Lakin haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev bildirir ki, o, Fərhad Qəribovun görüntülərini kazionda şəxsən çəkib. “Fərhad Qəribovun Tiflisin “Şanqri La Tbilisi” kazionsunda videokadrlarını mən özüm çəkmişəm. Bundan başqa mənə orada qumar oynayan başqa tanınmış azərbaycanlılar da məlumdur. Kazino əməkdaşları mənə deyiblər ki, tanınmış azərbaycanlılar ora tez-tez gedib yüz minlərlə dollar uduzur. Biz bu prosesi izləyəcəyik və Tiflisin qumarxanalarında böyük pullar uduzanların adlarını açıqlamaqda davam edəcəyik”-jurnalist bildirir.
E.Fətullayev deyir ki, o, jurnalistika fəaliyyəti ilə bağlı bir neçə gün əvvəl Gürcüstanda olarkən təsadüfən Tiflis xəngəlxanalarından birində keçmiş deputat Fərhad Qəribovu və daha bir neçə azərbaycanlını görüb. “Mənə dedilər ki, o, birazdan durub gedəcək kazionaya, qumar oynamağa. İnanmadım. Bir müddət keçdi, Fərhad Qəribov və yanındakılar doğrudan da xəngəlxanadan çıxıb təxminən 200-250 metr aralıdakı “Şanqri La Tbilisi” kazinosuna getdi.
Mən də onun arxasınca düşdüm, hiss etdirmədən keçmiş deputatın necə qumar oynadığına tamaşa etdim. Qəribov poker oynamağa başladı və elə bir ucdan da uduzurdu. Deyə bilərəm ki, o, heç də yaxşı qumarbaz təsisi bağışlamırdı və çox qeyri-peşəkar oynayırdı.
Nəhayət o, bütün pulunu uduzub qurtardı, yanındakına “nə qədər pul uduzduq, bütün pulum qurtardı” dedi. Əlavə etdi ki, “uşaqlara” deyib, indi pul gətirəcəklər”-Eynulla Fətullayev Tiflisdə gördüklərini nəql edir.