“ONLARIN İŞİ ANCAQ SƏRVƏT TOPLAMAQDIR?” – “5-ci kOLON” yenə AKTİVLƏŞİB”

 

qudret-hasanquliyev-3-11527760413“Şükürlər olsun ki, Azərbaycanın böyük dövlətlərin güclərini sınadığı poliqona çevrilməsinə imkan verməməşik. Burada xarici güclərə işləyən “5-ci kolon” həmişə olub. Onları zaman-zaman aktivləşdirməklə Azərbaycan dövlətinə təzyiq edirlər. Yenə də aktivləşdiriliblər”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “teleqraf.com” saytına müsahibəsində deyib.

Partiya sədri Azərbaycanda “5-ci kolon”un fəallaşması haqda suala cavabında bu barədə danışıb. Qüdrət Həsənquliyev deyib ki, ölkəmiz strateji əhəmiyyətli bir coğrafiyada yerləşdiyi üçün böyük dövlətlərin burada maraqları həmişə toqquşub:“Son vaxtlar Azərbaycanın daha da güclənməsinə yol açan iqtisadi islahatlar və Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Qarabağın işğaldan azad olunması üçün imkanların yaranması ermənipərəst qüvvələri təşvişə salıb. Onlar rəsmi Bakını qorxudub bütün təşəbbüslərə son qoyulmasını istəyirlər. Daxildə də heç kimə sirr deyil ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var. Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir”.

Millət vəkili fikrini belə əsaslandırıb: “Kimlər hədəf seçilir – Prezident və onun ailəsi, Prezidenti ölkədə sabitliyin təminatçısı kimi görüb onu qorumaqla Azərbaycanı qoruduqlarını düşünən insanlar. Elçibəy iqtidarında da belə iddialılar var idi. Elçibəy devriləndən sonra aqibətlərinin necə olduğunu hamımız gördük. Əslində dövlət orqanları da, ictimaiyyət də bir az diqqətli olsa, belələrinin kimliyini dərhal müəyyən edə bilər. Bəzən elə hadisələr baş verir ki, düşünürsən, yəqin söyüşçülər dəstəsi bu fürsəti buraxmaz, amma sonra tam bir sükut müşahidə edirsən. Sanki heç nə baş verməyib. Fikir versəniz görərsiniz ki, nə həmin yüksək vəzifəli səxslər, nə onların yüksək vəzifələrə təyin etdiyi qohumları və övladları Prezidentin təhqir olunmasına heç bir reaksiya vermirlər. Sanki onların işi ancaq sərvət toplamaqdır. Prezidenti müdafiə etmək isə yalnız Əli Həsənova, bir neçə deputata və jurnalistlərə aid məsələdir.

Amma kimsə onları təhqir etməyib, bir balaca fəaliyyətlərinə və ya fəaliyyətsizliklərinə işıq salsa, qulbeçələri həmin adamı dövləti cinayətlərdə ittiham edər, imkanları olsa, quldarlıq dövründə olduğu kimi çarmıxa çəkib yol kənarındakı elektrik dirəklərindən asarlar. Təsadüfi deyil ki, YAP-ın aparıcı şəxslərindən olan Siyavuş Novruzov Milli Məclisin son iclaslarından birində çıxış edərək dedi ki, “biz o səviyyəyə düşmək istəmirik, deyib, yaxanızı kənara çəkdiyiniz bəsdir, mövqeyinizi bildirin”. Amma nə dəyişdi? Heç nə”






Fikirlər