“Rəis müavini işçiləri GİZLİ olaraq dinləyir” – SESASİON iddia

“Heavy Crane FZE” şirkətində nə baş verir?; Şirkət əməkdaşları maxinasiya faktlarını açıqlayır

Qəzetimizə “Heavy Crane FZE” şirkətinin bir qrup işçisi tərəfindən şikayət məktubu daxil olub. Məktub müəllifləri şirkətin rəis müavini Faiq Məmmədovun fəaliyyətindən narazılıq edirlər.

İçərisində mühəndislərin də olduğu şikayətçilər bildirirlər ki, F.Məmmədovun qanunsuz hərəkətlərindən bütün işçilər cana yığılıb: “Hara şikayət olunursa heç bir tədbir görülmür. Əksinə şikayət edən işsiz qalır. Bu yaxınlarda yeni binaya köçdük. Bir müddət sonra təsadüf nəticəsində aşkar etdik ki, bütün otaqlara gizli qurğu quraşdırılıb. Ofisin işçilərinin danışıqlarına qulaq asılır. Bu qurğuların naqilləri gedib Faiq Məmmədovun kabinetinə çıxdı. Bu, Faiq Məmmədovun çoxsaylı qanunsuz hərəkətlərinin cüzi biridir. O, qardaşını sürücü kimi işə götürüb. İllərdir filialın işçisi kimi əmək haqqı alır, pensiya fonduna vəsait yığır, lakin bir gün də işləməyib bu filialda. Faiq Məmmədov illərdir külli miqdarda işlənmiş sürtgü yağlarını çəlləklərə doldurub aparır öz istixanalarında yandırır. Halbuki sürtgü yağlarını təhvil verib azı yarısı miqdarında yenisini almaq mümkündür. Üç ədəd avtobusunu heç bir tender keçirilmədən mövcud qiymətlərdən qat-qat artıq qiymətə icarəyə götürüb”.

Məktub müəllifləri yazır və iddia edir ki, F.Məmmədov qeyd olunan işləri görmək üçün ali təhsili və iş təcrübəsi olmayan yaxın qohumlarını işə götürüb: “Onun qohumları ağlasığmaz dərəcədə yüksək əmək haqqı alırlar. Azərbaycanda nazir müavinləri heç bu qədər əmək haqqı almırlar. Bunların bir neçəsi, məsələn, Sadiqov Babək, sahə rəisidir.  Faiq Məmmədovun qardaşına hər ay tabel yazıb guya işlədiyini təsdiq edərək sənəd saxtakarlığı edir, sürtgü yağlarını ayda bir neçə dəfə sürücü Qasımov Qədirin idarə etdiyi maşınla F. Məmmədovun istixanalarına göndərir. Babəkin ali və ya orta ixtisas təhsili yoxdur. Bundan əvvəl iş təcrübəsi də olmayıb. Ondan yüksək vəzifəli işçilər avtobusla işə gəlib getdiyi halda ona xidməti maşın verilib. Piriyev Vahid, sahə rəisidir. Adı olub özü olmayan ehtiyat hissələrinin guya kranlara quraşdırıldığını aktlaşdıran birisidir. Ali və ya orta ixtisas təhsili yoxdur. Əvvəlki iş təcrübəsi də yoxdur. Necə deyərlər, orta məktəb skamyasından gəlib birbaşa. Ona da xidməti maşın verib Faiq Məmmədov. İsmayılov Toğrul, baş mütəxəssis. Bu “baş mütəxəssisin” hələ indiyə qədər nə isə bir iş gördüyünü, yarım vərəq üzərində nə isə yazıb və ya bir sxem çəkib ortaya qoyduğunu heç kim görməyib. Toğrulun nə özünə və nə də tutduğu vəzifəyə ehtiyac yoxdur. Bu vəzifəni Faiq Məmmədov onun üçün yaradıb. Nadir hallarda öz şəxsi maşını ilə işə gəlir, bir-iki saat oturub gedir. Şəxsi maşınını istifadə etdiyi üçün ayda 500 manat əlavə nəğd pul alır və bunun üçün nə vergiyə nə də sosial müdafiəyə pul ödəmir. Müəssisənin avtobusları isə yarı boş gəlib gedir”.

Qeyd edək ki, məktubda göstərilən faktlarla bağlı F.Məmmədov və “Heavy Crane FZE” şirkətinin də mövqeyini öyrənməyə çalışdıq. Şirkətdən telefonu qaldıran şəxs bizimlə əlaqə saxlanacağını söyləsə də, buna əməl olunmadı. Bununla belə, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Fikirlər