Cahangir Hacıyevin yeni məhkəməsi - 100 min səhifəlik cinayət işi, 100 milyon dollarlıq MƏNİMSƏMƏ

Beynəlxalq Bankın sabiq sədrinin 25 nəfərlə birgə yeni məhkəməsi başlayır; təqsirləndirilənlər sırasında Eldar Mahmudovun yaxın adamı da var

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev və daha 25 nəfərin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

“Report”un məlumatına görə, sabiq bank rəhbəri hazırda cinayət materialları ilə tanış olur. Digər 25 nəfər isə artıq cinayət materialları ilə tanış olub.

C.Hacıyevin tanışlıq mərhələsi yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı  Ağır Cinayətlər Məhkəməsinə  göndəriləcək.

Məlumata görə, C.Hacıyev bu dəfə də mənimsəmədə təqsirli bilinir və onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərə görə, C.Hacıyevə yeni ittiham  bankın Moskva filialındakı yeyintilərlə bağlıdır. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. C.Hacıyevin vəkili Aqil Layıcov hələ bir müddət əvvəl mediaya açıqlamasında məsələyə belə münasibət bildirib: “İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrünü?”

 

Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır.

E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər. Güman etmək olar ki, məhkəməsi başlayacaq şəxslər sırasında onların da adı var. Bu məhkəmə prosesində sabiq bankirin qudası E.Mahmudovun adının da gündəmə gələcəyi istisna deyil.

Əminə Hacıyeva ile ilgili görsel sonucu

Ötən ayın sonu həbsdəki bankirin bacısı Əminə Hacıyeva  mediada yayılmış müraciətində başlayacaq yeni məhkəmə ilə bağlı bəzi açıqlamalar vermişdi. Bacısının sözlərindən belə anlaşılırdı ki, C.Hacıyev Bakı İstintaq Təcridxanasına köçürülüb.

Çünki qanunun tələblərinə görə, yeni cinayət işi açıldığı halda təqsirləndirilən şəxs adətən iş materialları ilə tanış olmaq üçün istintaq təcridxanasına köçürülür. Bacısı iddia etmişdi ki, C.Hacıyev haqqındakı 360 cildlik, 100 min səhifədən çox cinayət işi ilə tanış olmaq üçün kifayət qədər vaxt istəyir, amma istintaq orqanı razılaşmır: “Təsəvvür edin, 360 cildlik iş, hər cilddə də 300 səhifə var. Bunu bir neçə günə bitirmək mümkündürmü?”

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

Yeni məhkəmə hazırlığı C.Hacıyev üçün çox pis bir vaxta təsadüf edir. Neçə gündür ki, təkcə Azərbaycanda deyil, Rusiya və Britaniya mətbuatında onun xanımının dəbdəbəli həyatından heyrətamiz məqalələr yazılır.  Zamirə Hacıyevanın 22.5 milyon funt sterlinq dəyərində iki mülkünə həbs qoyunlandan sonra onun dəbdəbəli həyatı müzakirə mövzusudur. Rusiyanın newsru.com saytı ingilisdilli nəşrlərə istinadən yazır ki, təkcə 2006-2008-ci illərdə, yəni ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə çoxsaylı kredit kartlarından, o cümlədən ərinin bankının buraxdığı 35 “American Express”, “Mastercard” və “Visa” kartları ilə 16.3 milyon sterlinq pul xərcləyib. Bu pulların 1500 funtu bir gündə “Harrods” univermağında xərclənib, Zamirə bu univermağın daimi müştərisi olub.

Habelə məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Zamirə “Cartier” və “Boucheron” brendlərindən olan zinət əşyalarına, Londonda elit mülklərə, habelə “Gulfstream 550" tipli özəl təyyarəyə malikdir. “Yeni Müsavat”

  

 






Fikirlər