Əsas Səhifə > Əsas xəbərlər > “Ordumuzun Mütəllibov və Elçibəy dövründəki uğurları nədən

“Ordumuzun Mütəllibov və Elçibəy dövründəki uğurları nədən


27-06-2020, 00:07

“Ordumuzun Mütəllibov və Elçibəy dövründəki uğurları  nədən ekranlaşdırılmır?..”

Həmin uğurların siyasi oyunlar sayəsində aradan qaldırılması o döyüşlərdə  şəhid olan, əlil qalan oğul-qızlarımızın günahı deyil...”
Fikir savaşı...
Sultan Laçın

 

Bu gün - 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün  qeyd olunur.  Hər il olduğu kimi, telekanallarda ordumuzun əsasən cəmi iki uğurundan  danışılır: 1994-cü ilin yanvarında keçirilmiş Horadizin azad edilməsi əməliyyatı və  2016-cı ilin Aprel savaşı... Ara-sıra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı ordusunun dəstəyi ilə Bakını bolşevik-erməni birləşmələrindən azad etməsi, eləcə də 1919-1920-ci illərdə Qarabağın azad olunması əməliyyatlarına da toxunulur... 
 
Bəs 1990-1991-ci illərdə sonradan Silahlı Qüvvələrimizin formalaşmasının əsasını qoymuş könüllü dəstələrin, xüsusi təyinatlı milis-polis dəstələrinin, o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının, 1992-1993-cü illərdə artıq rəsmən Milli Ordu adlanan hərbi qüvvələrimizin irili-xırdalı uğurlu əməliyyatları haqda nədən, ən azı, sənədli filmlər çəkilmir? Axı 1988-1994-cü illərdə torpaqlarımız işğal olunsa da, həmin işğala bacardıqları qədər canlarıyla, qanlarıyla müqavimət göstərən  oğullar-qızlar olub. Həmin şəhid və qazilərin cəsarət, igidlik və fədakarlığı, hərbi-siyasi rəhbərliyin isə planları sayəsində bəzən müvəqqəti də olsa, torpaqlarımızın xeyli hissəsi işğaldan azad olunub...
 
Məsələn, 1991-ci ilin aprel-may-iyun aylarında 1-ci Prezident Ayaz Mütəllibovun o vaxtkı SSRİ rəhbərliyinə siyasi-diplomatik təzyiqləri sayəsində  güc nazirləri, hüquq-mühafizə orqanları rəhbərləri Məhəmməd Əsədov, Vaqif Hüseynov, İsmət Qayıbovun nəzarəti altında  keçirilmiş onlarla kəndin erməni terrorçularından təmizlənməsi ilə nəticələnmiş uğurlu Çaykənd, Qaladərəsi əməliyyatları(hazırkı DTX rəhbəri həmin əməliyyatda iştirak edib)... Həmin əməliyyatın nəticələrinə dayanaraq 1992-ci ilin iyununda, artıq Əbülfəz Elçibəyin Prezident, İsa Qəmbərin parlament sədri, Pənah Hüseynin Dövlət katibi, Rəhim Qazıyevin Müdafiə naziri, İsgəndər Həmidovun Daxili İşlər  naziri, Surət Hüseynovun korpus komandiri olduğu dövrdə başlanan və həmin ilin  payızınadək Goranboy rayonunun, o vaxtkı Ağdərə rayonunun əsas yüksəkliklərinin,  Xankəndi yaxınlığındakı Vəng kəndinin və s. azad olunması. Və bununla paralel olaraq şimaldan Kəlbəcər-Laçın, cənubdan Qubadlı-Laçın istiqamətlərində Laçın rayonunun 52 kəndinin azad edilməsi və Laçın “dəhliz”inin ermənilərin üzünə bağlana bilmə məqamınadək gedib çıxan genişmiqyaslı hücum əməliyyatları... 1992-ci ilin fevralında Şuşa ətrafındakı Malıbəyli, Quşçular kəndlərindən əhalinin sağ-salamat çıxarılması,  həmin ilin aprelində Zəngilan istiqamətində, avqustunda isə Gədəbəy rayonu ərazisindəki sovet vaxtı bilərəkdən  “Ermənistan SSR anklavı” edilmiş Başkəndin erməni terrorçularından təmizlənməsi əməliyyatları və s. Onu da qeyd edək ki, Çaykənd və Başkənd əməliyyatı sayəsində azad olunmuş ərazilər bu günədək öz nəzarətimizdədir... Deyilənlər artıq tarixi faktdır, bunları heç kəs dana bilməz... 
 
Adları çəkilən bir çox əməliyyatların uğurlu nəticələrinin sonradan daxildəki və xaricdəki hansısa siyasi oyunlar sayəsində düşmən tərəfindən aradan qaldırılması artıq  o döyüşlərdə şəhid olmuş, yaralanmış, əlil olmuş, son imkanadək vuruşmuş oğul-qızların günahı deyil... 
 
Düzdü, telekanallarda ayrı-ayrı Milli Qəhrəman və şəhidlər haqqında verilişlər, sənədli filmlər hazırlanır. Lakin bunlar yetərli deyil. 1988-1994-cü illərdəki hər bir uğur da, uğursuzluq da hərb elmi baxımından araşdırılmalı, təhlil olunmalıdır ki,  Qarabağın azad olunması üçün yaxın gələcəkdə keçirilməli olan genişmiqyaslı əməliyyatlarda həmin təcrübədən istifadə olunsun.  Uğurlu hücum və ya müdafiə  əməliyyatları isə hansı hakimiyyət dövründə baş tutmasından asılı olmayaraq sənədləşdirilərək ekranlaşdırılmalıdır ki,  Horadiz, Aprel savaşları, Milli Qəhrəman Mübariz İbrahimov haqda filmlər kimi xalqda, xüsusən gənclərdə ruh yüksəkliyi yaratsın... 
 
Və Ədalət naminə demək lazımdır ki, bu gün milli ordumuzun rəsmi səviyyədə adları çəkilməyən, telekanallarda işıqlandırılmayan 1991-1992-ci illərin adları çəkilən uğurlu əməliyyatlarında istər Horadiz, istərsə də Aprel savaşlarından daha gərgin, daha mürəkkəb, daha ağır döyüş və qəhrəmanlıq epizodları olub. Məgər onları unutmaq olar? Bu Azərbaycan Silahlı Qüvvələrinin tarixinə xəyanət olmazmı?.. 
 
Belə ayrı-seçkilik qətiyyən yaramaz. Məgər  bəhs edilən döyüş əməliyyatlarında  şəhid olan, yaralanan, əlil olan döyüşçülər, hərbçilər Azərbaycan övladı deyil?..
 
Bəzilərinin məntiqinə(əslində məntiqsizliyinə) görə, istər Mütəllibov, istərsə də Elçibəy dönəmində  ordumuzun heç  bir uğurlu əməliyyatı olmayıb, yalnız xəyanət və  məğlubiyyətlər olub: “Mütəllibovun dövründə Daşaltı,  Xocalı faciələri baş verib, Şuşa və Laçının işğalına şərait yaradılıb, Elçibəy hakimiyyətə gələn günlər Laçın, hakimiyyətdə olduğu dövrdə Kəlbəcər işğal edilib.  Əks-sual meydana çıxır: bəs o halda 1993-cü ilin iyunundan  noyabrınadək 6 bölgəmizin işğal edilməsini hansı hakimiyyətin adına yazaq?..
 
Əgər bu gün gerçəkdən iqtisadi, siyasi, tibbi və s. problemlərimizin həlli, Qarabağın azad edilməsi üçün çalışırıqsa, xalqın əsl milli həmrəylik və birliyinə nail olmaq istəyiriksə, siyasi ambisiyaları unudaraq bir-birimizə, xüsusən hərbçilərə, keçmiş və bu günkü döyüşçülərə qarşı səmimi və  mərdanə, heç bir siyasi məqsəd güdmədən yanaşmalıyıq... Əks halda  dövlətimizi və xalqımızı yeni faciələr girdabına sürükləmiş olacağıq...

Geri qayıt