NİYƏ Gürcüstanda 5, BİZdə isə 27 MANATdır?

 


Niyazi Mehdi

90-cı illərdə piramida prinsipində «Vahid» bankın sayəsində biz asan pullar qazanmaq, daha doğrusu qazandırıb aldatmaq fırıldağanı görmüşdük. Sonralar bu prinsipindən banklar yox, bəzi adamlar istifadə etdi.

Elə həmin illərdə Hikmət Hacızadə piramida fırıldaqlarına aldanmamaq üçün ağıllı söz dedi: “Əgər nəsə tez və çox qazanmaqla şirnikdirirsə, deməli, kələkdir”. 

Azərbaycanda iri bizneslə məşğul olanların hamısı monopoliya və “tapış” prinsipi üzündən tezcə və böyük faizdə qazanc götürmək ideyası ilə korlanıblar. Hamı əziyyətli və xırda faizlə qazanmağı qazanmaq saymır. Almaniyada olanda oğlum Ştefandan kafelərin, lokantaların qazancını soruşanda başa saldı ki, onlar çox qazana bilməz, sadəcə, yaxşı dolanışığa çatan qazancları ola bilər.

İndiki iqtisadi həyatımızda dövlətin siyasəti hamıda asan və tezəcə “qaz vurub, qazan doldurmaq” mərəzini öldürməlidir. O yolla yox ki, vergi və başqa repressiv vasitələrlə adamları sıxsın. Ən birinci bizim oliqarxlar tez və asan qazanmaq rejimi ilə vidalaşmalıdırlar. 

Bu söylədiyimə bir məsələ də aiddir. Tiflisdə mənim «Tripliksam» adlı təzyiq dərmanım 3-4 ay bundan qabaq, təxminən, Bakıdakı kimi idi, bizim pulla 16-17 manat. İndi o bizdə 26-27 manat olub. Onlarda isə təxminən 5 manatdır. Bu dərmanı gürcülər də dollarla alıb gətirirlər, bizimkilər də. Ancaq bizdə «Tripliksam» indi 26-27 manata qaldırıblarsa, deməli, bizdə dərman şirkətləri daha çox qazanmaq istəyirlər, gürcülərsə az qazancla yetərlənirlər. Gürcü gömrüyü də mallardan pul götürür, bizimkilər də. Monopoliya olanda gömrükdə pul daha çox alınırdı. Bəs monopoliya yoxdursa? Onda bizim biznesmenlərin vəziyyəti gürcülərinki ilə bərabərləşməldidir. Bərabərləşibsə, nədən dərmanlar, meyvələr, taksi, klinika və s., Gürcüstanda bizdən xeyli ucuzdur?! İndi yaxşı olar Gürcüstandan tikinti materiallarının, dərmanların, meyvələrin qiymtlərini götürüb bizimkilərlə tutuşduraq. Əgər fərq «Trpliksam» dərmanındakı fərq qədərdirsə, deməli, monopoliya bizdə qalır və tez qazanmaq mərəzi də qalır. Qəzetlərdə, saytlarda yabançı ölkələrdən dollarla alınan malların bizdə, Gürcüstanda, İranda hansı qiymətə satılması verilsə, monopoliyanın yox olub-olmamsı, gücdən salınıb-salınmaması haqqında demoqoqiya yox, gerçək arqumentlər ortaya çıxar. 

Bir məsələ var, biz onu da bilirik. Hətta monopoliya aradan getsə, ölkəyə mal daşıyanların çox qazanmaq hərisliyinin bir bəhanəsi qalacaq. Deyəcəklər, əgər xidmətlər, evə, işə gərəkən mallar bahadırsa, mənim xərcim çox çıxacaq. Qoy kafelər, avtomobil servisi, tibb qurumları Gürcüstandakı kimi olsun, mən də bananı Gürcüstandakı qiymətə sataram. Bu bəhanəyə cavab tapılmalıdır. Bəzi malları monopoliyadakı şişmiş qiymətlərə qalxmağa alıcılıq qabiliyyətinin aşağı düşməsi qoymayacaq. Bu, olacaq bazarın öz mexanizmi. Kartofun, soğanın, unun və s., dəyəri yapon dominosu prinsipi ilə alıcılıq qabiliyyətinin basqısı altında bir-birini aşağı salsa, maşın düzəldən də, həkim də məcbur olacaq qiymətləri aşağı salsın. Ancaq bu dediyim proses, yəni domino prinsipində bir-birini qiymətdə çox yuxarı qalxmağa qoymayan proses nəzəriyyədə belə hamar görünür. Gerçəkdə prosesin hamar getməsinə bir-çox əngəllər var. Polisin, məhkəmənin korrupsiyası, milli mentalitetdən gələn asan və çox qazanmaq hərisliyi və s. Ona görə iqtisadçılar, jurnalistlər nələrin əngəl olmasını araşdırıb dövlətə tövsiyələr verməlidirlər.

Ancaq Allah göstərməsin, Tarif Şurası benzinin, qazın, elektrikin qiymətlərini qaldırsa, qıraqdan mal gətirənlərin bəhanəsi bəhanə yox, doğru-düzgün söz olacaq! O zaman yıxıla-yıxıla bir-birini yıxmaqla naxışlar cızan yapon dominosu bazarda tam işə düşəcək. Kartof satan qiyməti artıracaq ki, benzin pulu artıb, kartof daşıyan artıracaq ki, benzin də bahadır, evə kartof almaq da bahadır. Bizdə bu axmaq sonsuzluq prinsipində bir-birinə bəhanə olan qiymətlər zənciri qırılmalıdır. 






Fikirlər