Rüstəm İbrahimbəyovun XƏYANƏT SSENARİSİNƏ müxalifətdən SƏRT TƏPKİLƏR

Ədalət Yusifov: “Bunu ”Azərbaycan xalqının kürəyinə saplanmış İbrahimbəyov xəncəri" adlandırmaq olar"; Tural Abbaslı: “Rüstəm İbrahimbəyov Azərbaycan türkü olduğu üçün kompleks yaşayır”

Rusiyada yaşayan Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun üzə çıxan xəyanətlərlə dolu “Qafqaz üçlüyü” filmi Azərbaycan ictimaiyyətini ayağa qaldırıb. Ən müxtəlif sahələrin öndə gedən simaları kinorejissoru sərt şəkildə tənqid edirlər. R.İbrahimbəyovun cəzalandırılması tələb olunur.

Yada salaq ki, filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər kimi təqdim olunub. Filmin rejissorları Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Təsadüfi deyil ki, filmdə gürcü aktyorlar yer alıblar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Filmdə Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Bununla yanaşı, “sənət əsərində” erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

Beş il öncə gündəmə bomba kimi düşən yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanından heç də fərqlənməyən “Qafqaz üçlüyü” filmi ilə R.İbrahimbəyovun ermənilərin dəyirmanına su tökdüyü göz önündədir. Milli Şuranın fəxri sədrinin bu xəyanəti qarşısında bu qurumun rəhbərliyinin hələ də susqun mövqe sərgiləməsi acı bir mənzərə yaradır. Hər gün canlı yayımları ilə facebooku zəbt edən AXCP lideri Əli Kərimli bu məsələyə hələ münasibət bildirməyib.

Milli Şura sədri Cəmil Həsənli isə modern.az-a açıqlamasında ikibaşlı danışıb: "“Qafqaz üçlüyü” filminə baxmamışam. Baxmadığım film haqqında necə danışım axı?"

Ədalət Yusifov ile ilgili görsel sonucu

Milli Şuranın üzvü Ədalət Yusifovun məsələ ilə bağlı mövqeyini ala bildik. Ədalət bəy kifayət qədər sərt reaksiya sərgilədi: “Filmə baxmamışam, amma filmin Ayaz Salayev tərəfindən verilmiş geniş təhlili ilə bağlı yazısını oxumuşam. Əgər doğrudan da filmin ssenarisi ictimai, siyasi, sosial və mənəvi baxımdan Ayaz bəyin təhlili yazısında göstərilən məzmundadırsa, onda bunu ”Azərbaycan xalqının kürəyinə saplanmış İbrahimbəyov xəncəri" adlandırmaq olar. Həmin təhlili yazıya görə filmə Salayevin verdiyi “Erməni bədbəxtliyinin səbəbi vəhşi azərbaycanlılardır” adı ilə barışmamaq mümkünsüzdür. Düşmən ermənini bütün parametrlərə görə bizim millətimizdən üstün ifadə etmək və siyasi düşmən olan Moskvanı bizlərə xilas ünvanı kimi sırımaq yalnız düşmən işi ola bilər. Bu filmdən ermənilərin əleyhimizə təbliğat vasitəsi kimi istifadə etmələrinə gəldikdə isə düşünürəm ki, o işi onlardan daha peşəkar şəkildə təqdim etmiş Rüstəm İbrahimbəyov var ikən buna ehtiyac qalmır. Təbii ki, ictimai, siyasi rəydə onun bu addımı Milli Şuranın adına ciddi xələl gətirir. Amma mənim bildiyim qədər bir müddət əvvəl İbrahimbəyov Milli Şuradan istefa verdiyi ilə bağlı bəyanatla çıxış edib. Onsuz da onun Milli Şuradakı statusundan asılı olmayaraq varlığı və ya yoxluğu arasında heç bir fərq olmayıb. Düşünürəm ki, Milli Şuranın rəhbərliyi onun sıralarımızdan istefası ilə bağlı bəyanatını nəzərə alaraq reallaşdırıb və İbrahimbəyov xəyanətinin kölgəsi Milli Şura üzərinə düşə bilməz".

Sabiq dövlət müşaviri Eldar Namazov vaxtilə bir qurumda təmsil olunduğu ssenaristin xəyanəti ilə bağlı modern.az-a açıqlama verib: “Rüstəm İbrahimbəyovun çəkdiyi ”Qafqaz üçlüyü" filminin geniş müzakirələrə səbəb olması barədə xəbərləri mən də oxudum.  Daha düzgünü o olardı ki, filmə baxıb fikrimizi bildirək. Filmə münasibət bildirməyim üçün mütləq ona baxmalıyam. Təbii ki, o zaman fikrimi bildirəcəm. Elə anlaşılmasın ki, məsələdən yayınmaq fikrindəyəm. Son 4-5 il ərzində Rüstəm İbrahimbəyovla ünsiyyətdə olmamışıq. Yalnız qardaşı Maqsud İbrahimbəyov rəhmətə gedəndə telefon açıb başsağlığı verdim".

ADP sədri Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında fərqli mövqe nümayiş etdirdi: “Filmə baxmadığım üçün kontekstdən çıxarılan fikirlərə münasibət bildirməyim çətindir. Amma gedənlər xəbərlərdəki kimidirsə, o zaman deyə bilərəm ki, bu filmi ”Daş yuxular"la eyniləşdirmək olmaz. Çünki roman 1905-1907-ci illər hadisələri ilə bağlıdır. Əsərdə belə təsəvvür yaranır ki, soyqırıma azərbaycanlılar məruz qalmayıb, əksinə, bu soyqırımı ediblər. Tarixi faktları təhrif etdiyini Əkrəm bəyin üzünə demişəm".

Amma S.Cəlaloğlu hesab edir ki, milləti qorxaq adlandırmaq heç də vətənə xəyanət deyil: “Dağlıq Qarabağ 30 ilə yaxındır ermənilərdədir. Azərbaycan tərəfi isə ərazilərini azad etmək üçün konkret addımlar atmır. Qorxu insanlara xas olan hissdir. Bu, normal bir psixoloji vəziyyətdir. Azərbaycanlılar isə rusların ermənilərin arxasında necə dayandıqlarını görüb qorxur və bu da başa düşüləndir. Bizdən çox-çox qabaq ermənilərin dünyada tanınmış yazıçısı romanında ermənilərin toyuqdan da qorxaq olduğunu bildirib. Bu o zaman deyilib ki, ermənilərin dövləti yox idi, nökər kimi işləyirdilər, başqa xalqlardan da qorxurdular.... İbrahimbəyovun Milli Şurasının Rusiya projesi olduğu barədə mən də tənqidi fikirlər çox söyləmişəm. Amma yaradıcılığa gələndə, ədalətli olmaq lazımdır”.

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, Rüstəm İbrahimbəyovun əməli təəccüblü gəlməməlidir: “Bu adam qeyri-adekvat və nə istədiyini bilməyən tipik avantüristin biridir. Belə xarakterli birindən də bundan artığını gözləmək olmazdı. Bu insanın Rusiyadakı mühitində  milli-mənəvi dəyərlərimizi özündə yaşadan bir nəfər yoxdursa, əksinə, ətrafındakıların hamısı rus, erməni, yəhudi cəmiyyətinin nümayəndələridirsə, film də belə olmalı idi. Çox əvvəldən bilirdim ki, Rüstəm İbrahimbəyov Azərbaycan türkü olduğu üçün kompleks yaşayır. Ona elə gəlir ki, bizim xalq onun kimi dahi şəxsə layiq deyil. Odur ki, həmişə həsədlə yanaşdığı digər millətlərin nümayəndələrinə xoş gəlmək, onlardan biri kimi görünmək üçün belə avantürist cəhdlər edir. Bilirsiniz ki, zamanında qardaş Türkiyədə yazıçı Orxan Pamuk öz millətini hədəf alan bir roman yazdı. Bu romanın yazılması Qərb dairələrinin maraqlarına tam uyğun olduğu üçün Orxan Pamuk onlar tərəfindən ”mükafatlandırılaraq“ Nobel mükafatı ilə təltif olundu. Bu nümunə bir çox digər ölkələrdə olduğu kimi Azərbaycanda da qısa yolla dünyada məşhurlaşmaq istəyini qabartdı. Xatırlayırsınızsa, eyni avantüraya yazıçı Əkrəm Əylisli də əl atmışdı. Yəqin indi də Rüstəm müəllim belə bir cəhd etmək niyyətində olub.

Onlar üçün öz xalqlarının qəhrəmanı olmaq lazım deyil. 2013-cü ildə biz Milli Şura olaraq İbrahimbəyovun namizədliyini dəstəklədikdən bir müddət sonra onun bir-birini təkzib edən bəyanatları, yersiz siyasi çıxışları, uğursuz bəzi addımları məndə onun haqqında neqativ düşüncə formalaşdırmışdı. O zaman mən bu narahatlıqlarımı qapalı iclaslarda səsləndirdim. Şəxsən mən belə birinin namizədliyinin dəstəklənməsini özümüzün səhvi hesab edirəm. Zatən seçkidən həmən sonra mənim və o zaman təmsil olunduğum partiyanın Milli Şuradan ayrılmasının səbəblərindən biri və ən başlıcası da Rüstəm İbrahimbəyovun bu quruma fəxri sədr seçilməsi ideyası idi. Bu baxımdan bizim vicdanımız daha rahatdır. Düşünürəm ki, bu gün Milli Şurada təmsil olunan partiya və təşkilatlar da bu məsələyə münasibət bildirməlidir. Biz müxalifət olaraq hakimiyyətə qarşı ola, onların fəaliyyətini tənqid edə, onların iqtidardan getməsi üçün də mübarizə apara bilərik, ancaq ümummilli məsələlərdə mövqeyimiz qəti olmalıdır. Dövlətçiliyin iqtidarı-müxalifəti olmaz. Hökumət dövlət səviyyəsində bu avantüraya cavab verməli, beynəlxalq aləmdə azərbaycanlılar barədə neqativ rəyin yaranmaması və reallıqların olduğu kimi çatdırılması üçün əməli fəaliyyət göstərməlidir. Onun tərəfdarı deyiləm ki, Rüstəm İbrahimbəyov barədə o dəqiqə cinayət işi açılıb, beynəlxalq axtarışa verilərək ondan əzabkeş qəhrəman obrazı yaradılmalıdır. Hər şeyə cavab adekvat verilməlidir. Bu təxribat incəsənət, film vasitəsilə edilibsə, cavab da eyni metodla olmalıdır. Əminəm ki, İbrahimbəyovun bu avantürasına cavab verə biləcək daha gözəl ssenarilər yazaraq, daha gözəl film çəkə biləcək kifayət qədər milli təəssübkeşli kadrlar var. Sadəcə olaraq, dövlət olaraq bu işlərin təşkilinə start verməliyik”.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev facebookda paylaşdığı statusda R.İbrahimbəyova sərt sözlər yazıb: “İbrahimbəyov prezidentlik eşqinə düşməsinin səbəbi barədə danışanda demişdim ki, bunun davası qarın davasıdır. Əks halda, nədən qəflətən xalq yadına düşdü, YAP-ın qüsurlarını görməyə başladı? Müxalifətə simpatiyası İlham Əliyevdən qisas almaq, sahibi Putinin əlinə oynamaq istəyindən yaranmışdı.  O dövrdə az adamlardan idim ki, İbrahimbəyovun, bütövlükdə Milli Şuranın üzərinə gedirdim. Çətin idi. Amma bilirdim ki, Putinin planına ayaq vermək olmaz. O proje baş tutmadı. Nəyə təəccüb edirik ki? Öz mədəsi üçün yaşayan, obyektlərini işə salmaq üçün başqasının aləti olmağa müntəzirin, ölkəni təslim etməkdən ötrü əldən gedən birisinin belə ssenarisinə nədən təəccüb edirik? Əlbəttə ki, onu vasitə kimi başına çıxaran müxalifət kəsiminin də günahı az deyil. Bir sözlə, İbrahimbəyov nümunəsi bir daha göstərir ki, kosmopolitizm təhlükəli ünsürdür. Belələrinə səlahiyyət vermək olmaz”.






Fikirlər