Əsas Səhifə > Əsas xəbərlər > Akim Bədəlov dövlət agentliyini ailə şirkətinə necə çevirib?

Akim Bədəlov dövlət agentliyini ailə şirkətinə necə çevirib?


2-06-2016, 12:49

Akim Bədəlov dövlət agentliyini ailə şirkətinə necə çevirib? - FAKTLAR

Üç il öncə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEM) yaradılanda dövlətin enerji təhlükəsizliyi sahəsində mühüm addım atılmış oldu.

Prezident İlham Əliyev bu agentliyin yaradılması ilə bağlı fərman imzalayaraq, əslində gələcəyə doğru strateji əhəmiyyətə malik addım atdı. Və dövlət başçısı Akim Bədəlova etimad göstərdi, onu agentliyin sədri vəzifəsinə təyin etdi. Qarşıya məqsəd qoyulmuşdu: bu istiqamətdə ciddi işlər aparılmalı, dövlətin siyasətini icra etməli. 

Lakin yaradıldığı müddətdən bu günə qədər agentlik ortaya ciddi məhsul qoya bilməyib. Əvəzində A. Bədəlov əsas işini şəxsi biznesi və agentlik üzərindən pulların mənimsənilməsinə sərf edir. Təbii ki, biz bunu yayılan informasiyalara və redaksiyamıza daxil olan məlumatlara əsasən yazırıq.
Miq.az-a daxil olan məlumata görə, ABOEM-in podratçı şirkəti olan "Xəzər-İnşaat” Bədəlovun ailəsinə məxsusdur. Dövlət Agentliyi hər-hansı layihə ilə bağlı tender elan edir və hər dəfə tenderin qalibi bu şirkət olur. Bütün işlər də birbaşa Bədəlovun ailə şirkəti tərəfindən həyata keçirilir. Yəni A. Bədəlov dövlət büdcəsindən agentliyə ayrılan vəsaiti ailə şirkəti vasitəsilə öz cibinə yönləndirir.
Burada haşiyə çıxaraq bir məsələni xüsusi qeyd etmək istəyirik: Məlumatlara görə, A. Bədəlov "Xəzər-İnşaat” şirətini qanunsuz olaraq ələ keçirib. Bu şirkət mərhum dövlət katibi, akademik Tofiq İsmayılova məxsus olub. T. İsmayılovun "Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzi adı ilə təsis etdiyi şirkətin balansında çoxlu sayda obyekt və torpaq sahəsi olub. T. İsmayılovun vəfatından sonra A. Bədəlov şirkəti qanunsuz şəkildə mənimsəyib və İsmayılovlar ailəsinin bütün şikayətlərinə, etirazlarına rəğmən öz "ayağına keçirib”... 
... Ailə şirkətini dövlət agentliyinin işinə yönəldərək, büdcə vəsaitini mənimsəyən Bədəlov ABOEM-i də özünün ailə qurumuna çevirib. Bizə daxil olan məlumatda deyilir ki, agentliyin işçilərinin əksəriyyəti Akim Bədəlovun yaxın qohumlarıdır. Maraqlıdır ki, dövlət başçısının ABOEM-in yaradılması haqda 2013-cü il 1 fevral tarixli fərmanında deyilir: "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 100 ştat vahidi müəyyən edilsin”.
Lakin Miq.az-a  daxil olan məlumatda Bədəlovun buna əməl etmədiyi, əlavə ştat vahidlərinin yaradıldığı deyilir. 
"İşçilərin əksəriyyəti sədrin yaxınlarıdır və onlar mütəmadi olaraq işə çıxmırlar. Bir çoxları isə ümumiyyətlə işə gəlmir”, - deyə mənbə bildirir.
Adının açıqlanmasını istəməyən agentlik əməkdaşlarından biri deyir ki, Bədəlov qurumun xarici nümayəndəliklərinə də öz qohumlarını və yaxınlarını yerləşdirib: "Onların isə sadəcə adları gedir, büdcədən verilən əmək haqlarını isə sədrin özü götürür”.
Hətta mediada yayılan məlumatlarda Bədəlovun xarici tədbirlərə bir qayda olaraq qohumlarını göndərdiyi deyilir. Onların bəzilərinin adı da açıqlanır. Misal üçün, Cəmil Məlikov, Rauf Qurbanov, Sənan Abbasov, Günay Mustafayeva kimi şəxslər xarici səfərləri "monopoliyaya” alan Bədəlovun qohumları və yaxınları sırasındadır.
ABOEM sədri Akim Bədəlovla bağlı olduqca şok məlumatlar daxil olub. Növbəti məqalələdə onları təqdim edəcəyik.
- ABOEM-ə ayrılan 2 milyard manat dövlət vəsaitinin qaranlıq taleyi?
- A. Bədəlov "Xəzər-İnşaat” şirkətini necə ələ keçirib və şirkətin şok fəaliyyət mexanizmi.
- Devalvasiyadan sonra ABOEM sədrinin ölkədən çıxardığı milyonlar.
- Akif Bədəlovu Eldar Mahmudov dəstəsinə nə birləşdirir? Qurumun sədri kimlərə işlədiyini harada və necə etiraf edib?
 
 

Geri qayıt