Əsas Səhifə > Əsas xəbərlər > Qobustan rayon İcra Hakimiyyətində mənimsəmə:

Qobustan rayon İcra Hakimiyyətində mənimsəmə:


22-04-2016, 13:20

Qobustan rayon İcra Hakimiyyətində mənimsəmə: Tikinti-abadlıq işlərində ciddi nöqsanlara yol verilib

İcra başçısı Adil Məmmədov bəzi idarə rəhbərlərinə nədən qəzəblənib?

 Redaksiyamıza Qobustan Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatlarda bu rayonda dövlət vəsaitinin mənimsənilməsindən və icra hakimiyyətinin başçısı Adil Məmmədovun yarıtmaz idarəçiliyindən bəhs olunur. Bu idarəçiliyə etiraz etmək istəyən bəzi idarə rəhbərlərinin qarşılaşdıqları təzyiqlər də məlumatlar sırasında yer alır…

Rayondan xeberinfo.com-a verilən məlumatlara görə, Rayon İcra Hakimiyyəti (İH) tərəfindən  dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanılıb, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləği müvafiq prosedur qaydalara riayət edilmədən artırılıb,  istismara qəbul edilən bir neçə obyekt müvafiq qaydada uçota alınmayıb və əsaslı vəsait qoyuluşu üzrə kreditor borclar balansda əks etdirilməyib.

 Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin bəzi hallarda  təyinatının  dəyişdirildiyi bildirilir, İcra Hakimiyyəti tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməyib, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunub, həmçinin yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edilib, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanların tam göstərilməyib.

 Bundan başqa, mal-material qiymətlərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində ciddi nöqsanlara yol verilib, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmayıb, İcra Hakimiyyəti və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatları qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmayıb.Bütün bunlar Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədovun fəaliyyəti ilə bağlı xeberinfo.com-a daxil olan məlumatların bir qismidir. Məlumatlarda daha sonra bəzi idarə rəhbərlərinin icra başçısının qəzəbinə tuş gəlmələrindən bəhs olunur. Təəssüf ki, lazımı dəqiqləşmələr apara bilmədiyimizdən hələlik bu istiqamətdə geniş yaza bilmirik.

Yazı hazırlanarkən Qobustan Rayon İcra Hakimiyyətindən də mövqe öyrənmək istədik. İcra başçısının köməkçisi ilə danışa bilsək də nəticəsiz oldu: heç bir sualımıza cavab ala bilmədik.


Geri qayıt