Biznesmen ƏHMƏDOV Göyçayda Nikolaydan qalmış məktəb binasını YENİDƏN TİKDİRƏCƏK...

Azərbaycan əsilli rusiyalı iş adamı, milyarder Fərhad Əhmədov Göyçayın Potu kəndində 1905-ci ilə aid yarıuçuq tikilidə yerləşən orta məktəblə bağlı yazdıqlarımıza reaksiya verib.

Biznesmenin Bakı ofisindən virtualaz.org-a verilən məlumata görə F.Əhmədov acınacaqlı vəziyyətdə olan Potu kənd tam orta məktəbinin binasının yerində yeni məktəb binasının tikintisi üçün vəsait ayırmağa hazırdır.

260 şagirdin təhsil aldığı bu məktəb haqda saytımız iki gün əvvəl yazmışdı. Yerli sakinlərin redaksiyamıza təqdim etdiyi fotolara əsasən Potu kəndinin Əfqanıstan müharibəsində xüsusi igidlik göstərib həlak olmuş sakini Mübariz Məmmədovun adını daşıyan tam orta məktəbi iki “korpusdan” ibarətdir. Bu “korpuslardan” biri 1905-ci ildə-çar II Nikolayın dövründə tikilmiş, hazırda heç tövlə kimi də işə yaramayan yarıuçuq daxmada yerləşir. İkinci “korpus” isə nisbətən təzədir-sovet dövründə, 1977-ci ildə tikilmiş birmərtəbəli binadır. Hazırda isə tam yararsız vəziyyətdədir, döşmələri çürüyüb, bütün divarları çat verib, uçuq-sökükdür və hər an uça bilər.

 

Biznesmenin ofisindən bildiriblər ki, F.Əhmədov bu məktəb haqda oxuyan kimi məsələnin araşdırılmasını öz əməkdaşlarına tapşırıb və Potu kəndində yeni məktəb binasının inşasını maliyyələşdirəcəyini bildirib.

Xatırladaq ki, Fərhad Əhmədovun başı hazırda London məhkəməsinin onun keçmiş arvadı Tatyana Əhmədovanın iddiası əsasında çıxardığı qalmaqallı boşanma və təzminat qərarı ilə bağlı qalmaqala qarışıb. Biznesmen aktivlərinin ingilis hüquq sisteminin əli ilə qəsb olunmasının qarşısını almağa çalışır. Buna baxmayaraq o, Azərbaycanda xeyriyyəçilik fəaliyyətini  də dayandırmayıb və doğulduğu Göyçay rayonunda yararsız məktəb binasının yenilənməsinə qərar verib.

F.Əhmədov bundan əvvəl də Göyçay rayonunda bir sıra sosial layihələri maliyyələşdirib. Ötən il Çöyçay şəhərindəki 4 saylı, 500 yerlik tam orta məktəb onun ayırdığı vəsait hesabına əsaslı təmir edilərək məktəblilərin ixtiyarına verilib. Habelə biznesmen Göyçayda 7 saylı orta məktəbin və uşaq bağçasının təmirini də maliyyələşdirib. Göyçay şəhər stadionu da Əhmədovun vəsaiti hesabına əsaslı təmir edilib.

F.Əhmədov Göyçayda fəaliyyət göstərən “Aznar” QSC-nin sahibir və onun Azərbaycanda xeyriyyəçilik fəaliyyətinə hər il milyonlarla manat vəsait xərclədiyi məlumdur.

 

 






Fikirlər