Əsas Səhifə > Əsas xəbərlər > “İstənilən ekstremal vəziyyətdə əsas çətinlik və fədakarlıq

“İstənilən ekstremal vəziyyətdə əsas çətinlik və fədakarlıq


2-07-2020, 17:49

Bu gün 2 iyul – Polis Günüdür.

Bununla bağlı Moderator.az-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas, polis polkovniki Mahmud Hacıyev Azərbaycan polisini təbrik edib, polisin ağır və şərəfli əməyinə diqqət çəkib:

 “Təbii ki, ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında, cinayətkarlıqla mübarizədə polisin rolu inkaredilməzdir. Məhz polis əməkdaşlarının sayıqlığı, peşəkarlığı, xidməti sayəsində cinayətkarlığa qarşı uğurlu müabrizə aparmaq, dinclik, sabitlik yaratmaq, qanunsuz halların qarşısını almaq mümkün olur. Bu səbəbdən də Polis Günü münasibəti ilə başda hörmətli DİN rəhbəri Vilayət Eyvazov və onun müavinləri olmaqla,  bütün polis əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram.

 Polisin xidmətləri həqiqətən də böyükdür. Xüsusilə son 3-4 ayda pandemiyaya qarşı mübarizə çərçivəsində polis əməkdaşları böyük fədakarlıq sərgiləməkdədir. Polis bu müddət ərzində çox böyük əmək ortaya qoydu və bu gün də eyni keyfiyyətlə öz işini davam etdirir.

 Hər kəs bilir ki, bu gün pandemiyaya qarşı mübarizənin əsas ağırlığı polis əməkdaşları ilə səhiyyə işçilərinin üzərinə düşür. Bugünə qədərki təcrübə də göstərir ki, ölkədə hər hansı fövqəladə, ekstremal vəziyyət yarananda, onun əziyyətini ən çox polis əməkdaşları çəkib, əsas fədakarlığı məhz onlar göstərib. Bu baxımdan polisin əməyini qiymətləndirmək, onlara münasibətdə ehtiramla davranmaq hər birimizin borcudur.

 

 Xatırladım ki, mən də hüquq-mühafizə orqanında uzun müddət xidmət etmişəm. Müxtəlif vəzifələrdə olmuşam və bu baxımdan polisin öz xidməti vəzifəsini hansı zəhmətlər hesabına yerinə yetirdiyini bilirəm. Odur ki, bir daha istər təqaüddə olan, istərsə də fəaliyyətini davam etdirən polis əməkdaşlarını təbrik edir, onlara uzun ömür və cansağlığı arzulayıram”.

 

 

 


Geri qayıt