Əsas Səhifə > Əsas xəbərlər > Ermənistan batırsa, bəs biz nəyi gözləyirik..?

Ermənistan batırsa, bəs biz nəyi gözləyirik..?


28-06-2020, 12:36

Biz necə əmin olaq ki, İran o körpülərdən separatçılara silah ...

Əvvəllər heç belə olmamışdı. İki gündür dayanmadan Azərbaycan televiziyalarına baxıram. Yox, kabel televiziyasında 200-dən çox kanal var, amma bu iki gündə diqqətimi daha çox öz televiziya verilişlərimiz cəlb etdi.
Ermənistanla əlaqədar dayanmadan gedən xəbərlər, siyasətçilərin şərhləri çox diqqətçəkici idi. Eşitdiyim xəbərlərdən, politoloqların şərhindən məlum oldu ki, Ermənistan iqtidarı erməni xalqına zülm verir, vətəndaşları incidir, polis zorakılığı baş alıb gedir. Bizim xəbər aparıcılarının dediyinə görə, ölkəni bürüyən qohumbazlıq siyasəti, Paşinyanın dogma rayonu Tavuşdan olan bütün dana otaranları polisə və digər güc strukturlarına xidmətə cəlb etməsi xalqda qəzəb hissi oyadıb, amma etiraz edənlərə qarşı amansız təqiblər həyata keçirilir. Məxməri inqilab nəticəsində hakimiyyətə gələn Ermənistan iqtidarının erməni xalqına zülm verməsi adi hal alıb. Erməni xalqı rəhbərlərindən heç yaramayıb. Paşinyandan əvvəlki cinayətkarlar - Ter-Petrosyan, Koçaryan, Sarqsyan utanmaz-utanmaz hələ Qarabağı da işğal edib, ordakı ermənilərə də pislik ediblər və Qarabağ erməniləri indi neft və milyonlar səltənətində üzən xoşbəxt Azərbaycan xalqına həsədlə baxırlar. Əlbəttə, Qarabağı işğal etməsəydilər, indi onlar da bizim kimi dərdsiz-qəmsiz yaşayardılar. “Ögey ana” filmində necə deyir: “mənə qorxaq deməyəydin…” nə isə, yazıq ermənilər...
Qohumbazlıq edirlər. Xüsusilə MN naziri Tonoyan nazirlikdə bacanağı Abramyana vəzifə verib, gətirib, hansısa xidmətə rəis təyin edib. Baş Qərargah rəisi də qardaşı oğlunu çağırıb yanına, Stepanakertin yolunu bilməsə də ona general rütbəsi verib. Nə qədər harınlayıb bunlar. Ümumiyyətlə, Ermənistan rəhbərliyi, xüsusilə də müdafiə və xarici siyasətə rəhbərlik edənlər ABŞ-dan, Sorosdan vaxtında və indi də maliyələşən kadrlardan ibarətdir və onlara okeanın o üzündən nə deyirlərsə canla-başla həyata keçirirlər. Təhsillərini də ingilis dilində aldıqlarına görə hökümət başçısına belə normal erməni dilində raport verə bilmirlər. Keçmiş prezident, cinayətkar Sarqsyan da deyir ki, eybi yox, sizi bir gün bizimkilər əvəz edəcək. Bizimkilər deyəndə, yəqin qarabağlıları nəzərdə tutur. Xarici işlər naziri  Mnasakanyanın sakit görkəmi olsa da, indi məlum olur ki, Paşinyanla bərabər, onun da ofşor banklarda hesabı, daşınmaz əmlakı varmış. Bizim politoloqlar düzgün diaqnoz qoyurlar: “Ermənistan itirilmiş ölkədir, nə olsun ki, Qarabağ onun əlindədir”.
Yazıq erməni xalqı. Hələ Paşinyan doğma rayonu Tavuşa icra başçısını vəzifədə olan bir yekə məmurun bacısı oğlunu qoyub. Paşinyanın işdən çıxardığı təhlükəsizlik xidmətinin rəisi Artur Vanesyan 11 il 3 ay –bağışlayın 11 ay 3 gün – lük rəhbərlikdən imtina edib, sərbəst şəkildə partiya yaradıb Paşinyana qarşı çıxırsa, görün ölkə nə gündədir. Paşinyana və arvadı Anna Akopyana edilən ittihamlardan sonra onun Azərbaycanla danışmağa üzü olmayacaq  və yəqin ki, biz bir müddət bu danışıqların şahidi olmayacağıq. Nəsə.., bu bizim problem deyil, Ermənistanın problemidir, qoy onlar bu barədə baş sındırsınlar.
 
Eybi yox, Paşinyan kimi məxməri korrupsionerləri, (bağışlayın inqilabçıları) bir gün erməni xalqı qovacaq. Bu erməni xalqının problemidir,  bu xalq nəhayət daş-kəsəkli, məxməri hakimiyyətlərdən qurtulacaq və Azərbaycanın istədiyi səriştəli, yerin altını-üstünü bilən, qonşulara hörmətlə yanaşan bir ağıllı ermənini hakimiyyətə gətirəcək və o da Qarabağı sinidə bizə təqdim edəcək. Nəinki Qarabağı, hətta Zəngəzuru, İrəvanı, Göyçəni Azərbaycana qaytarmaq üçün yalvaracaq, biz də xeyli fikirləşəcək, nəhayət erməni və Azərbaycan xalqını məmnun edəcək qərar verəcəyik.
 
Rədd olsun qohumbaz, korrupsioner, Qarabağı işğal edən Ermənistan rəhbərləri! Yaşasın Qarabağı Azərbaycana verəcək, adını da bilmirəm.., nəsə..,  üfüqdə adı görünməsə də, hansısa… yan!
Sözardı: yox, bu işin sözardısı yoxdu. Ermənistan batır. Görəsən biz nə qayaracouq?! 
İlham İsmayıl
 
 

 


Geri qayıt