Əsas Səhifə > Əsas xəbərlər > Bu gün elan edildi: Laçının mərkəzinə 12 kilometr

Bu gün elan edildi: Laçının mərkəzinə 12 kilometr


2-11-2020, 23:27

Bu gün elan edildi: Laçının mərkəzinə 12 kilometr qaldı | KONKRET

Noyabrın 2-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında daha 8 kəndin azad edildiyi barədə müjdə verib.

 "AzerTaym.az" Musavat.com-a istinadla xəbər verir ki, dövlət başçısı Tvitter hesabında “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” yazıb.

Xəbəri şərh edən Turan Agentliyi yazır ki, Zəngilan rayonunun Dərə Gilətağ, Qubadlı rayonunun İşıqlı və Muradxanlı kəndlərinin azad edilməsi mühüm əhəmiyyət kəsb edir.

“Onlar Dağlıq Qarabağa strateji yolun keçdiyi Laçın rayonuna sıx birləşirlər. Azad edilmiş kəndlərdən Laçın yoluna və Laçın rayon mərkəzinə məsafə təxminən 10-12 kilometrdir” – xəbərdə bildirilir.

Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa da Teleqraf.com-a müsahibəsində Laçının düşməndən azad edilməsi ilə bağlı davam edən əməliyyatlarla bağlı fikirlərini bölüşüb. A.Paşa deyib ki, çətin relyefə baxmayaraq, Laçını azad etmək mümkün və realdır: “Sadəcə, relyefin mürəkkəbliyi olanda müəyyən hərbi əməliyyatların keçirilməsində lənglik yaranır. Başqa sözlə, relyef, hava şərtləri mürəkkəb olanda müdafiə olunmaq hücum etməkdən daha asan olur. Laçında müdafiə olunmaq ora hücum etməkdən qat-qat asan və münasibdir. Düzəngahda hücum etmək asandırsa, dağ şəraitində bu, mürəkkəbdir. Çünki dağlar həm də təbii istehkamdır. Ona görə də belə mürəkkəb dağlıq şəraitdə tələskənlik lazım deyil. Hücumda qələbənin əsas rəhnlərindən biri səbrli, təmkinli olmaqdır. Belə yerlərdə hər şəraiti nəzərə alıb ehtiyatlı addımlar atılmalı, ərazi minalardan təmizlənməlidir.

Yəni burada ordunun sürəti düzəngah yerlərdəki kimi olmur. Üstəlik, dağ şəraitində hərbi texnikanın manevrləri çətin olur. Bu mənada orada hərbi əməliyyatların sürəti nisbətən zəif ola bilir. Bu, təbii haldır və belə də olmalıdır. Sevindirici odur ki, ordumuz bu istiqamətdə səbrli, soyuqqanlı və tələskənlik nümayiş etdirmir. Laçın Ermənistanı Dağlıq Qarabağla bağlayan qurşaqdır.

Buranın ordumuzun nəzarətinə keçməsi ilə Dağlıq Qarabağın nəfəsliyi bağlanmış olur. İkincisi, Laçının azad edilməsi həm də Şuşaya nəzarətin əldə edilməsi deməkdir. Üstəlik, Laçının azad edilməsi Şuşanın etibarlı müdafiə olunması deməkdir. Laçın və Şuşa eyni dairəvi müdafiənin komponentləridir. Laçın və Şuşa döyüş meydanlarında kürək-kürəyə söykənən səngərlər kimidir. Birinin varlığı digərinin olmasını şərtləndirir. Birinin süqutu digərinin süqutuna səbəb ola bilər. Odur ki, Laçının geri alınması dəhlizin bağlanması ilə paralel olaraq Şuşanın etibarlı qorunması baxımından xüsusi əhəmiyyətə malikdir”.

Bu gün elan edildi: Laçının mərkəzinə 12 kilometr qaldı

Qeyd edək ki, ötən gün Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzeti də döyüşlərin Ermənistan və Qarabağ erməniləri üçün strateji əhəmiyyətli Laçın yolunun bir neçə kilometrliyində getdiyini yazıb. Nəşr bu yolun ələ keçiriləcəyini “Artsax” adlanan qondarma qurumun tam məğlubiyyəti kimi izah edib.

Hərbi ekspertlər Rusiya nəşrinə deyib ki, Laçın şəhərlərinin Azərbaycan ordusunun nəzarətə keçirilməsi erməni silahlı qüvvələrinin mühasirəyə düşməsi, Qarabağdakı qondarma rejimin isə süqutu demək olacaq.

 


Geri qayıt