“KONTAKT HOME”UN UCUZ QİYMƏT TƏLƏSİ – MÜŞTƏRİLƏR BELƏ ALDADILIR

“Kontakt Home”un ucuz qiymət tələsi – Müştərilər belə aldadılır

Kontakt Home”dan mal alan müştərilərin böyük əksəriyyəti yolunu mütləq servisdən salmalı olur.

Burada ucuz qiymətə və yaxşı şərtlərlə telefonlar satılır. Qiymətin ucuzluğu və şərtlər müştəriləri cəlb edir və bu an insanlar tələyə düşmüş olur.

Yazdıqlarımız nə iddiadır nə də xəyal məhsulu.. Nizami metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə getmək kifayət edir ki, müştərilərin başına gələnləri öz gözlərinlə görəsən.

Servisə daxil olub, çek götürüb gözləmə zalında əyləşirik. Gözləmə zalı doludur, gözləməkdən aşağıda siqaret çəkənlər, gəzişənlər də az deyil. Əsəblərsə tarıma çəkilib. Hər kəs “Kontakt Home”dan telefon aldığı üçün peşmandır. Çünki telefonlar yararsızdır. Şikayətlər isə müxtəlifdir. Müştərilər donma, ekranın qaralması və şarjda partlamaya qədər müxtəlif şikayətlərlə buraya üz tuturlar.

Mikayıl adlı şikayətçi ilə söhbət edirik, deyir, telefon şarjda olarkən partlayıb:

“Bu uşağın əlində partlasa necə olacaqdı? “Hoffmann” markalı telefondur. Yarım saatdır ki, servisdə oturmuşam. Nə edirlər, bilmirəm”.

Artıq üçüncü dəfədir ki, “Kontakt Home”un servisinə gəldiyini deyən şikayətçi, bildirib ki, daha əvvəl də telefonu donduğu üçün burada olub:

“Gətirdim burada proqram yazdılar, düzəldi. Sonra ekranı işləmədi. Axırıncı dəfə isə uşaq telefonu şarja qoyanda bir də baxdıq ki, telefon partlayıb. Ucuz olduğu üçün gedib alırıq, hamısı keyfiyyətsiz mallardır. Açığı heç “Kontakt Home”un bahalı mallarında da vəziyyət eynidir”.

Operatorlara yaxınlaşan hər kəsin demək olar ki, əsəbləri tarıma çəkilir. Aldıqları əşyaların xarab olması bir yandan əsəb gətirir, servisdə işlərin ləng aparılması bir yandan.

Rafiq adlı gənc deyir, 20 gün sonra 2 ayı tamam olur ki, telefon servisdədir:

“LG Q6″ markalı telefonu 800 manata kreditə götürmüşəm. Artıq telefona yox, verdiyim 800 manata yanıram. Telefon mənim əlimdə olmayandan sonra niyə görə kredit ödəməliyəm, bilmirəm. Ayda 40 manat pul ödəyirəm. Dekabr ayında telefonu kreditə götürmüşəm, mart ayının 2-dən servisdədir. Telefonu şarja qoymuşdum, gördüm işləmir. 2 gün sonra gətirdim buraya. Əvvəl dedilər ki, 14 gün ərzində düzəldib verəcəklər. Artıq 2 aya yaxındır ki, bura boş-boşuna gəlib gedirəm”.

Ümumiyyətlə, servisə aldıqları telefonların təmir etdirmək üçün gələnlər hamısı malların keyfiyyəsiz olduğundan şikayətçidir. “Kontakt Home”un məhsullarının keyfiyyətsiz olması bir dərtdir, “Qızıl qarantiya” isə əsl oyudur.

Rafiq bildirir ki, “Qızıl qarantiya” ilə telefon almışam, telefon təmirdə olduğu üçün işlətmək üçün başqa telefon verməlidirlər, ancaq süründürməçiliklə məşğuldurlar:

“Deyirlər ki, başqa telefon verə bilmərik, servisdən ərizə gəlməlidir. Hər gün burada demək olar dava düşür. İnsanları aldadırlar, əsəbləri ilə oynayırlar. Satdıqları xarab mallardır, servisləri də demək olar ki, işləmir”.

Gözləmə zalında söhbət edən zaman qarşı tərəfdə oturan qadın cəmi 2 operatorun işlədiyi üçün əsəbləşir. Nəzarətçiyə tələb edir ki, digər operatorları da çağırın gəlib işləsinlər. Hər yerdə olduğu kimi, burada da “narahat olmayın xanım, həll etməyə çalışacağıq”, deyərək, narazı müşətəriləri sakitləşdirməyə çalışır.

Digər şikayətçilərdən fərqli olaraq Mustafayeva Nəzakət qohumun qarşısında biabır olduğunu deyir. Belə ki, ona qohumu LG telefonu hədiyyə edib, ancaq bilməyib ki, telefon kreditədir. Telefon işləmədikdə “Kontakt Home”un servisinə gətirib və beləcə, özü ilə birlikdə qohumunu da hər dəfə buraya gətirməli olur:

“Hamı şikayətçi idi, gördünüz? 25 gündür telefonu mənə hədiyyə ediblər, artıq üçüncü dəfədir ki, buraya gəlirəm. Məndən şəxsiyyət vəsiqəsinin üzünü istəyirlər. Burada işləyənləri başa sala bilmirəm ki, mənə telefon hədiyyə edən şəxsin özü ilə iki dəfə gəlmişəm, şəxsiyyət vəsiqəsinin üzünü də sizə vermişəm, ancaq yenə istəyirlər. Mənim yanımda mənə telefon alan şəxsi biabır ediblər. Bəlkə telefon hədiyyə edən şəxs heç istəmirdi ki, telefonu kreditə götürüb. 1 saat gözləmişəm, cavab verən yoxdur. Buranın rəhbərliyi kimdir, kimin adamdır, anlamıram. Niyə bu qədər şikayətçinin qabağına çıxmır? Dərdimizi kimə deyək? Artıq əsəbdən bilmədim nə edəm, çıxdım bayıra. Cəhənnəm olsun o telefon. O telefon dəysin bunların başına. Bir telefona gərə bu qədər əsəb keçirməyə dəyməz. Gedin, orada kim var, hamısını dindirin, görəcəksiniz, hamısı məndən də betər gündə əsəbidir. Neçə nəfər adam var ki, hirsindən telefonu bunların üstünə tullayıb gedib”.

Servisdə əsəbləşən müştərilər rəhbərliyin üzə çıxmasını istəyirlər, ancaq bu mümkünsüzdür.

Bəzi müştərilər var ki, hətta telefonlarından əllərini üzüb başqa mağazalardan telefon alıblar, sadəcə “Kontakt Home” onlarla oyun oynadığı kimi, onlar da ara-sıra gəlib onların əsəbləri ilə oynayıb gedirlər.

Mağazaya gətirilən keyfiyətsiz telefonlar haradan gətirilir, belə kefiyətsiz telefonlar niyə satşa çıxarılır bilinmir. Ən maraqlısı da ondadır ki, bu qədər şikayətlərin qarşılığında mağaza ilə bağlı heç bir tədbir həyata keçirilmir.

Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevdir. Adı gedən şəxs Sloveniyanın Bakıdakı fəxri konsuludur. Elnur Allahverdiyevin MTN-də “krışa”sı nazirliyin vaxtı ilə birinci müavini sayılan Elçin Əliyev olduğu deyilir. Yəqin ki, müştərilərin aldadılması, maliyə fırıldaqları və bu qədər şikayətlər qarşılığında “Kontakt Home” hələ də fəaliyyətdə olması, yeni “krışa”nın tapılması ilə əlaqədardır.yenicag.az






Fikirlər