Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - BƏS BİZ NƏYİ GÖZLƏYİRİK?

 

Hər şey öz yerini tutur, sular axır, çuxurunu tapır. Ölkə mətbuatının məlum nəşrləri, saytları 9 aydır ki, Azərbaycan vətəndaşlarını az qala hər gün Ermənistan üzərində virtual qələbələrlə təbrik edir, lap yaxın günlərədək Putinin Paşinyanı çıxılmaz vəziyyətdə qoyacağını, hətta ermənilərin Qarabağdan qaçdığını da yazır. Bu işdə siyasi naşılıq və xüsusi tapşırıq  bir tərəfə, 25 ildir ümidlə yaşayan qaçqının, məcburi köçkünün sadəlövh hislərinə toxundular. Təəssüf ki, onların hissləri də, ümidləri də öz çuxurunu tapan suya düşdü. Qonşuya umudlu olan işıqsız qalar.
 
Paşinyan 9 ay ərzində qarşısına qoyduğu bütün siyasi planlarını həyata keçirdi. Parlament seçkilərində gözlənildiyi kimi qalib gəldi və baş nazir seçildi.
İlk olaraq Paşinyanı Rusiya prezidenti Vladimir Putin təbrik etdi və təbrikində - “rus-erməni müttəfiqliyinin, ŞÜBHƏSİZ, iki qardaş xalqın maraqlarına cavab verdiyini” vurğuladı. Bu müttəfiqliyin “şübhəsizliyinə” bəzilərindən fərqli olaraq biz də şübhə etmirdik və yazılanların situasiyanın real şərhindən çox tapşırıq verənin istəyinə uyğun olduğunu da hiss edirdik. Təbrikin bir protokol qaydası olduğunu irad bildirənlər, elə isə nədən parlament seçkilərindən sonra Putinin Paşinyanı təbrik etməməsini Azərbaycanın qələbəsi kimi təqdim edirdiniz? 
 
“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, nəticəsi heç kəsdə şübhə doğurmayan baş nazir seçkisi başa çatan kimi, jurnalistlər qarşısında Belarus prezidenti Aleksandr Lukaşenkonun səbrsizliklə Paşinyandan İrəvana dəvət edilməsini gözlədiyini açıqladı. Məlumdur ki, Tsarukyanın Belarusda geniş biznes şəbəkəsi var və şəxsən Lukaşenkonun dostudur. Yeri gəlmişkən, Lukaşenko da Paşinyana dünən təbrik teleqramı göndərib. 
Bir daha sübut olundu ki, bunlar fikirləşdiyimiz o məxluqlardan deyillər ki, bir-biri ilə boğuşanda yolçunun-yəni bizim işimiz rast düşəydi, bu, bir-birinin ayağını tapdalamayan məxluqlardır və həmişə bizə ağız atıblar, qopardıqlarını-torpağımızı qoparda biliblər. Biz bunu ilk gündən - “məxməri inqilab”baş tutandan yazırıq.
 
Bütün bunları ona görə vurğulayırıq ki, kimlərinsə gözlədiyi qeyri-adi heç nə baş vermədi, inqilablardan qorxan Rusiya “məxməri”dən sadəcə əndişələndi və tezliklə də, vəziyyəti elə erməninin əli ilə yoluna qoydu. 
Qarabağ cəbhəsində son 9 ayda olduğu qədər sakitlik olmayıb. Bunun əsas təşəbbüsçüsü Azərbaycan tərəfi olub və müəyyən dərəcədə doğru siyasət idi, çünki Ermənistandakı hakimiyyət çevrilişi mahiyyətcə demokratik xarakterlidir və hər hansı döyüş əməliyyatının başlanması, onsuz da pis olan beynəlxalq imicimizi bir xeyli də pisləşdirərdi. Artıq Paşinyan legitim baş nazirdir. Hadisələr necə inkişaf etməlidir? Qarabağ məsələsində Azərbaycan yenə də sakit dayanacaq? 25 il ərzində apardığı və heç bir müsbət nəticəyə nail ola bilmədiyi siyasəti davam etdirəcək? Yanvarın 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə görüşəcəklər. Bu görüşdən sonra çox ehtimal ki, ənənəvi ”danışıqların davam etdirilməsi haqqında razılığa gəlindi” - bəyanatı səslənəcək və 25 il əvvəlki bəyanatlardan heç nə ilə fərqlənməyəcək. Ermənistan 25 ildir torpağı güzəşt etməyəcəyini, yalnız Dağlıq Qarabağın müstəqilliyi tanındığı halda belə bir güzəşt haqqında fikirləşəcəyini (?) deyir. Azərbaycan da razı olmur (baxmayaraq ki, 1999-2000-ci illərdə Azərbaycanın problemin həllinə məhz bu cür təhlükəli qərar verəcəyinə hazırlaşdığı barədə son günlər rəsmi şəxslər tərəfindən xəbərlər yayıldı). Nə etməli?
   
Uzaq-yaxın tarixdən yox, hal-hazırda Suriyada gedən müharibədə danışıqlar bir nəticə veribmi? Suriyada kim güclüdür, o da şərtini söyləyir. Alma-ata danışıqları havadan asılı qalıb. Ümumiyyətlə, o yerdə ki, torpaq məsələsi var, orda tarixən sülh danışıqları keçmir. Aprel döyüşlərini yada salaq. Əvvəllər nəzarət edə bilmədiyimiz neçə hektarsa ərazi düşməndən danışıqlar vasitəsi ilə deyil, məhz hərbi yolla alınıb. Nümunə çoxdur.
Bu gün Suriya xarabalıqlarını görüb dəhşətə gələnlər, Azərbaycanda sabitliyin qorunması naminə Qarabağda  hərbi əməliyyatlardan çəkinməni təbliğ edənlər, Rusiyanın Cənubi Qafqazda yaratdığı erməni dövlətinin əli ilə Qarabağın hələ ötən əsrdən xarabalığa çevirdiyini bilmirlər ki? 
 
İndiyədək problemin sülh yolu ilə həlli ön planda olub. Nəticəsi üçüncü on illikdir ki, yoxdur. Deməli, ön plana hərbi müstəvini qoymaq lazımdır. Hərbi yolla həlldən çəkinmək lazım deyil. Torpağı işğal altında olan dövlət, millət, nəhayət Qarabağ əhalisi buna hazır olmalıdır.
 
Qarabağ problemindən danışanda, xüsusilə son vaxtlar tez-tez Qarabağ camaatına iradlar tutulur: niyə torpaqlarını azad etmirlər, niyə tələb etmirlər, yalnız kommunal güzəştlər və qan pulu tələb edirlər və bu qəbildən bir xeyli iradlar. Tam haqlı olmasalar da, həqiqət payının da olduğunu etiraf etmək lazımdır. Birinci Qarabağ müharibəsinin ağırlığının əsas hissəsini daşıyan Qarabağ camaatı canlı qüvvəsi ilə yanaşı torpağını, doğma diyarını, bir sözlə vətənini itirib. Qarabağın 17 rayonu, bir milyondan çox əhalisi var. Az qala BMT üzvü olan bəzi ölkələrdən ərazi və əhali cəhətdən böyükdür. Dövlət sabah Qarabağın işğaldan azad edilməsi prosesinə başlasa ilk növbədə bu potensial qabaqda olmağa, nümunə göstərməyə hazırdır. Bu, bir yazıda deyilən söz deyil, bu dağlı, aranlı Bütöv Qarabağ əhalisinin, icmasının (yaranması hələ rəsmiləşməsə də) mövqeyidir. 
 
İlham İsmayıl
Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant






Fikirlər