Əsas Səhifə > Əsas xəbərlər > BANKLAR dolları 1.70 manatdan ALIR
BANKLAR dolları 1.70 manatdan ALIR7-02-2017, 19:38 |
Xəbər verildiyi kimi son iki gündə Mərkəzi Bankın keçirdiyi hərraclarda dolların manata nisbətən məzənnəsi kəskin aşağı düşüb. Bir müddət əvvəl dolların 1.95 manata qədər qalxan rəsmi məzənnəsi bu gün Mərkəzi Bankda baş tutan hərrac nəticəsində 1,8251 manat səviyyəsində formalaşıb. “Dolları olanlar bugünkü hərracın nəticələrini gözləyirdilər. Bugünkü hərracda Mərkəzi Bank dolların məzənnəsini 1.87 manatdan 1.82 manata saldı. Ona görə də bu kurs insanlara sərf eləmir. Hələ ki, dollar gətirib dəyişənlər azdır, demək olar ki, yoxdur”, – deyə “AccessBank”dan bildirdilər. “Bank of Baku”nun əməkdaşının sözlərinə görə, dolları dəyişmək üçün banka müraciət edənlər daha çox gündəlik xərclərini ödəmək üçün valyuta dəyişənlərdir: “Dolların kəskin düşməsi əhali arasında ajiotaj yaradıb. Yəqin ki, nahardan sonra gətirib dəyişənlərin sayı bir az artacaq. Dəyişən var, amma elə də çox deyil. Xatırlayırsınızsa, Türkiyədə prezident Ərdoğan dollardan imtina etdiyini demişdi. Həmin gün bizdə müştərilərdən dolların alışı daha çox olmuşdu, nəinki bu gün. O günlərlə müqayisədə cüzi məbləğ almışıq. Amma dəyişən var, bunlar daha çox gündəlik xərclərini ödəmək üçün valyuta dəyişən adamlardır, amma proses kütləvi deyil. Əhali hələ ki, əlində olan pulu saxlayaraq dolların qalxacağına ümid edir”, – deyə əməkdaş bildirib. Bankların dolların qəbulu üçün məzənnəni Mərkəzi Bankın elan etdiyi məzənnədən xeyli aşağı müəyyən etməsi belə təxmin etməyə əsas verir ki, növbəti hərracda da dollar tələbat azalacaq və məzənnə aşağı düşəcək. Bu prosesin nə qədər çəkəcəyi isə hələ məlum deyil. Geri qayıt |