Əsas Səhifə > Əsas xəbərlər > dişsiz siyasətin sonu, dəmir əllərin

dişsiz siyasətin sonu, dəmir əllərin


11-11-2021, 22:41

Bəzən deyirlər ki, indiki Türkiyə-Azərbaycan dostluğunun ömrü hər iki ölkənin hazırkı prezidentlərin xoş münasibətlərinə görədir və guya onlar siyasət səhnəsini tərk edəndən sonra iki qardaş ölkənin qurduğu qardaşlıq büsatı indiki kimi olmayacaq.

Bu, tamamilə əsassız söhbətdir. Türkiyə-Azərbaycan dostluğunun ən yaxın tariximizdəki başlanğıc günü təpədən-dırnağa türksevər olan mərhum prezident Əbülfəz Elçibəyin vaxtından əvvəl, prezident Ayaz Mütəllibovun hakimiyyəti dövrünə düşür.

O zaman artıq Türkiyə siyasiləri ilə dövlət müstəqilliyini bərpa etmək üzrə olan Azərbaycanın siyasi xadimləri arasında ünsiyyət, zəngləşmələr, gediş-gəliş başlanmışdı.

Elə bür gün olmazdı ki, Türkiyədən Azərbaycana tanınmış qonaqlar – siyasət, sənət, mədəniyyət adamları, ictimai xadimlər gəlməsin və bizimkilər Türkiyəyə getməsin.

Dövlət televiziyası hər gün Türkiyədə səfərdə olan jurnalistlərin reportajlarını verirdi, məşhur türk sənətçilərin filmlərini, kliplərini yayırdı, ölkəmizə qonaq gələn türk sənətçilərlə müsahibələr aparılırdı.

Bir sözlə, iki qardaş ölkənin uzun illərdən sonra yaxınlaşması, qaynayıb-qarışması prosesi gedirdi.

Sonrakı illərdə bu proses genişləndi, şaxələndi, intensivləşdi, nəhayətdə indiki halına çatdı.

Söz yox, arada hər iki tərəfdən bu dostluq büsatını pozmaq istəyən, yaxud ona önəm verilməsini vacib saymayan çatlaq səslər də eşidilirdi, ancaq həmin həmlələr həm Türkiyədəki vətənpərvər ziyalı kəsimin, həm də Azərbaycandakı türksevərlərin qarşılıqlı səyi nəticəsində dəf edilirdi.

Ötən ilin ikinci yarısında isə Türkiyə-Azərbaycan dostluğu strateji müttəfiqliyin, səmimi qardaşlığın pik nöqtəsini yaşadı və münasibət elə də qalır. Buradan bir qarış o tərəfə hər iki ölkənin konfederativ əsas da birləşməsidir.

Dünən Türkiyə Böyük Millət Məclisininin (TBMM) növbəti iclasında Azərbaycandakı türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunarkən, TBMM-də təmsil olunan bütün siyasi partiyaların (biri xaric) qanun layihəsinin lehinə məruzə etmələri göstərir ki, qardaş ölkənin bütün aparıcı siyasi təşkilatları bu məsələdə ardıcıldır.

Yəni sabah Türkiyədə hakimiyyət dəyişikliyi olsa da, hakimiyyətə yeni gələn qüvvə Azərbaycanla dostluq-müttəfiqlik məsələsini müzakirə masasına çıxarmayacaq. Əslində isə müvafiq aktın fellə ifadəsi “çıxara bilməyəcək” də ola bilər. Çünki türk toplumu bu məsələ xüsusunda ortaya öz həlledici iradəsini çoxdan qoyub.

Bu əsnada belə bir solaxay sual da çıxa bilər: Bəs 29-31 il öncə, Azərbaycan xalqı ciddi müttəfiqlik münasibətlərinə malik olan Rusiya və Ermənistanın, eləcə də Ermənistana açıq şəkildə qahmar çıxan Fransanın şərait yaratdığı hərbi aqressiyanın qarşısında təklənəndə nədən Türkiyə siyasiləri susqun idi?
Bu sualın tutarlı cavabı var və bunu ayrı-ayrı azərbaycanlı siyasət adamları mediada açıqlayıblar.

Məsələ ondadır ki, Rəcəb Tayyib Ərdoğana qədər Türkiyədə iki ildən bir dəyişən hökumət koalisiyaları monolit deyildilər, Qərbdən, Avropadan çox asılıydılar, xüsusilə də ABŞ-ın iradəsi və Rusiyanın təhdidi qarşısında çəkingən idilər. Ümumilikdə Türkiyə regionda dişsiz siyasət yeridir, bacardıqca lokal hərbi konfliktlərə qarışmaqdan yayınır, böyük dövlətlərlə kəllə-kəlləyə gəlməkdənsə, bəzən öz regional maraqlarına zidd olan qərarlar verirdi.

Son 70 illik dönəmdə Türkiyənin yalnız Kiprdə yunanların yerli türklərə qarşı yeritdiyi genosid siyasətindən qorumaq üçün adaya qoşun çıxarması hadisəsini istisna hal kimi qeyd etmək olar. Bu tarixi addıma qol qoymuş baş nazir Bülənt Ecevitin başına gələnlər, üzləşdiyi təhdidlər, çevriliş ultimatumları, hətta sui-qəsd cəhdi sonrakı liderlərin olduqca yumşaq, sözəbaxan olmasını şərtləndirmişdi.

Ərdoğan isə həmin tabunu qırdı, türk xalqının iradəsini prioritet mövqeyə çıxardı, ölkənin xarici siyasətinin daha nüfuzedici olmasını təmin etdi. Bu, bir sıra qüdrətli xarici dairələrin xoşuna gəlmədi və onlar Ərdoğana qarşı da, əvvəlki baş nazirlərlə davrandıqları (devirmək, asmaq və ya ev dustağı etmək) kimi davranmaq istədilər, cəhdləri uğursuz alındı.

İndi Türkiyəni gələcəkdə idarə etmək iddiasında olan siyasətçilər də görürlər ki, ortaya milli iradə qoyanda əsl dövlət müstəqilliyinə nail olmaq, öz regional maraqlarını müdafiə etmək, dostlar və rəqiblər səfini öz bildiyin kimi müəyyənləşdirmək mümkün olur.

Türkiyə xalqının ümdə mənafeyi bunu tələb edir. İndi bu dövlətə “Azərbaycanda hərbi kontingent saxlaya bilməzsən” deyən, Azərbaycana da “Türkiyə ilə dostluq bir yerə qədər” şərti qoyan qüvvə yoxdur, olmamalıdır və bu gedişlə olmayacaq.


Geri qayıt