Əsas Səhifə > Əsas xəbərlər > “Dağıstanın deputatları bizdən çox maaş alır”

“Dağıstanın deputatları bizdən çox maaş alır”


17-11-2016, 09:57

“Maaşımdan narazı deyiləm”

 

Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Aqil Abbas bildirib ki, deputatın maaşı artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın millət vəkilləri digər ölkələrə nisbətən az məvacib alır:
“Vahid Əhmədovun son açıqlaması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İlk olaraq deyim ki, Azərbaycanın millət vəkillərinin aldığı maaş MDB məkanındakı digər respublikalarla müqayisədə xeyli aşağıdır. Hətta Dağıstanın millət vəkilləri belə bizdən çox maaş alır. Digər tərəfdən bizim maaşımız 2200 manat yox, 1750 manatdır. Nəzərə almaq lazımdır ki, millət vəkilləri tez-tez müxtəlif səfərlərə çıxırlar. Məsələn, mən ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə gedirəm. Bütün bunlar isə maliyyə tələb edir. Deputata gərək normal maaş verəsən ki, o da işini görə bilsin. Ümumilikdə maaşımdan narazılıq etmirəm. Sadəcə olaraq, “deputat çox qazanır” şəklində fikir söyləmək düzgün deyil. Elə bilirlər ki, deputat təkcə parlamentdə danışmaqla məşğuldur. Bizim parlamentdən kənardakı fəaliyyətimizdən xəbərləri yoxdur. Seçicilərlə görüşmək, seçicinin xahişi ilə harasa baş çəkmək və s. Bütün bunlar bizim gündəlik gördüyümüz işlərdir”.
Qeyd edək ki, millət vəkili Vahid Əhmədov maaşının azlığından şikayətlənib. O bildirib ki, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir:
"Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim".


Geri qayıt