Keçmiş döyüşçüdən Sürət Hüseynova şok ittihamlar: “AĞDƏRƏNİ O VERİB”

Əminliklə deyirəm ki, Ağdərə əməliyyatındakı uğursuzluğun səbəbkarı Sürət Hüseynovdur. Nəcməddin Sadıkov briqada komandiri olsa da həmin əməliyyatlarda əsgər kimi, əsgərlərlə çiyin-çiyinə döyüşüb”.

Bunu Hit.Az-a açıqlamasında ehtiyatda olan zabit Şahin Əliyev bildirib.

O deyib ki, N.Sadıkovun Ağdərə əməliyyatındakı fəaliyyəti haqqında yalan danışanlar xarici dövlətlərdən maliyyələşən və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik olmasını istəməyən insanlardır. 

Ş.Əliyevin sözlərinə görə, Ağdərə əməliyyatına hazırda Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov rəhbərlik edib: “Yadımdadır, biz o vaxt Talış kəndindən başlayaraq irəlilədik və Ağdərə rayonunu tamamilə azad etdik. Nəcməddin Sadıkov bütün əməliyyatları peşəkar səviyyədə uğurla aparıb. Hazırda orduda xidmət etmirəm, ehtiyata buraxılmışam. Yəni fikirləşməyin ki, kiminsə mövqeyini qorumağa çalışıram. Mən gördüklərimə əsasən əminliklə deyirəm ki, Nəcməddin Sadıkov bu Vətənə, dövlətə - dövlətçiliyə sadiq generaldır. Bu gün sosial şəbəkələrdə general haqqında yalan danışanlar “beşinci kolonun” adamlarıdır və belə işlərə görə xaricdən qrant alırlar. Elə insanların dediklərinə əhəmiyyət vermək lazım deyil”.

Ehtiyatda olan hərbçi vurğulayıb ki, Azərbaycanda birinci motoatıcı briqadanı N.Sadıkov yaradıb: “O, 703 saylı briqadanın təsisçisi və komandiri olub. Həmin vaxt Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyev də bizimlə döyüşürdü. Biz 1992-ci ildə əməliyyat planı hazırlayaraq Ağdərəni düşməndən azad etdik. Ağdərə alınandan sonra rayonu 709 saylı briqadaya təhvil verib Vəngə qədər irəlilədik. O vaxtı Ağdərəni yenidən düşmənə vermək istəyəndə biz geri qayıdıb bunun qarşısını aldıq. Təsəvvür edin, Ağdərə 3 dəfə verilib, alınıb. Dəqiqliklə deyirəm, 1994-cü il aprelin 25-dən sonra Ağdərəni Sürət Hüseynov verdi. Bundan sonra isə erməni işğalçıları Talışa qədər irəlilədi. Aprelin 25-dən mayın 10-a kimi Tapqaraqoyunlu döyüşlərinə mən rəhbərlik eləmişəm. Tabor komandiri idim, ermənilərin birinci alayını darmadağın etdik. Hadisələr gözümün qabağında olub, bütün uğursuzluqların səbəbkarı Sürət Hüseynovdur. Bunu onsuz da hamı bilir, Ağdamı da 1993-cü ildə o, verib. Bu haqda efirdə də çoxsaylı süjetlər gedib. Həmin dövrdə Tərtərin icra başçısı Sərdar Həmidov və Sürət Hüseynov Nəcməddin Sadıkova hücum elədilər ki,  “imkan vermirsən ki, biz öz bildiyimizi edək”. N.Sadıkov isə israrla “siz bildiyiniz kimi etsək, sonu uçuruma gedəcək. Ağdərəni bir dəfə verdiniz, qaytardıq. İndi yenə vermək istəyirsiniz?” deyirdi. Bu mübahisəni demək olar ki, şəxsi heyətin yarısı görüb. Vətənini, dövlətini sevən bir adam gördüyünü hökmən deməyə borcludur. Bütün bu hadisələr Ağdərədə olub. Sürət Hüseynovun dəstəsi düşmənə qarşı hazırlanan əməliyyat planlarını pozmaqdan, azad etdiyimiz əraziləri yenidən ermənilərə verməkdən başqa heç bir iş görməyib”.

Ş.Əliyev ehtiyatda olan zabit Abil Babaoğlunu Ağdərə döyüşləri barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edib: “Bu gün bir-birimizlə düşmənçilik edirik. Ehtiyatda olan zabit Abil Babaoğlu sosial şəbəkələrə çıxıb deyir ki, “Sarısu”da Bakı taborunun komandiri olmuşam. Yalan deyir, Ağdərənin azad olunması ilə bağlı bütün əməliyyatları Nəcməddin Sadıkov hazırlayıb.

Ağdərə əməliyyatında rayona Xanlar rayonu istiqamətindən Saleh, Sarısudan goranboylu Milli Qəhrəman Mamed Həsənov, Qaraçinardan biz girdik. Tarixi sənədlər var, kim istəsə baxa bilər.
O vaxt bizim komandir Rasim Əkbərov idi. Əvvəl keçmiş Şaumyan rayonu işğaldan azad olundu, sonra Gülüstan, Talış kəndləri və Ağdərə rayonu. Hamısının əməliyyat xəritələri var, kim istəsə baxa bilər. Onda görəcəksiniz ki, əməliyyat planı, xəritə kimin qolu ilə təsdiq olunub. İndi hamı özündən bir yalan uydurub deyir ki, bunu Nəcməddin Sadıkov elədi, onu Nəcməddin Sadıkov elədi. Hamısı yalandır. Onlar istəmirlər ki, bizim ordumuz güclənsin. Bunların hamısı Azərbaycan Ordusuna qarşı təxribatdır”. 

Ş.Əliyev Ağdərə döyüşlərində iştirak edən keçmiş hərbçilərə də müraciət edib: “O vaxtın döyüşçüləri, hadisə şahidləri bu məsələlər haqqında doğru məlumat verməyə borcludurlar. Onlarsa sosial şəbəkələrə çıxıb yalan fikirlər səsləndirirlər, insanlarda çaşqınlıq yaradırlar. Necə ola bilər ki, torpaqlarımızın işğalında ömürlük həbs cəzası alan, sonra əfv olunan bir qiyamçı yox, Nəcməddin Sadıkovu təqsirkar olur? Gözümlə görmüşəm ki, Sadıkov etiraz edəndə onu təkləyirdilər ki, sən bizim işimizə qarışma. 

Bu gün böyükdən kiçiyə hər kəs bilir ki, qan tökərək aldığımız torpaqlarımızı düşmənə verən Sürət Hüseynovdur. Dövlət çevrilişə cəhd edən şəxsin silahlı dəstələri haqqında necə xoş danışmaq olar ki?! Abil Babaoğlu deyir ki, Nəcməddin Sadıkov filan işləri görüb. Axı Abil Babaoğlu 1994-cü ilin oktyabrını necə unuda bilər?”.

Ş.Əliyev bəzi insanların sosial şəbəkələrdə qarayaxma kampaniyası apardıqlarını söyləyib: “Onlar düşünürlər ki, 90-cı illərdir və nə istəyirlərsə edə biləcəklər. Bunlar Əli Kərimlinin adamlarıdır, ölkədən qaçıb xaricdə gizlənənlərdir. Bir il hakimiyyətdə olanda Azərbaycan üçün nə etdilər? Ölkədə qardaş qırğınının səbəbkarı oldular. Gəncə əməliyyatına da mən rəhbərlik etmişəm. Ona görə o vaxt ölkədə olan bütün hərbi-siyasi prosesləri ətraflı və dəqiq danışa bilirəm.

Sürət Hüseynovun qanunsuz yaratdığı silahlı dəstələr Gəncədə yerləşirdi. Onun göstərişi ilə Gəncə şəhər İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına, dövlət əhəmiyyətli obyektlərə silahlı basqın elədilər. Bunu da Nəcmədin Sadıkov edib?! Sürət Hüseynov  başqa rayonlarda qırğın törətmək istəyirdi, lakin alınmadı. Bütün bu proseslər bizim gözümüzün qarşısında olub, hamı bilir”. 

Qeyd edək ki, sosial şəbəkənin birində Ağdərə əməliyyatı haqqında özünü o vaxtı 2-ci Bakı batalyonun komandiri vəzifəsində xidmət etmiş kimi təqdim edən Abil Babaoğlunun videoçarxı yayılıb. O, əməliyyatların uğursuz olmasını Azərbaycan Ordusunda zirehli texnikanın və ümumi komandanlığın olmaması ilə əlaqələndirib. Eyni zamanda, hazırda Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun fəaliyyəti haqqında tənqidi fikirlər səsləndirib. Keçmiş hərbçi çıxışında, “Nəcməddin Sadıkov haradansa zirehli texnikanı gətirə bilərdi...” kimi ifadələr işlədib.  

A.Babaoğlunun zəhmətini yerə vurmamaq şərti ilə ona xatırladırıq ki, hərbi sistemdə hər bir vəzifə üzrə səlahiyyət nizamnamə ilə tənzimlənir və “haradansa gətirə bilərdi” kimi ifadələr daha çox onun subyektiv yanaşmasına oxşayır. Eyni zamanda, yüksək vəzifəli istənilən dövlət məmurunun fəaliyyətini müvafiq dövlət orqanları, Silahlı Qüvvələrlə əlaqəli isə Prezident, Ali Baş Komandan özü qiymətləndirir.






Fikirlər