SOCAR-IN KOMPLEKS QAZMA İŞLƏRİ TRESTİNDƏ İŞÇİLƏRƏ QANUNSUZ ƏRİZƏ YAZDIRILIR...

SOCAR-ın Qazma İşləri Trestində baş verən bir ciddi qanunsuzluqla bağlı Neftçilərin Hüquqlarını Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı maraqlı açıqlama ilə çıxış edib.

M.Qəhrəmanlı yazır: «Bu məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyac duyulur. Verilən məlumata görə SOCAR Kompleks Qazma İşləri Tresti (KQİT) Türkiyə ərazisində Suriya ilə sərhəd olan  Batman şəhərində qazma işləri (TRAO layihəsi) aparacaq. Bununla əlaqadar trestin bir qrup işçisi layihəyə cəlb olunub. Həmin işçilərə bildirilib ki, alacaqları əmək haqqı Azərbaycandakından 500-600 man aşağı olacaq və ezamiyyə xərcləri ödənilməyəcək. Layihədə iştirak edəcək hər bir işçi SOCAR KQİT rəisi Elnur Süleymanova iki ərizə  ilə müraciət etməlidir.

1.İşçi şəxsi işləri ilə əlaqadar ödənişsiz məzuniyyət götürür;

2.Türkiyə Cümhuriyyəti ərazisində aparılacaq qazma işlərində (TRAO layihəsində) iştirak üçün icazə istəyir.

İşçilərin bizə verdiyi məlumat düzdürsə, bu KQİT rəhbərliyi tərəfindən ölkənin əmək qanunvericiliyinin aşağıda qeyd olunan maddələri pozulmuş olur:

- ARƏM Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ: İşçiyə ödənişsiz məzuniyyət hüququ yalnız bu hallarda verilə bilər.

Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

-İşçiyə ezamiyyət xərcləri ödənilməlidir:

Xarici olkələrdə ezamiyyətdə olduğu muddətdə işciyə ezamiyyət xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən muəyyən edilən xarici olkələrə ezamiyyə xərclərinin 1 gunluk normasına uyğun olaraq odənilir. Təşkilatlar xarici ezamiyyə xərclərini, bu məqsəd ucun nəzərdə tutulmuş vəsaitləri movcud qanunvericiliyə uyğun olaraq muvafiq xarici valyutaya cevirməklə odəyirlər».

Azərbaycanlı işçilərin xarici ölkədə işləməsi ilə əlaqədar əmək haqqı artırılmalı və ezamiyyə qaydalarında göstərilən qaydada əlavə əmək haqqları da ödənilməlidir. Ən azından müvəqqəti olsa da bu işçilər öz əsas iş yerlərindən kənarda və xarici ölkədə fəaliyyət göstərməyə məcburdurlar. Düşünürük ki bu sənədləşmə işləri müvafiq qaydada aparılmır və müvafiq qurumlar tərəfindən araşdırılmasına ehtiyac duyulur.

Layihə üzrə SOCAR məsul şəxsləri üçün Xatırlatma: «ARƏM. Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət:

İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar».

***

Məsələ ilə bağlı hələki SOCAR rəhbərliyindən və ya aidiyyəti qurumlardan münasibət yoxdur. Amma M.Qəhrəmanlının qaldırdığı məsələ olduqca ciddidir və ölkə qanunlarının ciddi şəkildə pozulmasıdır.

A.Məmmədli(tezadlar.az)






Fikirlər