“Heç kəs ONKOLOJİ XƏSTƏLİKDƏN sığortalanmayıb” – doktor Azad Kərimli

Azad Kərimli: “Biz köhnə binada işləyəndə ildə 350-360 cərrahiyyə əməliyyatı edərdik, amma indi il ərzində 4 mindən artıq cərrahiyyə əməliyyatı icra edirik”

Bu günlərdə mediada onkoloji xəstəliklərlə bağlı qorxunc statistika açıqlandı.

Milyonlarla insanın qarşıdakı illərdə onkoloji xəstəliyə düçar olacağı və Azərbaycanda da bu dəhşətli mərəzə yoluxanların sayının getdikcə artması Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə söhbətimizi zəruri elədi. Azad həkimlə söhbətimizdə vətəndaşlarımızı maraqlandıran digər suallara da aydınlıq gətirməyə çalışdıq.

(əvvəli burada)

- Ölkəmizdə qeydiyyatda 45 min xəstənin olması ilə bağlı rəqəm real görünürmü? Bəlkə insanlar özləri xəstəliyindən xəbərsizdir, yaxud müalicə olunmaq imkanları yoxdur deyə, statistikadan kənarda qalıblar?

- 45 756 nəfər rəsmi, sırf statistik rəqəmdir. İnsanlar var, Türkiyə, İran, Almaniya, İsrailə müalicəyə gedir. Bunların da sayı olsun 20 min. 45 min + 20 min = 65. Digər ölkələrə nisbətdə yenə azdır. Mən 2-3 il əvvəl Krımda oldum. Orada 2 milyon əhaliyə 50 min qeydiyyatda olan onkoloji xəstə var. Çeçenistanda 1 milyon əhali var, 17 min xəstə qeydiyyatdadır. Bizdə maşallah, 10 milyon əhalidir, 45 min xəstə var. Harada çoxdur? Görürəm ki, sizdə də inam yoxdur. Mənə maraqlıdır, niyə inanmırıq ki, bizdə bu xəstəliyə yoluxanlar azdır?..

- Adətən deyirlər onkoloji xəstələrin sağalmasında inam amili də mühüm rol oynayır. Bu, doğrudurmu?

- Ümumiyyətlə, onkologiya sahəsi təbabətin digər sahələrindən xeyli fərqlidir. Burada yaxşı onkoloq olmaqla yanaşı, həm yaxşı psixoloq və deantologiyanın bilicisi olmaq lazımdır. Camaat arasında elə xof yaradıblar ki, onkoloji xəstə oldunsa, həyat bitdi. Yox, heç də həyat bitmədi. Camaatı inandırmaq lazımdır. Xəstənin özünün əziyyəti, psixoloji vəziyyəti bir tərəfə, onun yaxınlarının, qohumlarının keçirdiyi stress də bir yandan. Bu da məlumatsızlıqdan əmələ gəlir. Vallah, biz istəmirik kimsə xəstələnsin. İntəhası bu xəstəlik var da, qaçılmazdır. Amma bu, o demək deyil ki, xəstəliyin inkişaf səbəbi məlum olmadığı üçün həyatın sonudur. Yox! Müalicəsi var, özü də effektlidir.

- Azad həkim, amma Ümumdünya Səhiyyə Təşkilatının proqnozu vahiməlidir. Məlumata görə, 2020-ci ilədək xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir. 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq. Bəs bu barədə nə deyə bilərsiniz? Ola bilərmi ki, bu, gizli müharibənin nəticəsidir, yaxud əslində müalicə üsulları var, tətbiq etmirlər?

- Mən onu deyə bilmərəm axı. Bir dəfə jurnalist soruşdu ki, deyirlər bu, bakterioloji silahdır. Bu, mümkün olan şey deyil. Nə bakterioloji silah? Camaat arasında şayiə yayırlar. Xəstəliyi siyasiləşdirmək olmaz. Bu, xəstəlikdir, özü də təbiətin xəstəliyi. Gəlin baxaq, qazıntılar vaxtı dinozavrların sümüklərində şiş xəstəlikləri aşkarlanıb. Neçə milyon il əvvəl yaşayıblar e. Onda hansı bakterioloji silahdan söhbət gedir?

- Yəqin siz də eşidirsiniz, Milli Onkoloji Mərkəzlə bağlı müxtəlif fikirlər səslənir. Səslənən tənqidlərlə əlaqədar, insanlarda ölkəmizdəki mərkəzə, buradakı həkimlərə inam yaratmaq baxımından nə deyə bilərsiniz?

- Allah ümummilli liderimizə rəhmət eləsin. Moskvada Ümumrusiya Onkoloji Mərkəzi var. O vaxt eynilə o mərkəzdən burada tikdirmək istəyirdi. Ancaq Moskvaya vəzifəyə təyin olundu, sonra siyasi hadisələr baş verdi, məsələ qaldı. Ancaq nəhayət, o arzunu sağ olsun, bizim prezidentimiz həyata keçirdi, Milli Onkoloji Mərkəz tikildi, başa çatdırıldı. 2009-cu il, sentyabrın 17-də Cərrahiyyə korpusunun açılışını elədi. Açılış olan gündən indiyədək həmin təmizlik qorunub-saxlanılır, eyni iş prinsipi bu gün də davam edir. Təmizlik, xəstə üçün yaradılmış şərait, savadlı kadrlar... Biz köhnə binada işləyəndə ildə 350-360 cərrahiyyə əməliyyatı eləyərdik. Amma indi il ərzində 4 mindən artıq cərrahiyyə əməliyyatı icra edirik. Qabaq xəstələrimiz də orada-burada müalicələr alırdılar, amma indi sırf mərkəzləşmiş qaydada müalicə olunurlar. Özü də biz onlara cavab verməmək qabiliyyətindəyik.

Xəstənin müalicəsinin taktikasını seçməkdən ötrü üç həkimin rəyi lazımdır: cərrah, kimyaterapevt və şüa həkimi. Bu üç həkimin rəyindən sonra müalicə taktikası seçilir. Bu gün biz Avropa, Amerika protokollarına uyğun olaraq işimizi qurmuşuq. Yəni eyni müalicə taktikası orada da var, bizdə də. Hətta bizim avadanlıqlar onların avadanlıqlarından qat-qat müasirdir. Bizdə şüa terapiyasında istifadə olunan bütün avadanlıqlar dünyanın ən aparıcı tibbi texnologiyalar şirkəti olan  “Varyan” şirkətinindir. ABŞ istehsalıdır. Bizim ölkəyə elə yaxın bölgələr var ki, orda yoxdur. İranın özündə bu gün deyirlər ki, şüa terapiyasını almaqdan ötrü Bakıya getmək lazımdır.

Bundan əlavə, əgər pis olsaydı, bu gün Milli Onkologiya Mərkəzi dünyanın ən aparıcı tibbi klinikaları ilə istər elmi, istərsə də praktik mübadilələr aparmazdı. ABŞ-da “Anderson” deyilən böyük xəstəxana var, biz onlarla elmi-praktik mübadilələr aparırıq. Onlar dəfələrlə gəlib baxdılar, işin prinsipini nəzərdən keçirdilər, ondan sonra belə qərara gəldilər ki, Azərbaycan Milli Onkoloji Mərkəzlə bu müqavilələri bağlamaq olar. Biz bu gün onlarla birgə elmi araşdırmalar aparırıq. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru özü gəldi, Milli Onkoloji Mərkəzi ziyarət etdi. Əgər bu, pis olsaydı, o, bura gələrdi? Açığını deyim ki, bura gələn hamı buradan razı gedir. Bu vaxta kimi bizim yeganə çatışmayan klinikamız Uşaq Onkologiyası idi. Onu da sağ olsun rəhbərlik, yaratdı, bu gün işləyir. Azərbaycanda bu qədər dövlətli var, Allah hamısını var eləsin, Allah dövlətlərini bundan da artıq eləsin! Amma qardaş, nə olar axı, gəlib o uşaqları ziyarət edəndə?

azad doktor1.jpg (115 KB)

“Həmin gecə Milli Onkologiya Mərkəzində işığın sönməyi hiss olunmadı, bütün kondisionerlər işlədi, lift dayanmadı, cərrahiyyə əməliyyatı elədik”

- Yəni indiyə qədər belə hal olmayıb?

- Olub. Çox az saylı insanlar, təşkilatlar tərəfindən. Amma Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ayda bir dəfə, elə vaxt olur ki, ayda üç dəfə gəlir, o uşaqları ziyarət edir. Orada müalicə olunan uşaqdır, xəstəliyini bilmir, amma orada ən çox əziyyət çəkən valideynlər, babalar, nənələrdir. Axı onlar da görəndə ki, diqqətdən kənarda qalıblar, istər-istəməz ruh düşkünlüyünə düçar olurlar. Leyla xanım həmişə gəlib soruşur, “nə var-nə yox, necəsiniz”, müalicənin gedişatı ilə maraqlanır, bizim özümüzlə maraqlanır, nələr var, nələr çatışmır? Şükür Allaha, hər şey var. Müayinə və müalicə də dövlət hesabınadır. Bizə onkoloji preparatlar hamısı xaricdən gəlir. Müəyyən gecikmələr olur, uzaq yoldur, təyyarədir. Amma hökm deyil ki, gərək məhz o dərmandan istifadə edəsən, onun sinonimi var. Yəni ehtiyatımız üzülmür. Avadanlıqlardır, şükür Allaha, hamısı var gücü ilə işləyir.

Amma axı bizə  təkcə onkoloji xəstələr müraciət etmir. Digər xəstələr də müraciət edir. Əsas gücümüz də onlara gedir, heç kəsi geri qaytarmaq da mümkün deyil. Gəlir, deyir aparatlarınız təzədir, mən burada yoxlanmaq istəyirəm. İnsanıq, onu geri qaytara bilmərik axı. Birincisi, ölkə rəhbərliyi sağ olsun! Akademik Cəmil Əliyev sağ olsun! Hər yerdə rəhbər var, amma idarəçilik, təşkilatçılıq başqa şeydir. Qurub-yaratmaq və idarə edib qorumaq, bunlar tamam başqa şeylərdir. Bunu bacarmaq lazımdır. Məhz Cəmil müəllimin bu bacarığının nəticəsində Azərbaycanın milli onkologiyasında inkişaf var. Onkologiya həmişə olub, amma bu səviyyədə olmayıb. İstər kadrlar, istər tibbi avadanlıqlar sahəsində. Bu gün bizdə olmayan şey yoxdur, hər bir şəraitimiz var və bütün xəstələri qəbul etmək gücündəyik.    

- Bəs generatorunuz necə, varmı? Prezident Mingəçevirdəki qəza ilə bağlı iclasda səhiyyə obyektlərinin generatorlarla təchizatı barədə də göstəriş verdi. Milli Onkoloji Mərkəz həmin qaranlıq saatlardan necə çıxdı?

- Siz inanın, həmin gün Milli Onkologiya Mərkəzində işığın sönməyi hiss olunmadı. İşığın sönməyi ilə generatorun işə düşməyi bir oldu, orada saniyə söhbəti oldu. Həmin gecə də, ondan səhərki gecə də biz burada olduq, həyət stadion kimi idi, korpusların üstündəki projektorlar hamısı səhərə qədər yandı. Bütün kondisionerlər işlədi, lift dayanmadı. O gecə cərrahiyyə əməliyyatı elədik. İşığın söndüyünü hiss etmək mümkün deyildi, bütün generatorlarımız işlədi. Bizim gecə növbətçisi olan texniklərimiz, elektrik mühəndislərimiz, santexniklərimiz var. Yəni bütün texniki heyətə lazım olan sahələrin mütəxəssisləri növbə çəkirlər. Bir kran xarab oldu, harasa su axdı, dərhal təmir edib, yoluna qoyurlar. Yoxsa “qalsın, sabah edərik” desək, buradakı normal vəziyyəti qoruyub-saxlamaq mümkün olmaz. Bu şəraiti yaradan hər kəs sağ olsun! Camaat da sağ olsun!

- Azad həkim, 2019-cu ildən ölkədə icbari tibbi sığortaya keçiləcəyi bildirilir. Deyə bilərikmi ki, bu sistemə keçilsə, insanların müayinəyə marağı da artacaq, indiki kimi laqeydlik olmayacaq?

- Əvvəl-axır bu sığorta sisteminə keçilməlidir. İndi pilot layihələr icra olunur. Gec-tez ölkəboyu bu sistemə keçəcəyik. Ancaq əgər bir insanın canında varsa, ona sığorta lazım deyil. Mən demirəm ki, ancaq onkoloji müayinə olsun. Biz bölgələrdə profilaktik baxış aparırıq. Görürük ki, ağciyərin vərəmi çıxdı. Daha biz o xəstəni başlı-başına buraxmırıq, bütün məlumatlarını yerli baş həkimə veririk ki, xəstəni çağırın, müalicəyə cəlb edin!  

- Xəstələrə, ümumən əhaliyə başqa demək istədikləriniz varmı?

- Demək istəyirəm ki, buranın öz qaydaları var. Məsələn, xəstələrin yanına hansı saatdan sonra gəlmək olar, yaxud hansı meyvələr, yeməklər olar, hansılar olmaz. Özü də yazılıb, vurulub, onu oxumağa əziyyət çəkirlər. Odur ki, bizim ən ağrılı yerimiz camaatla belə işlərə görə mübarizə aparmaqdır. Yaxud xəstələrlə görüşə 17.00-dan 20.00-dək icazə verilir. Bir də görürsən ki, saat 13-14-də durub gəlib. Gəlir, başlayır dava eləməyə. Niyə dava edirsən? Sən istəyirsən xəstən sağalsın, tez getsin? Bu qaydalara riayət elə də. Bunlar hamısı əsas amildir, gigiyena qaydaları, təmizliyə riayət, daxili infeksiyanın olmaması. Bunların hamısı xəstələrin özləri üçündür. Amma deyəndə başlayırlar dava eləməyə. Nə edəsən, hamı eyni düşüncədə deyil. Allah qoysa, bunlar hamısı düzələcək. Mən sonda camaatımıza cansağlığı arzulayıram. Vallah, biz arzulamırıq ki, kimsə xəstələnsin. Amma heç kəs bu xəstəlikdən sığortalanmayıb. Ona görə də əgər vaxtlı-vaxtında gəlib müayinə olunsalar, həm özləri, həm ailələri arxayın olar. İnsan bunu həm özü, həm doğmaları, həm də cəmiyyət üçün etməlidir. Bu gün Azərbaycanda qadının süd vəzisi xərçənginə yoluxmağa ixtiyarı yoxdur. Axı nə var ildə bir dəfə gəlib mamaqrafiya müayinəsindən keçməyə? Niyə belə laqeydlik edirsiniz? Bir qadının süd vəzisi xərçəngi ilə xəstə olması bütün ailənin psixoloji cəhətdən sınması deməkdir. Övladları, həyat yoldaşı, valideynləri, qohumları, özü əziyyət çəkir. Bax, bu, nəyə lazımdır? Məsələn, onkoloji xəstə var, işinə də gedir, istirahətini də edir, ailənin qayğılarını da həyata keçirir. Çünki belə adamlar öz sağlamlığına qarşı laqeyd deyil.






Fikirlər