Əsas Səhifə > Əsas xəbərlər > RUSİYA QARABAĞDAKI SEPARATÇILARI TAM MƏHVƏ SÜRÜKLƏYİR!

RUSİYA QARABAĞDAKI SEPARATÇILARI TAM MƏHVƏ SÜRÜKLƏYİR!


7-05-2022, 23:09

Bir aydan artıqdır Ermənistanda davam edən etirazlar elan hədəflərinə çatmayıb. Mayın ilk həftələrində müxalifət İrəvanda və ölkənin iri şəhərlərində itaətsizlik çağırışları ilə əhalini küçələrə dəvət etsə də, yürüşlərin kütləviliyi alınmayıb. Mayın 5-dən etibarən isə polis qüvvələri müxalifət tərəfdarlarına qarşı sərt tədbirlərə başlayıb.

Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri siyasi qüvvələrin hakimiyyətə qarşı küçə mübarizəsinin elan olunmuş əsas məqsədi "Qarabağ danışıqlarında kapitulyasiya siyasəti aparan" Paşinyan iqtidarının devrilməsidir. 

Onlar Baş nazirin aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra səsləndirdiyi bəyanatı təslimçilk adlandırırlar. Paşinyan hökumətin iclasında bəyan etmişdi ki, Qərb Ermənistandan Qarabağın statusuna dair gözləntilərini aşağı salmağı və Azərbaycanın ərazi bütövlüyünü tanımağı tövsiyə edir. 

 

 

Baş nazir hazırki şəraitdə bu variantın baş tutmasını bir şərtlə qəbul edir ki, Qarabağ ermənilərinin təhlükəsizlik məsələsi beynəlxalq qarantiyaya alınmalıdır və bu məsələ ilə bağlı ayrıca danışıqlar aparılmalıdır.

Rusiya tərəfindən açıq şəkildə dəstəklənən keçmiş siyasi elitanın rəhbərlik etdiyi müxalifət, habelə Moskvadan idarə edilən Xankəndindəki separatçı cinayətkar rejim isə Qarabağa dövlət statusunun verilməsini tələb edir. Rusiyanın mövqeyi də bu qüvvələrin maraqları ilə tamamilə üst-üstə düşür. 

Aprelin 19-da Moskvada səfərdə olan Nikol Paşinyanla Kreml rəhbəri Vladimir Putin arasında keçirilən görüşdə də əsas diqqətçəkən məqam sülh danışıqlarının istisna olunması idi. Kremlin mövqeyi əvvəldən belədir ki, Rusiyanın bilavasitə nəzarəti altında kommunikasiyaların açılmaslı və sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlamaq lazımdır. Amma il yarım ərzində qəbul olunmuş 3 bəyanata rəğmən heç bir konkret addım atılmayıb.

Rusiya Qarabağdakı cinayətkar rejimi öz himayəsində saxlamağı, həmin ərazidə yerləşdirilmiş hərbi kontingentdən tərəflərə təzyiq üçün istifadə etməyi hədəfləyib.

Paşinyan münaqişənin həllini və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. O, Qarabağın Azərbaycanın tərkibində qalmasını, amma təhlükəsizlik və idarəetmə ilə bağlı beynəlxalq qarantiyalar altında xüsusi razılaşmanın imzalanmasını gözləyir. Azərbaycan rəhbərliyi də münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını istəyir və bunun üçün siyasi şərait yaradır, təkliflərlə çıxış edir. Rəsmi Bakı Qarabağa hər hansı status verməyəcək, amma digər məsələlərin müzakirəsinə hazırdır.

 

 

ABŞ və Avropa İttifaqı da problemin dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir, amma Qarabağdakı ermənilərə təhlükəsizlik qarantiyasının verilməsi, onların hüquqları ilə bağlı ayrıca danışıqlar və razılaşmalar əldə olunmasını gözləyir.

Beləliklə, mənzərə tam aydınlaşır: Ermənistan, Azərbaycan və Qərb təxminən eyni mövqedən çıxış edir. Ən əsası, bundan sonrakı mərhələdə münaqişənin həlli prosesi Qərbin moderatorluğu ilə davam etdiriləcək. Rusiya ilə birgə imzalanmış üçtərəfli bəyanatlar müharibədən sonra icra olunmadığından səmərəliliyini itirib. Burada Kremlin problemin tam həlli yox, öz maraqları çərçivəsində müəyyən nizamlanma aparmaqla status-kvonun saxlanması tələbi də neqativ rol oynadı.

Rusiya, erməni müxalifəti və Qarabağdakı separatçı rejim isə eyni mövqedən çıxış edir. Bu qüvvələrin siyasi resursları qarşı tərəflə müqayisədə zəif olsa da, bölgdə vəziyyəti gərginləşdirmək üçün kifayətdir, amma...

Prosesdə ən zəif bənd Rusiyanın ciddi iqtisadi, siyasi və hərbi təzyiq imkanları olan Ermənistandır. Qeyd edək ki, Azərbaycana qarşı belə rıçaqlar az və effektsizdir. Hər halda Rəsmi Bakının Qərbin apardığı prosesdə tərəddüdsüz iştirak etməsi belə nəticəyə gəlməyə imkan verir.

 

 

19-20 apreldə Moskvaya gedib-qayıtdıqdan sonra Paşinyanın da atdığı addımlar rəsmi İrəvanın Qərbin vasitəçiliyinə meyilli olduğunu göstərir. Brüssel razılaşmalarında nəzərdə tutulmuş sərhəd komissiyası aprelin 30-na qədər yaradılmasa da, Avroittifaqın paytaxtında Armen Qriqoryanla Hikmət Hacıyev arasında görüş baş tutdu. Daha sonra Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda səfərdə oldu və Dövlət katibi Entoni Blinkenlə strateji dialoqa dair bəyannamə imzaladı. Bu sənədin iki bəndindən biri təhlükəsizliyə, sülhə və regional münaqişələrin nizamlanmasına həsr olunub.

Bundan sonrakı mərhəldə nə baş verə bilər?

Rusiyapərəst qüvvələr ilk kartlarını oynayıb və küçə etirazlıarı vasitəsi ilə hakimiyyətin mövqeyini dəyişməyə, ən yaxşı halda onu devirməyə çalışır. Proseslərin gedişi göstərir ki, Paşinyan daha güclüdür, ölkədəki vəziyyətə nəzarət edir, komandasında hər hansı parçalanma yoxdur. Üstəlik, regionda mövqeyi getdikcə güclənən Qərb onu daha çox himayə etməyə başlayıb.

Müxalifətin Paşiyana qarşı mübarizəsi vətəndaş müharibəsinə çevrilə bilərmi?

İndiki mərhələdə bu da çətin görünür. Çünki Baş nazir ordu rəhbərliyində təmizləmələr aparıb, müxalifətə, Rusiyaya bağlı kadrların bir çoxunu sistemdən kənarlaşdırıb. Hazırda Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatı da tam olaraq Paşinyanın nəzarətindədir. Xarici diaspora isə iqtidari və müxalifəti dəstəkləyənlərə bölünüb və burada disapor təşkilatlarının yerləşdikləri məkanlar da ciddi rol oynayır.

Rusiyapərəst müxalifətin əsas üstünlüyü ciddi maliyyə imkanlarına və media resurslarına malik olmasıdır. Ermənistanda əhalinin əksər hissəsi kasıbdır, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkəyə gələn vəsaitlərin həcmini azaldıb. Nəzəri baxımdan bu müstəvidə müxalifətin sosial bazasını genişləndirmək, onları hakimiyyətə qarşı yönəltmək imkanları var. Amma Koçaryan, Sarkisyan, onların komandası uzun illər hakimiyyətdə olub və korrupsioner imicə sahibdirlər. Əhali keçmiş siyasi elitaya inanmır, əskinə Paşinyanın apardığı islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri onun ictimai dəstəyini artırır.

Rusiyanın nəzarətində olan qüvvələrin Baş nazirin Azərbaycanla Qərbin vasitəçiliyi ilə apardığı sülh müzakirələrini pozmaq üçün daha bir neçə potensial imkanı var.

Birincisi, Xankəndindəki separatçı rejim heç bir halda sülh prosesində iştirak etmir və əvvəldən elan etdikləri kimi Rusiyaya birləşmək üçün müraciət edirlər. Qeyd edək ki, bununla bağlı müəyyən hazırlıq işləri görülüb, rus icması yaradılıb, onlara Rusiya pasportları verilib. Gələcəkdə bölgədə yaşayan bütün ermənilərə belə seçim etmək təklif oluna bilər. Yəni Rusiya postsovet məkanındakı başqa separatçı rejimlərdə tətbiq etdiyi planı Qarabağda da həyata keçirməyə başlaya bilər.

 

 

İkincisi, Qarabağda Azərbaycan Silahlı Qüvvələrini münaqişəyə çəkmək üçün davamlı təxribatlara əl atıla bilər. Atəşkəsin intensiv pozulması, kommunikasiyaların bağlanması, hətta sülhməramlı hərbçilərin səhnələşdirilmiş ölümləri təşkil oluna bilər ki, bunlar sülh prosesini əngəlləyəcək addımlardır. Rusiya bu yollara baş vurarsa, ilk mərhələdə istəyinə nail ola bilər. Yəni sülh prosesini müvəqqəti dondura bilər. Amma Azərbaycanın, onun müttəfqi Türkiyənin, daha sonra Qərbin sərt təzyiqi ilə üzləşəcəyi qaçılmazdır. 

- İlk növbədə Azərbaycan ordusu təxribat törədən erməni silahlarına qarşı hərbi əmliyyatalara başlaya;

- Rusiya sülhməramlılarının bölgəni tərk etməsini tələb edə;

- Türkiyə ilə təcili hərbi məsləhətlərə başlamaqla müttəfiq ordunu ölkəyə dəvət edə bilər.

Bu halda Ermənistanın və Qərbin Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı arqumentləri xeyli zəifləyəcək. Çünki separatçılar onların xilası üçün irəli uzadılan əldən imtina edib dünyadan təcrid olunmuş, sürətlə mövqelərini itirməkdə olan Rusiyadan yapışacaqlar.

Bu dəfə onları xilas edəsi nə Putin olacaq, nə də Qərb. Yeri gəlmişkən, Paşinyan separatçıların başçısı Arayik Arutyunyanla İrəvanda sonuncu dəfə görüşəndə ona dedi ki, ilk hədəf 44 günlük müharibənin xarabalıqları altından çıxmaq olmalıdır. Əks halda bizi yeni müharibə gözləyir...

"AzPolitika.info"

 

 


Geri qayıt