Əsas Səhifə > Dünya > RUSİYALILAR BELQORODDAN QAÇIRLAR - Döyüşlər davam edir,

RUSİYALILAR BELQORODDAN QAÇIRLAR - Döyüşlər davam edir,


23-05-2023, 22:57

 

Belə görünür ki, ötən ilin fevralında Ukraynanın Kiyev və digər şəhərlərində yaşanan mənzərə bu gün Rusiya ərazisində baş verir. Günahsız ukraynalıların başına gələnlər isə indi Putin rejimini və Ukraynaya qarşı işğalçılıq müharibəsini dəstəkləyən rusiyalıların öz başına gəlir…

“AzPolitika.info” Ukrayna və Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd rayonlarından rusların böyük köçü müşahidə olunur. Yerli əhalinin ərazini öz avtomobillərilə tələm-tələsik tərk etdiyinə, yollarda böyük tıxaclar yarandığına dair sosial şəbəkələrdə və mətbuatda çoxsaylı videogörüntülər yayılıb.

Maraqlıdır ki, 2022-ci ilin fevralında Ukraynada baş verən dəhşətli işğal əməliyyatlarından, raket və aviasiya zərbələrindən fərqli olaraq, iki gündür ki, Belqorodda sadəcə, 100-ə yaxın üzvü olan diversiya qrupunun xüsusi əməliyyatı keçirilir. Belə bir kiçik əməliyyat kifayət edir ki, “qəhrəman rus ordusunu” və Putin rejimini dəstəkləyən kütlə pərən-pərən düşərək, baş götürüb qaçsın. Bu hadisənin özü Rusiya cəmiyyətinin motivasiyasının və mənəvi durumunun nə halda olduğunu ortaya qoymaqdadır…

Ancaq məsələ təkcə ukraynalıları bəyənməyən və onlara “ikinci sort” millət kimi baxan rusiyalıların qorxuya düşməsində deyil. Məsələ ondadır ki, Rusiya hakimiyyəti Belqorodda baş verən hadisələrin fonunda bir daha öz bacarıqsızlığını, zəifliyini, qeyri-adekvatlığnı nümayiş etdirməkdədir. İki gündür ki, azsaylı diversant qrupu 3-4 zirehli texnika vasitəsilə Belqorodun bir neçə kəndində istədiyini edir, sözün əsl mənasında yerli hakimiyyəti ələ keçirib, əhalini və yerli hüquq-mühafizə orqanlarını, sərhəd qoşunları qüvvələrini qarşısına qataraq, ora-bura qovur. Hətta burada Rusiya ordusuna aid bir vertolyot da vurulub. Kremlin isə ərazidə anti-terror əməliyyatı elan etməkdən başqa əlindən bir şey gəlmir.

Belqorod qubernatoru Vyaçeslav Qladkov yaşayış məntəqələrini tərk etmiş yerli əhalini hələ geri qayıtmamağa çağırıb və deyib ki, güc strukturları ərazinin diversantlardan təmizlənməsi istiqamətində əməliyyat aparırlar. O, bildirib ki, kəndlərin birində iki mülki şəxsin yaralandığına dair məlumatlar var, lakin “güc strukturları hələ ora çatmağa müvəffəq olmayıblar”. 

Elə qubernatorun bu etirafı vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu və Rusiyanın öz ərazilərini belə normal müdafiə etmək imkanında olmadığını ortaya qoyur.

Ümumiyyətlə, Ukraynanın rusiyalı könüllülərdən ibarət olduğunu iddia etdiyi diversiya qrupunun Belqorodda keçirdiyi əməliyyat son zamanlar Putin hakimiyyətinin ölkə daxilində reputasiyasına vurulan ən ciddi zərbələrdən biri hesab oluna bilər. Belə ki, Kreml qətiyyən operativ və adekvat hərək etmək imkanında olmadığını, daxilən çürüdüyünü və açıq-aşkar başını itirdiyini bir daha nümayiş etdirmiş oldu. İndi rusiyalılarda təbii olaraq belə bir fikir formalaşır ki, böyük Ukrayna ərzilərinə iddialı olan dövlət rəhbərliyi öz ərazisini və əhalisini belə normal qorumaq və ona nəzarət etmək gücünə və imkanına malik deyil…

 



Geri qayıt