Qarabağda növbəti savaş ritorikasını qızışdıran kimdir?.. -Sabiq baş diplomat cavablandırır...

Qarabağda növbəti savaş ritorikasını qızışdıran kimdir?..-Sabiq baş diplomat cavablandırır...

"...Hamı bilir ki, Qarabağ və Şərqi Zəngəzurdakı Rusiya hərbi kontingenti və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun bölgədəki gücündən qat-qat zəifdirlər. Lakin..."
 

 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla Moderator.az üçün növbəti qısa telefon söhbətimizdə bölgədə genişmiqyaslı hərbi əməliyyatların bərpasının hansı gücə, dövlətə sərf etməsi haqda danışdıq.
-Tofiq müəllim, son həftələr atəşkəsin həm  Ermənistanla sərhəddə, həm də Qarabağ və Şərqi Zəngəzurdakı təmas xətlərində mütəmadi olaraq erməni birləşmələri tərəfindən pozulması da onu göstərir ki, nə Moskva, nə onun dəstəklədiyi İrəvandakı revanşist, işğalçı və irqçi xislətli qüvvələr sülh sazişinin imzalanmasına və qalan torpaqlarımızın da birbaşa dövlətimizin nəzarətinə keçməsinə imkan vermək istəmirlər. Bəs belə olan halda hazırda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun qalan hissəsini hərbi yolla  öz yurisdiksiyasına qaytarması üçün şərait yetişibmi?
 
- Ümumiyyətlə, deyilən işləri görmək üçün şərait yetişib. Amma bunu sırf  hərbi yolla həll etməkdən söhbət getmir. Düzdü, hamı bilir ki, Qarabağ və Şərqi Zəngəzurdakı Rusiya hərbi kontingenti və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun bölgədəki gücündən qat-qat zəifdirlər. Lakin məsələ ondadır ki, biz problemi hərbi güclə həll etsək, qarşı tərəf bizdən qisası, başqa -siyasi istiqamətdə də ala bilər. Məsələn, ermənilər yenə dünyaya haray sala
bilərlər ki, ay aman,  qoymayın, Azərbaycan bizi qırdı... Fransa Senatı, yaxud elə Rusiya Duması hansısa bədnam qətnamə və ya ABŞ Dövlət Departamenti sanksiya qəbul edəcək və s. və i.a.  Yəni hesab edirəm ki, hələlik həm ermənilərə, həm də Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinə qarşı öncəki söhbətlərimizdə  dediyim o nisbətən yumşaq, rasional metoddan istifadə etmək lazımdır. Əgər nəticə verməsə, sonra  baxarıq. Baxaq görək, Ukrayna savaşında hadisələr necə inkişaf edəcək...
 
- Sizcə, İlham Əliyevin Brüssel danışıqlarından imtina etməsi Azərbaycan tərəfinin savaş yolu seçməsi deməkdir?
 
- Xeyr. Bu, onu göstərir ki, Azərbaycan təzyiq dilini qəbul etmir. Fransa “mənəm-mənəm” deyərək həm vasitəçilik edir, həm də öz daxili siyasətində  bu və  ya digər şəkildə ermənipərsət mövqe sərgiləyir.  Prezident də buna cavab verdi ki, yox, biz təzyiq və təhdidləri qəbul etmirik.  Və  hesab edirəm ki, düz elədi. Onsuz da -  Brüsseldi, Vaşinqtondu, Moskvadı –hamısı istənilən  halda bu mövzuya qayıdacaqlar. Və onlar öz  mövqelərində  dəyişiklik etdikdən sonra  biz məsələyə baxmağa hazır olacağıq...
 
- Bəs onda bu savaş ritorikasını qızışdıran kimdir? Bölgədə genişmiqyaslı hərbi əməliyyatların bərpası hansı gücə, dövlətə sərf edir; Rusiyaya, Avropaya, yoxsa elə Ermənistana, yaxud İrana?..
 
- Zənnimcə, bu, heç bir tərəfə sərf etmir.  Çünki Rusiya o durumda deyil ki, Cənubi Qafqazdakı növbəti müharibədən, yəni hərbi əməliyyatların bərpasından uduş əldə edə bilsin. Fransanın bu bölgədə heç bir hərbi imkanı yoxdur. İranı götürsək,  onun öz daxili problemləri özünə bəs edir. Bəlkə də Ermənistana, Paşinyana Qarabağın tam şəkildə Azərbaycanın rəsmi nəzarətinə qaytarılmasıyla nəticələnəcək savaş o mənada sərf edə bilər ki,  Qarabağ prolemindən birdəfəlik qurtulsun. Amma sonra deyəcək ki, bəs hərbi əməliyyatların başlanmasının günahı Azərbaycandadır, özü də Qarabağda soyqırım törədib... 
 
Sultan Laçın






Fikirlər