Əsas Səhifə > Əsas xəbərlər > Putinin Yeni PLANI: Bizi də yanına çəkə biləcəkmi?

Putinin Yeni PLANI: Bizi də yanına çəkə biləcəkmi?


18-04-2021, 20:26

Putinin yeni planı: Bizi də yanına çəkə biləcəkmi?

Rusiya isteblişmenti obrazlı desək, “cəhənnəmə gedərkən yanında özünə daha çox yoldaş götürmək” istəyindədir...

ABŞ-ın Rusiyaya qarşı maliyyə bazarlarını da əhatə edən yeni sanksiyalar paketindən sonra 10 diplomatının da ölkədən çıxarılması qərarı domino effekti verib.

Rusiya ilə münasibətləri gərgin olan Polşanın ardınca, bir sıra Avropa ölkələri də analoji qərarlar verməkdədir.

Lukaşenko Putinə “kəllə atırdı”, indi isə Rusiyanın oyunundadır  

Bu hadisələrin fonunda isə ABŞ kəşfiyyatının Rusiyanın ən yaxın müttəfiqi Belarusda hərbi çevriliş hazırlamaq və prezident Lukaşenkonun fiziki məhvi ilə bağlı planın “ifşası” haqlı suallar yaradıb. Müxalifət lideri Tixanovskayanın ofisi artıq bəyan edib ki, bu, Rusiya və Belarus xüsusi xidmət orqanlarının təxribatıdır. Əlbəttə, “inqilabçılar”ın niyə Rusiya paytaxtında toplaşması da bir ayrı sualdır. Lukaşenkonu devirmək istəyənlər niyə bu planı məsələn, Polşada, Litvada deyil, ayıq-sayıq Rusiya kəşfiyyatlının qulağının dibində-Moskvada müzakirə etsin ki? Ola bilsin, Lukaşenko hakimiyyətinə qarşı hansısa hərəkətlənmə yenidən planlaşdırılsın, amma indilikdə bu ifşa prosesi Rusiyanın ətrafını ABŞ-a qarşı yeni  təşkilatlandırmaq cəhdinə daha çox bənzəyir.

Son prezident seçkisinədək Moskvadan müstəqil siyasət yürüdən, hətta seçki ərəfəsi ölkədə təxribatlar törətmək istəyən rusiyalı qrupun həbsinə qərar vermiş Lukaşenko seçkidən sonra xeyli zəiflədi. Putinə hərdən məsələn, Belarusa verilən qazın qiymətində narazılıq edərək “kəllə atmağa” həvəslənən Lukaşenko, müxalifətin ölkədə başlatdığı izdihamlı aksiyalardan sonra müvazinətini itirdi. Bu dəfə kürəyini Rusiyaya daha çox söykəməyə məcbur oldu, mövqeləri xeyli zəiflədi. Ukraynanın itirilməsindən sonra Belarusda da Qərbin planının gerçəkləşməsi Rusiyaya sarsıdıcı zərbə olardı və Lukaşenko olmasaydı belə, Moskva hər vasitə ilə ötən yayda Minskdə hakimiyyət dəyişikliyinə yol verməyəcəkdi. Amma Lukaşenko könüllü “tələyə düşmək” yolunu seçdi və indi oradan çıxmaq asan deyil. Bu baxımdan, Rusiyanın bu cür çevriliş oyunlarında Lukaşenko baş rolda iştirakçı olmaya bilməzdi. Bu, həm də son seçkiyədək Qərblə münasibətdə tarana getməyən,  nisbətən balanslı xarici siyasi kurs yeridən Lukaşenkonun artıq bu cür manevr imkanlarının olmadığını göstərdi. O, indi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini özünü və övladlarını öldürmək planında suçlayacaq qədər irəli getməyə məhkumdur. Bu qırılma nöqtəsindən isə tezliklə geridönüş yoxdur. Rusiyanın istədiyi də budur.

Təklənmiş Rusiya  

Moskva həm də Krım və Ukraynanın şərqindəki vəziyyətə görə də xeyli təklənmiş durumdadır. Türkiyənin Krım məsələsində dəyişməz mövqeyindən sonra bu inciklik rus turistlərin qardaş ölkəyə getməsi qadağısı ilə nəticələndi. Bunu Kreml nə qədər pandemiya ilə izah etməyə çalışsa da, bu qərarın siyasi olmadığına inanmaq çətindir. Rusiya kinli siyasət aparır və bu, onun on minlərlə vətəndaşının istirahət hüququnun üstündən xətt çəksə də, buna gedir. Müstəqil ekspertlər deyir ki, bu cür radikal məsləhətlərlə Putinin özünü də yaranmış situasiyanın girovuna çevirmək oliqarxiyanın xeyrinədir. Çünki zəifləyən Putin daha asılı və “sözəbaxan” olur. Amma görünən həm də odur ki, indi Rusiya isteblişmenti obrazlı desək, “cəhənnəmə gedərkən yanında özünə daha çox yoldaş götürmək” istəyindədir.

Lukaşenko və Belarus bu həlqənin ən zəif bəndi idi və ilk halqa artıq var. Bundan sonra Rusiya ətrafında anti-ABŞ(Qərb)həlqəsini genişləndirməyə çalışa bilər. Bunun üçün isə ilk hədəflər keçmiş sovet respublikalarıdır.

Orta Asiya Rusiyaya qarşı müqavimət gücündəmi?

Mərkəzi Asiyada qərbyönlü, çinyönlü və ya İslamyönlü lider peyda olsa, Kremlin işə qarışmayacağını ağla gətirmək çox çətindir. Regionda Rusiya maraqlarının tanınması, demək olar, hakimiyyətə gəlməyin ən vacib şərtidir.          

Qırğızıstanın yeni prezidenti, Rusiya təhsilli Sadrı Japarovun parlament seçkilərindən sonra inqilab nəticəsində həbsxanadan buraxılması və tezliklə prezident kürsüsünə oturmasında Rusiyanın maraqları vardı. Bunu daxili qüvvələrlə(etnik klanlarla) elə ustalıqla edildi ki, Japarov xüsusi əziyyət çəkmədi. Japarov ölkəsindən didərgin salındığı vaxtlarda bir müddət Rusiyaya sığınmışdı. Onun prezident kimi ilk rəsmi səfərini Moskvaya etməsi artıq yeni prezidentin açıq siyasi kursu demək idi. Bu günlərdə isə iki prezidentin iştirakı ilə 600 milyon dollarlıq Rusiya investisiyası ilə Ceroy qızıl zavodunun açılışı oldu.

ABŞ-ın Qırğızıstan Manasındakı hərbi bazası çoxdan tarix olub. Eləcə də Amerikanın Özbəkistanda Karşı-Xanabad hərbi bazası(2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın ixtiyarına verilmişdi) qapılarını bir neçə il əvvəl komandosların üzünə bağlayıb. İslam Kərimovun prezidentliyi dövründə Rusiyayönlü bütün qurumları tərk etmiş Özbəkistan Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə yenidən geriqayıdış etdi. Qazaxıstan lideri, sabiq prezident Nursultan Nazarbayev iki il əvvəl Trampla görüşdü və ölkələrarası bir neçə milyardlıq investisiya sənədləri imzalandı. Amma Qazaxıstan da Rusiyanın sözündən çıxacaq, müstəqilı siyasət yeridəcək gücdə deyil. Təsadüfi deyil ki, Putin Qazaxıstanın Rusiya ərazisi olduğuna bir neçə dəfə açıq işarə edib. Tacikistan və Türkmənistanla bağlı da aşağı-yuxarı eyni sözləri demək mümkündür.  

Paşinyan da Lukaşenkonun vəziyyətindədir

Ermənistanla bağlı da vəziyyət Lukaşenkonun indiki düşdüyü vəziyyətlə müqayisə edilə bilər. Sorosun dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyana Qərbə meyllənməsi səbəbindən elə bir qulaqburması verilib ki, o, Moskvanın sözündən çıxmağı ancaq yuxuda xəyal edə bilər. Qaldı Azərbaycan...

Azərbaycan zəif bənd deyil, ümid yenə Prezident Əliyevədir

Azərbaycanın Qərblə münasibətləri həm Orta Asiya, həm digər postsovet ölkələri ilə müqayisəyə gəlməyəcək qədər çoxşəxalidir. Rusiya ilə isə özəl bir münasibətlər sistemi var ki, bunu iki ölkə prezidenti kooordinasiya edir, hərdən gərginləşəndə nizamlayırlar. Yəni Rusiya-Azərbaycan münasibətlərindən əlavə, Putin-Əliyev münasibətləri də var. Azərbaycanın qələbəsi ilə yekunlaşmış 44 günlük müharibənin sonunda-Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi isə bu münasibətlər bir qədər də fərqli rəng qazandırıb. ABŞ-ın 44 günlük müharibədə kənardan qalması(ölkədə prezident seçkilərinin qızğın vaxtı idi) bir az da “özü yıxılan ağlamaz” məsəlinə bənzəyir. Amma Qarabağ məsələsində həlledici mövqe təkcə bir il əvvəl deyil, həmişə Moskvaya məxsus olub, bunu ABŞ-da bilir, Fransa da.Nə qədər narazı qalsaq da, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi prosesin qaçılmaz yekunu idi.

İndi ABŞ-ın Qarabağ məsələsində bundan sonra nə edəcəyi haqda aydın bir planı, yanaşması hələ də yoxdur. Yalnız Minsk Qrupunun fəaliyyətinin yenilənməsində maraqlı görünən ABŞ-ın yeni administrasiyası sanki Bakıdan incik tonunu davam etdirir. Bu həftə ADA-da keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin “Yeni ABŞ administrasiyasından bu regionda nə görmək istərdiniz? Azərbaycan Prezidenti ABŞ-ı daha fəal, daha iştirakçı görmək istəyirmi? ABŞ-ın geri qayıtmağının vaxtıdırmı?”suallarına cavabına diqqət yetirək. “ABŞ-ın nə edə biləcəyi ilə bağlı. Siz özünüz qeydinizin əvvəlində ABŞ-ın olmadığını dediniz. ABŞ yox idi, biz də problemi həll etdik. Mən ABŞ-ın burada olmalı olduğunu demirəm, lakin yeni administrasiyadan bizə heç bir mesaj daxil olmadı. Administrasiya yanvardan formalaşıb, bu gün apreldir. Cənab Blinken(dövlət katibi-N.S) Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmamışdır. Mən cənab Blinkendən zəng gözlədiyimizi demirəm. Lakin bu, həmsədr ölkədir, onlar tarazlı şəkildə davranmalıdırlar. Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik” deyə, Prezident bildirib. Bu, Preziden Əliyevin Qarabağ müharibəsindən sonra ABŞ-ın yeni administrasiya haqda ilk mövqeyidir və göründüyü kimi, Azərbaycan lideri haqlı olaraq narazıdır. Amma bu, Rusiyanın Azərbaycanı da asanlıqla şərti olaraq anti-Amerika adlandırdığımız koalisiyaya( və ya əməkdaşlığa) sövq edə bilər demək deyil. Çünki elə həmin konfransda Prezident Əliyev müharibə günlərində Şuşaya atılmış “İsgəndər” raketi ilə bağlı net mövqeyi olmadığlına görə Moskvanı tənqid etməkdən çəkinməyib. Bu, mövqe həm də Prezident Əliyevin oppnentlərinin “Rusiya Azərbaycanda yerləşdi, müstəqil siyasət bitdi” kimi qərəzli iddialarına bir cavab hesab oluna bilər.

Rusiya-ABŞ gərginliyi fonunda dünyada yeni bir təşkilatlanma, loru dillə desək, komandada tərəf seçmə mərhələsi yaşanır. ABŞ da müttəfiqlərini eyni ilə mövqe bildirməyə çağırır, ya da buna təhrik edir. 

Azərbaycan isə nə qədər çətin olsa da, müstəqil siyasətini davam etdirmək kursuna sadiq görünür. İlham Əliyevin son 10 ildə çıxışlarının əsas ana xəttini kimsənin ağılından asılı olmayan müstəqil siyasi kurs təşkil edir. O baxımdan, Azərbaycanın Rusiyanın(eləcə də ABŞ-ın) hansısa oyunlarında yer almayacağına inanmalıyıq. Nə qədər çətin olsa da, bunu istəyirik həm də...

Nazim SABİROĞLU,

Musavat.com

 


Geri qayıt