Əsas Səhifə > Əsas xəbərlər > İcra hakimiyyətlərinə növbə çatdı:

İcra hakimiyyətlərinə növbə çatdı:


26-10-2015, 17:11

"Bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxışında belə deyib.
Dövlət başçısı bir daha bildirib ki, ölkədə kiçik və orta sahibarlığın inkişafına, biznes mühitin normal fəaliyyətinə yaradılan bütün süni maneələr aradan qaldırılacaq.
Həmin maneələrlə sədləri isə kimlərin yaratdıqları bəlli: dövlət qurumlarında çalışaraq öz cibini dövlətin mənafeyindən üstün tutanlar, dövlət hesabına cah-cəlallı həyat qurmağa çalışanlar.
Dövlət başçısı belələrinə son xəbərdarlığını edib. Bu isə ölkə qanunlarında nəzərdə tutulan səbr kasasının daşdığını göstərir.
 Dövlət qurumları maneçilik törətməməlidirlər, əskinə kömək etməlidirlər

"Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin, - dövlət başçısı söyləyib. - Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur".

Dövlət qurumlarında rüşvətxorluq və korrupsiyaya son qoyulması, iqtisadiyyatın inkişafında, xüsusilə də qeyri-neft sektorunun gücləndirilməsində fərdi və merkantil maraqlarını təmin etməyə çalışaraq vətəndaşları incidən, onlardan "haqq və hörmət" tələb edən məmurlarla bağlı ən sərt tədbirlər görüləcək.
Milli Təhlükəsizlik və Vergilər nazirliklərindəki hadisələr prosesin, bəlkə də, ilkin mərhələsidir. Bundan sonrakı mərhələ yerli icra hakimiyyətləri strukturlarının fəaliyyətlərinin ciddi, sərt və obyektiv şəkildə təftişi olacaq.
Aldığımız məlumata görə, icra hakimiyyəti strukturlarının büdcə vəsaitini xərcləməsi, xüsusilə də infrastruktur layihələri və regional inkişaf proqramları çərçivəsində sərfiyyatları yoxlanacaq. Bununla yanaşı, kiçik və orta sahibkarların rüşvət tələbləri ilə qarşılaşmaları, süni əngəllər və preponlar yaradılaraq sıxışdırılması ilə bağlı çoxsaylı şikayətlər araşdırılacaq.
"Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir" söyləmiş dövlət başçısı belə problemlərin kökündən aradan qaldırılmasında iradəli olduğunu nümayiş etdirdiyi üçün müvafiq dövlət qurumları icra hakimiyyətləri başçılarının fəaliyyətlərini ən xırda təfərrüatlara qədər təftiş edəcəklər.
Problem yalnız sahibkarların fəaliyyətindəki əngəllərin aradan qaldırılması yox, qanunun aliliyinin tam təminatıdır.
Bu proses hamıya, xüsusilə də icra hakimiyyəti başçılarına və onların administrasiyalarına şamil ediləsidir.

 
Milli.Az


Geri qayıt