Əsas Səhifə > Dünya > TRAMP Yaxın Şərqdəki müttəfiqini

TRAMP Yaxın Şərqdəki müttəfiqini


17-11-2018, 09:18

Vaşinqtonun “Qaşıqçı işi”ndə şahzadəni qorumaq istəyinin əsas motivi

ABŞ hökuməti “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçının qətlində əli olması ehtimal edilən 17 nəfər Səudiyyə Ərəbistanı vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ maliyyə naziri Stiven Mnuçin açıqlama verib.

Maliyyə naziri bildirib ki, barəsində sanksiyalar tətbiq edilmiş şəxslərin siyahısında əməliyyatın keçirilməsi üçün Türkiyəyə gəlmiş qrupun bütün 15 üzvü, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Uteybi, həmçinin şahzadə Məhəmməd bin Salmanın böyük məsləhətçisi əl-Kəhtaninin adı var. Bu fiziki şəxslərin aktivləri təcili dondurulub.

Bu arada Səudiyyə Ərəbistanında Qaşıqçı cinayətinin təhqiqatını həyata keçirən prokuror hadisədə əli olan və bununla bağlı təlimatlar verən şəxslərdən 5-nin edam edilməsini istəyib. Türkiyə mətbuatı yazır ki, hələlik istintaq tərəfindən məsuliyyətə cəlb edilən 11 şəxsdən 5-i haqqında ən ağır cəza tələb olunur. Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanlarının apardığı təhqiqatda cinayətin detalları da bəlli olub. Rəsmi sənədlərdə Qaşıqçının ölümündə onun tutulması zamanı boğulması və həmin vaxt yüksək dozada narkotik maddənin verilməsinin böyük rolu olduğu ifadə edilib.

Trump Khashoggi ile ilgili görsel sonucu

Bundan başqa, jurnalistin cəsədinin parçalanaraq konsulluqdan çıxarıldığı təsbit olunub. Camal Qaşıqçının ölkəyə dönməsi üçün göstərilən cəhdlərin faydasız olmasından sonra öldürüldüyü məlum olub.

Xatırladaq ki, jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də evlənmək üçün lazım olan sənədləri almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub. Lakin oranı tərk etməyib. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları istintaq başladıb və tezliklə jurnalistin qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb.

Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin Konsulluq binasını tərk etdiyini bildirsə də, təzyiqlərdən sonra oktyabrın 20-də jurnalistin baş konsulluğun ərazisində öldürüldüyünü etiraf edib. Bununla bağlı olaraq 18 nəfər barəsində cinayət işi açıldığı, Milli Kəşfiyyat Xidmətinin ləğv olunub yenidən qurulması barədə kral fərmanı verildiyi bəyan olunub. Məsuliyyətə cəlb olunanlardan biri də Kəşfiyyat Xidmətinin rəis müavini, vəliəhd-şahzadə Məhəmməd bin Salmana yaxın kadrlardan hesab olunan general Məhəmməd əl-Asiridir.

Trump Khashoggi ile ilgili görsel sonucu

Ancaq görünən odur ki, Vaşinqton bu mərhələdə vəliəhd-şahzadənin məsuliyyətdən xilas edib. Çünki nə Ərəbistandakı cinayət işində, nə də ABŞ-ın sanksiyalarında vəliəhdin adı yoxdur. ABŞ Senatının bir qrup, daha dəqiqi 3 respublikaçı və 3 demokrat üzvü jurnalist Camal Qaşıqçı işi və Yəmən müharibəsinə görə Səudiyyə Ərəbistanı hökumətinə təzyiqləri nəzərdə tutan qanun layihəsi hazırlayıb. Qanun layihəsi Səudiyyə Ərəbistanın silah satışını məhdudlaşdırmaq, eləcə də Yəməni bombalayan Ərəbistan qırıcılarına yanacaq verilməsini qadağan edir. Qanun layihəsi eyni zamanda, üsyançı husilərə yardım edilməsi və Yəmənə yardımın qarşısını alanlara da sanksiya nəzərdə tutur.

ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü Bob Menendez Tramp administrasiyasının 17 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq etməsini yetərli addım hesab etmədiyini bildirib. Görünən odur ki, Türkiyə hakimiyyəti də Vaşinqton və ər-Riyadın son gedişindən narazıdır. Çünki xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Qaşıqçı işinin beynəlxalq istintaqın aparılması lazımdır.

Belə anlaşılır ki, Türkiyə hakimiyyəti beynəlxalq ictimai rəyin diqqətini hadisəyə cəlb etmək və Vaşinqtonla ər-Riyadın planlarını pozmaq üçün cinayətin beynəlxalq səviyyədə araşdırlmasını təklif edir. Lakin Vaşinqton və ər-Riyadın bununla razılaşması elə də real görünmür. Ehtimal ki, mövzunun bağlanması və bu mərhələdə Ərəbistan hakimiyyətinin, eləcə də onun ABŞ hakimiyyəti ilə dost olan vəliəhdini qorumağa çalışır. Çünki Trampın Yaxın Şərq planlarında ön sırada yer alan Məhəmməd bin Salmanın indiki mərhələdə vurulması bütövlükdə ər-Riyadda siyasi təlatüm yarada, mövcud siyasi situasiyanı dəyişə bilər. Bu isə indiki vəziyyətdə Vaşinqtonun maraqlarına cavab vermir.


Geri qayıt