Əsas Səhifə > Əsas xəbərlər > KİVDF-nin elan etdiyi müsabiqənin qalibləri mükafatlandırıldı
KİVDF-nin elan etdiyi müsabiqənin qalibləri mükafatlandırıldı24-12-2016, 17:27 |
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Ə.Həsənov deyib ki, Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı: Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan dövləti medianın rolunu və yerini cəmiyyətin nüfuzlu institutu kimi görür: “Cənab Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib”. PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var: “Bu gün biz böyük erməni lobbisi, islamofob dairələrlə üz-üzəyik. Elə missioner təşkilatları var ki, Azərbaycanın inkişafını gözləri götürmür, ölkəmiz inkişaf etdikcə əleyhdarlarımızın sayı artıb. Bütün bunlarla mübarizə aparmaq üçün biz mediadan dəstək gözləyirik”. Onun sözlərinə görə, ümumilikdə 10 müsabiqədə 600-ə yaxın jurnalist iştirak edib və 400-ə yaxın jurnalist mükafatlandırılıb: “Bundan əlavə, KİV nümayəndələrinin xarici ölkələrə səfərləri təşkil olunub”. Ə.Amaşov isə çıxışında qlobal dünyada baş verən hadisələrə, böyük dövlətlərin kiçik dövlətlərə münasibətləri ilə bağlı danışıb: “Cənab Prezident İlham Əliyevin müasir düşüncələri, analitik keyfiyyətləri, müasir prinsiplərə əsaslanması bizdə əminlik yaradır ki, Azərbaycan bu qarışıq dünyada problemlərlə uğurla mübarizə aparacaq. Bizim Prezident vətənpərvərdir, qətiyyətli, qorxmaz və prinsipaldır. Bu gün Azərbaycan mətbuatı güclü bir institutdur. Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmişə medianı diqqətdə saxlayıb. Azərbaycan jurnalistləri adından cənab Prezidenti ad günü münasibətilə təbrik edirik”. Daha sonra qaliblərə mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.
Geri qayıt |