Əsas Səhifə > Əsas xəbərlər > - Qubadlıda açılan sirr, qovuşduğumuz LAÇIN

- Qubadlıda açılan sirr, qovuşduğumuz LAÇIN


13-10-2021, 10:41

Bakıdan səhər üzü yola düşəndə yağış başladı. Düşündük, yəqin indi Qarabağa – üz tutduğumuz Cəbrayıl, Qubadlı, Laçına da yağır. Bir az narahatlıq keçirdik ki, foto və video çəkilişlərimizə mane ola bilər yağmurlu hava. Ancaq səhər tezdən Füzuliyə çatanda bizi Günəş salamladı. Qarabağ səması aydın idi...

Üç "Yeni Müsavat"çı - Musavat.com saytının baş redaktoru Xalid Kazımlı, foto və video müxbiri Elçin Əkbər və bəndəniz Cəbrayıla çatanda ilk yoxlama postunu keçib, asta sürətlə hərəkət edə-edə ətrafa baxırıq. Hər yanda dağıdılmış evlər, məhv edilmiş təbiət.

3bee948b-2dce-4328-91d2-89dbcaeb6e19.jpg (145 KB)

Düz Zəngilana çatana qədər belədir. Mənfur erməni yurdlarımızı viran qoyub. Əlbəttə, dağılmış evlərə baxanda aydın olur ki, bu mülkləri sadəcə söküb daşıyıblar, bomba atıb məhv etməyiblər. O da sirr deyil ki, işğal dövründə azərbaycanlıların evlərini ermənilər yanacaq, pul qarşılığında söküb iranlılara satıblar, yaxud da o taydakı bəzi “soydaşlarımız” özləri gəlib söküb daşıyıb.

245098047_10209899324755356_1560432055316119207_n.jpg (313 KB)
Arazqırağı ərazilərdə bəzi sahələr diqqətimizi çəkir. Torpaqdan, əkin-biçindən başı çıxan adamlar dərhal başa düşür ki, işğal dövründə bu ərazilərdə taxıl, yonca əkilib. İddialar heç də əsassız deyil ki, Azərbaycanın torpaqlarını işğal dönəmində İran vətəndaşları beləcə istismar edib...

Yol təəssüratlarımızı, gördüklərimizi səfər yoldaşım Xalid Kazımlı qələmə alıb. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: https://musavat.com/news/lacina-cekilen-yol-iranlilarin-sokduyu-kendler-fransizlarin-tikdiyi-qesebe-yol-qeydleri-video_835831.html

                                                                     ***

İşğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının kəndlərini bir-bir keçib gedərkən bu ellərdən olan dostlarımızı, qonşularımızı, həmkarlarımızı xatırlayırıq. Bir-birimizə deyirik ki, bax, bu filankəsin kəndidir, bu aşağı mərtəbədə yaşayan qonşumun yurdudur.

f6622913-59fa-4504-9a7a-8b8f4189a9a7.jpg (177 KB)
O kəndlərdə dayanıb, şəkillərini çəkirik, dostlarımıza, qonşularımıza da elə yerindəcə yollayırıq. Axı mina təhlükəsi səbəbindən hələlik hamı yurduna baş çəkə bilmir. Barı kəndlərini belə görsünlər, tezliklə özləri dönənə qədər.
Yeri gəlmişkən, mina təhlükəsi bu istiqamətdə çox ciddidir. Bütün postlarda polislər, hərbçilər dönə-dönə işlək yollardan çıxmamağı qəti şəkildə tapşırırlar.

dc34db81-949b-4913-bf40-6b40186952d0.jpg (227 KB)

Minatəmizləyənlər də demək olar bütün ərazilərdə gözə dəyir, çalışırlar.

                                                                     ***

Qubadlı rayonu ərazisində quruculuq-bərpa işləri daha intensiv həyata keçirilir. Laçına çəkilən yolda yüzlərlə texnika işləyir.

Daşlı-çınqıllı bu yolla hərəkət edərkən qarşımıza bir kənd də çıxdı – Mahruzlu. Bu kəndin adı Mahrızlı kimi də ifadə olunur. Mənim üçün özəldir bu kənd.

09720a68-29bb-4059-9b07-b64630ee2639.jpg (163 KB)

Deyim niyə: Jurnalistlər ötənlərdə psevdonimlərdən istifadə edirdilər. Ya özlərini hansısa məmurun təzyiqindən qorumaq, ya da iz azdırmaq üçün. İndi belə qaydaya demək olar rast gəlinmir. 2000-ci illərdə bəzən “Maqsud” psevdonimi ilə kriminal xəbərlər yazırdım. Bir gün baş redaktorum Rauf Arifoğlu dedi ki, barı bu “ada” bir “soyad” da qoy da. Belə olmaz ki. Elə özü götürüb bir “soyad” əlavə etmişdi, olmuşdu “Maqsud Mahrızlı”.

Günlərin birində deputatlardan biri haqda bu imza ilə tənqidi yazı yazmışdım. Həmin deputat da üzüyola adamdır düzü, jurnalistlərlə davranışında hər zaman korrekt olub. Məlum olmuşdu ki, deputat Qubadlının Mahrızlı kəndinin üzdə olan, vəzifəli adamları ilə əlaqə saxlayıb, “Maqsud Mahrızlı kimlərdəndir, ona bir ağsaqqalıq edin. Deyin məndən yazmasın” kimi xahiş edib. Sonra o deputat özü etiraf etmişdi ki, 2-3 ay Maqsud Mahrızlını axtarıblar, kimlərdən olduğunu müəyyən edə bilməyiblər. Haradan bilsinlər, axı "Maqsud Mahrızlı" əslində göyçaylıdır...

Dayandım o kəndin adı yazılan lövhənin qarşısında, tarix üçün bir foto çəkdirdim.

                                                              ***

Laçına çatanda ilk Həkəri çayının yanında saxladıq. Dillər əzbəri olan bu çayın şırıltısı adamı valeh edirdi. Sözlə təsəvvür etmək olmur o gözəlliyi.

2aadc71e-7568-4967-a259-c2161591157a.jpg (101 KB)

Ermənilər Laçını çox da dağıtmayıb. Yəqin düşünürlərmiş buranı heç zaman verməyəcəklər.

245297782_10209899605322370_435659643750800613_n.jpg (286 KB)

Burada da sürətlə abadlıq, quruculuq işləri gedir. Yol çəkilib başa çatandan sonra düşünürəm ki, ilk qayıdış həyata keçirilən yurdlarımızdan olacaq. Bolsulu çayların üzərində qurulan körpülər bizi cənnət Laçına aparacaq...
Laçında 1992-ci ildə şəhid olmuş müəllimim Davud Əzizovun xatirəsini də yad etdik bu torpaqda.

245359557_10209900756671153_5058217890396681870_n (1).jpg (116 KB)

Məhz elə onun şəhid olduğu günün 29-cu ildönümü ərəfəsində Davud Əzizovla bağlı kiçik bir sənədli film çəkdik. Videomaterialı bu linklərdən izləyə bilərsiniz:
https://musavat.com/news/omrunun-lacin-caginda-lacinda-sehid-olan-davud-muellim-29-il-sonra-ruhuna-salam-tesirli-film_835909.html

https://www.youtube.com/watch?v=3mfycrcwie8

Daha sonra igidlər oylağı Laçının təbiəti ilə “söhbət etdik”.

6585d9a9-1f9d-42ab-9a26-8f0470df2ee9.jpg (109 KB)

Meşələrinə, dağlarına, qayalarına, çaylarına heyran olduq. Əlbəttə, Həkəriyə tilov atmaq arzumuzu da gerçəkləşdirdik.

1d444ef2-4246-4853-bf39-6300bc86bd6a.jpg (139 KB)
Avtomatik beynimizdə bir fikir yaranır: “Bu cür gözəlliyi almaq istəyirdi erməni bizdən?”...

                                                                    ***

Füzulidən Laçına qədər bu geniş, füsunkar ərazilərə baxdıqca düşünürdük ki, buranı abad etməyə 10 milyardlarla manat vəsait lazımdır. Prezident İlham Əliyev əsas diqqəti məhz Qarabağın sürətlə abadlığına yönəldib. Bura həm kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq üçün çox əlverişlidir. Eyni zamanda turizm cənnətinə çevriləcəyi şübhəsizdir.
Hesab edirəm ki, bu quruculuq, abadlıq işlərinə vətəndaşlarımız da fərdi qaydada cəlb olunarsa, proses daha sürətlə gedər. Məsələn, hansısa vətəndaş gedib öz vəsaiti hesabına Qarabağda ev tikmək, yurd salmaq, bir kiçik istehsal müəssisəsi, turizm mərkəzi yaratmaq istəyirsə, buna şərait yaradılmalıdır.


                                                                   ***

Cəbrayıldan Laçınadək yol hamar deyil.

1fa7a2a58c5ddafb8f09f20c9344dd3e.jpg (83 KB)

Hələlik çox çətindir daşlı, kəsəkli yolla hərəkət etmək. Amma qətiyyən narahat olmadım bu yolu sürərkən.

b6eb15b3-fbd0-4025-8047-5ba292d1f1df.jpg (212 KB)

Çünki mənə cənnətə gedən yol təəssüratı bağışlayırdı Laçın yolu...

 

 


Geri qayıt