləri ilə birlikdə kürdləri çıxarmaqla bağlı Çavuşoğlunun məlumatı da vardı. İndi belə görünür ki, Menbiç bir yana, Afrin məsələsində də Amerika mövqeyində dəyişiklik edib. Zənnimcə, bütün bunlar Amerikanın bölgədəki mövqeyinin möhkəmlənməsinə xidmət etmir. Çünki yalnız Türkiyə vasitəsilə Amerika bölgədə özünə lazım olan strateji niyyətləri reallaşdıra bilər. Amerika ilə Türkiyə arasında həm də Rusiyadan alınan ”S-400"lərlə bağlı da ciddi fikir ayrılıqları var. Bu fikir ayrılıqları Rusiyanın İngiltərədə törətdiyi sui-qəsd olaylarından sonra daha da şiddətləndi. Ardınca da Amerika, Rusiya ilə silah ticarətinin dayandırılmasını tələb edir. Hətta təhdid edir ki, bu alveri davam edən ölkələrə qarşı da sanksiyalar tətbiq edilə bilər. Çox təəccübləndim ki, Türkiyə NATO-nun bu bəyanatlarından sonra Rusiyaya müraciət edərək “S-400"lərin hazırlanmasının daha da sürətlənməsini xahiş etdi. Yəni razılaşdırılmaya uyğun olaraq bu raket kompleksləri 2020-ci ildə göndərilməli idi. Ancaq Türkiyə bunun 2019-cu ildə göndərilməsini xahiş edir. Rusiya da buna əməl edəcəyini söyləyir. Niyə də etməsin? Çünki əvvəla 2.5 milyard dollardan çox vəsait əldə edir, ikincisi də Türkiyə ilə NATO-nun digər ölkələri arasındakı fikir ayrılığını dərinləşdirir. Ümumiyyətlə, məsələ olduqca qəlizdir. Səbirsizliklə gözləyirəm ki, Türkiyə bu məsələdə konstruktiv yol tapacaq. Türkiyənin bəzi siyasi elitasında Amerika və NATO ilə fikir ayrılıqlarının aradan qaldırılmasına o qədər də cəhd edilmir. Bu isə bölgə üçün olduqca böyük təhlükə yaradır. Son zamanlar Amerikanın kürdlərə dəstək verməsi, onlardan hərbi əməliyyatlarda İŞİD-a qarşı istifadə etməsi, xarici işlər nazirinin dəyişməsindən sonra yenidən kürdlərə doğru meyllənmənin yaranması düşünürəm ki, çox təhlükəli simptomdur. Türkiyə bu məsələlərdə ehtiyatlı olmalıdır. Güman edirəm ki, bu məsələdə Türkiyə qızıl ortanı tapacaq”.

Politoloq bildirib ki, Zərrab məsələsi ilə bağlı nəyisə dəyişdirmək mümkün deyil: “Lap Zərrabı nüfuzdan salma kampaniyası aparılsa belə, faktdır ki, Zərrab Türkiyədə İranın böyük qızıl ehtiyatlarını avro, dollara çevirərək, ”Xalq Bank" vasitəsilə İrana ötürüb. Bununla da tətbiq edilən sanksiyalara bir növ əməl etməyib. Bu prosesdə Türkiyə hökumətinin müəyyən üzvləri istefa verdilər. “Xalq Bank”ın sədrinin müavinlərindən biri də həbsdədir. O bir müddət susdu. Ancaq sonradan o da ifadə verdi və Zərrabın söylədiklərini bir növ təsdiqlədi. Yəni Türkiyə tərəfinin İrana qarşı sanksiyalarda iştirak etməməsi, hətta sanksiyaları dələrək 80 milyard avroya yaxın vəsaitin ötürülməsində dövlət bankının iştirakı artıq təsdiqlənib. Sadəcə olaraq məhkəmənin bununla bağlı verəcəyi hökm qalıb. Hər halda hökm məhkəmə istintaqı əsasında yığılmış materiala söykənəcək. Bunun əsasında da son qərar veriləcək. Ümumiyyətlə, Rza Zərrab olayı Türkiyə üçün başağrısı olaraq qalmaqdadır. Bundan da Amerika tərəfi öz məqsədləri üçün istifadə etməyə çalışacaq".


Geri qayıt