HARIN MƏMUR ÖVLADLARI İLƏ BAĞLI AÇIQLAMA – Yeniləndi (VİDEO)

 

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda sözügedən sujetlə bağlı BDYPİ-də araşdırma aparılır:

“Videodan da göründüyü kimi, bu olduqca köhnə bir materialdır. Sujetlə bağlı artıq xəbərimiz var və onunla bağlı araşdırma aparılır. Təəssüflər olsun ki, sujetdə heç nə görünmür və bilinmir. İlkin versiya bundan ibarətdir ki, kadırlar olduqca köhnədir. Sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. İnsanların üzünü belə müəyyənləşdirmək olmur. Bütün bunlara baxmayaraq araşdırma davam edir”.

Vaqif Əsədov bildirib ki, araşdırma nəticə verərsə sözügedən gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək.

***

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.

Çox bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.

Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.

Gənclərin şəxsiyyəti barədə heç bir məlumat yoxdur, lakin bildirilir ki, bunlar öz dostlarının toyunda bu cür əylənmək fikrinə düşmüş məmur balalarıdır.

Yeri gəlmişkən, yol polisi əməkdaşlarının baş verənlərə müdaxilə etməməsi və yol hərəkəti qaydalarının bu cür kobud şəkildə pozulmasının qarşısını almaması da həmin versiyanı yalnız təsdiq edir.(Virtualaz.org)

 






Fikirlər