Əsas Səhifə > Əsas xəbərlər > “Cahangir Hacıyev əfv istəyə bilməz…”
“Cahangir Hacıyev əfv istəyə bilməz…”3-03-2017, 12:29 |
Bu gün Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazması haqda yayılıb. Məlumata görə, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir. Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Cahangir Hacıyevin əfv olunması üçün ərizə yazmaq kimi hüquqi əsasları yoxdur: Bu baxımdan onun əfvlə bağlı müraciət etmək hüququnun hələ əsasları yaranmayıb. Ona görə də o, müraciət etməyib. Yəqin ki əsaslar yaranmadığı üçün müraciət etməz. Xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər yalnız cəzasını yarıdan çoxunu çəkdikdən sonra onların əfv üçün müraciət hüququ yaranır. Komissiyanın əsasnaməsinə görə belədir. Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt |