RABİTƏ NAZİRLİYİNDƏ KÖK SALAN MTN ÇETESİNDƏN RAMİN QULUZADƏYƏ ŞİKAYƏT OLUNDU

Rabitə nazirliyində kök salan MTN çetesindən Ramin Quluzadəyə şikayət olundu

Hörmətli nazir, Prezident cənab İlham Əliyev sizi bu vəzifəyə təyin edərək elə bil bu nazirliyi qara qüvvələrin əindən xilas etmişdir. Çünki əvvəllər bu postu tutan Əli Abbasovun yarıtmaz əməlləri ilə, daha dəqiqi isə, onun bir qrup keçmiş MTN generalları ilə əlbir olaraq törətdikləri cinayətlərlə bağlı məhkəmə prosesləri hələ də davam etdirilir.

Məlumat üçün bildirim ki, mənimlə eyni kənddən olan Anar Məhərrəm oğlu Məhərrəmov keçmiş MTN-nin Göygöl, Ağstafa rayon şöbələrinin rəisi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə və aldatma yolu ilə mənim ümumilikdə 200.000 ABŞ dolları məbləğindən çox əmlakımı və pullarımı mənimsəmişdir. Onun bu cinayət əməlləri barədə mən hüquq-mühafizə orqanlarına etdiyim müraciətlər əsasında hal-hazıra kimi araşdırmalar aparılır. Keçmiş “MTN-çi rəis” Anar Məhərrəmov və onun dəstə üzvləri göstərdiyim səbəbə görə mənə qarşı təxribatlar edərək bacardıqları qədər təsirlər göstərməklə, məni bu işlərdən yayındırmaq üçün dəridən-qabıqdan çıxırlar. Anar Məhərrəmov vəzifədə olarkən, rayonda-kəndimizdə müxtəlif sahələrdə işə qoydurduğu öz adamlarının və qohumlarının vasitəsi ilə haqq işimə əngəllər törətməyə çalışır və bəzən də buna nail olmuşdur. Mən isə dövlətin qanunlarının aliliyinə inandığım üçün sonacan bu mütəşəkkil dəstə ilə mübarizəmi davam etdircəm. Çünki, bu mübarizəni aparmağa mənim haqqım var və mənə güc verən vicdanımdır.

Mənim müraciətimin səbəbi aşağıdakılardır: göstərdiyim kimi, hüquq-mühafizə orqanlarına şikayətlərimizlə əlaqədar mənim və ailə üzvlərimə poçt vasitəsi ilə sənədlər yollanılır. Lakin, həmin sənədlərin bəziləri gec çatdırılır, bəziləri isə ümumiyyətlə bizə verilmirdi. Mən sənədləri yollamış olan dövlət orqanlarında təkrar olarkən, orada ünvanımıza yollanmış sənədlərin surətlərini mənə təqdim edirdilər. Bu səbəbə məndə şübhə yaranmışdı ki, mənim poçt sənədlərimə əngəl törədən Tovuz Poçt Filialının Düz Qırıqlı kənd ,6025 saylı poçt şöbəsinin poçtalyonu Süleymanov Elməddin Faxrəddin oğludur. O, “MTN-çi rəis” Anar Məhərrəmovun əmisi qızının həyat yoldaşıdır və Anar Məhərrəmov onu əvvəllər həmin poçt şöbəsinin rəisi vəzifəsinə düzəltmişdi. Lakin, 3 il qabaq poçtun pullarını mənimsəmək məqsədi ilə Elməddin Süleymanov özü başını divara vurub yaralamış və guya soyğunçuluq olması barədə polisə yalan məlumat vermişdi. Polisdə yalanın üstü açılanda, Anar Məhərrəmov məsələni ört-bastır etdirmişdir. Elməddini isə poçtalyon vəzifəsinə keçirmişlər.

Beləliklə, 27.03.2018-ci il tarixdə mən və həmkəndlim Əmrahov Xalidlə təsadüfən izləyib şahid olduq ki, poçtalyon Süleymanov Elməddin kənddə aviakassada satıcı işləyən – Anar Məhərrəmovun qaynı Vüsal Bağırovun maşınında onunla Tovuz rayonuna gedib gələn poçtu alıb, yenə kəndə qayıtdılar və Vüsalın evinə gedib az sonra yenə maşınla geri qayıdanda onları maşınla izlədiyimi görüb yollarını dəyişdilər, lakin mən onları izlədiyimi büruzə verdim və onlar başqa yolla poçta getmək üçün yenə istiqaməti dəyişdilər. Mən isə maşınımı poçt məntəqəsinin qarşısına sürüb dayandım. Başqa küçədən poçta gələn Vüsal Bağırov kənarda poçtalyon Elməddin Süleymanovu düşürüb getdi. O, isə məcbur olaraq poçta gəldi. Poçtun rəisi Fərid Hüseynovun otağında məlum oldu ki, həmin gün kəndə ancaq mənə poçtdan məktub gəlib. Özü də 3 ədəd.

Mənə gələn həmin 3 məktubu – prokurorluqdan və məhkəmədən gələn sənədləri poçtalyon Elməddin Süleymanov Bağırov Vüsalın evində açıb oxuyublar. Çünki, zərflərə baxanda aydınca görünürdü ki, açılıb-bağlanıb. Poçtun rəisi Fərid Hüseynova bildirdim ki, bu birinci dəfə deyil, mən bu barədə sizə əvvəllər məlumat vermişdim ki, 1 ilə yaxındır ki, mənə gələn məktublar yoxa çıxır, ya da açılıb oxunur. Nə üçün mənə gələn məktublar Anarın qaynı Vüsalın evində açılıb oxunur? Vüsalın marağı olmasa kassanı bağlayıb poçt dalınca getməz. Poçt rəisi isə poçtalyona bu sualı verəndə o qeyri-müəyyən bir cavab verib dedi ki, “Rəfail bizi bir yerdə görməməsi üçün Vüsal maşını başqa istiqamətə sürdü”. Rəis mənə söz verdi ki, poçtalyon barəsində tədbir görəcək.

Bundan əlavə olaraq bildirirəm ki, Anar Məhərrəmov, onun qaynı Vüsal Bağırov və əlaltısı Əli Rzayev barəsində mənim şikayətimə əsasən Şəmkir rayon məhkəməsində baxılan işdə aşkar olundu ki, mənim və həyat yoldaşım M.Məhərrəmovaya xəbərnamə ilə yollanmış “Məhkəmə bildirişləri”ni poçtalyon Elməddin Süleymanov bizə verməmiş, lakin 20.01.2018-ci ildə almağımız barədə kitaba özü imza etmişdir. Məhkəmə bu barədə Tovuz rayon Poçt şöbəsinə sorğu edəndə, təqdim olunmuş kitabdakı imzaların bizim olmadığı aşkar olundu. Həmin imzalanmış səhifənin fotoşəklini əlavə edirəm.

Hörmətli nazir, Keçmiş “MTN-çi rəis” Anar Məhərrəmovdan etmiş olduğum şikayətlərlə əlaqədar dövlət orqanlarından mənə yollanmış sənədlər Tovuz Poçt Filialının Düz Qırıqlı kənd 6025 saylı poçt şöbəsinin poçtalyonu Süleymanov Elməddin tərəfindən Anar Məhərrəmovun qaynı Bağırov Vüsalın evində açılıb yoxlanılır, oxunur, sonradan ya məhv edilib bizə verilmir, ya da vaxtından gec verilir. Çünki, son 8 ay ərzində Respublikanın Baş Prokurorluğundan, Ombudsmandan, Milli Məclisdən, Tovuz, Şəmkir rayonlarının prokurorluq, polis və məhkəmələrindən yollanmış sənədlərin bir çoxu mənə çatdırılmasa da, xəbərnamələrdə həmin sənədlərin mənə verildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.

Göstərdiklərimi nəzərə alaraq Qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini Sizdən xahiş edirəm.

Hörmətlə, Hümmətov Rəfail Talıb oğlu Tovuz rayonu, Düz Qırıqlı kəndi

365İNFO.ORG
 






Fikirlər