Əsas Səhifə > Əsas xəbərlər > “ERMƏNİLƏR ƏMİNDİRLƏR Kİ, RUSİYA MƏĞLUB OLACAQ...” – “İndi heç nə etməsək,

“ERMƏNİLƏR ƏMİNDİRLƏR Kİ, RUSİYA MƏĞLUB OLACAQ...” – “İndi heç nə etməsək,


15-03-2023, 01:10

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Paşinyanın son mətbuat konfransı barədə fikirlərinizi bilmək istərdik.

- Paşinyana qulaq asandan sonra ağlı başında olan hər kəs bir daha əmin oldu ki, Ermənistan nə sülh sazişi imzalamayacaq, nə qoşunlarını Qarabağdan çıxarmayacaq, nə də Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyəcək. Onlar əmindirlər ki, Rusiya Ukraynada məğlub olub dağılacaq və Rusiyanın qalan hissəsində qərbyönümlü siyasi hakimiyyət formalaşacaq. Ermənistan da bundan istifadə edib revanş götürəcək və Qərbin tapşırığı ilə qərbyönümlü Moskva Birinci Qarabağ savaşında olduğu kimi onlara işğalçılıq siyasətlərini davam etdirməkdə kömək edəcək. İndilikdə isə əmindirlər ki, Rusiya öz maraqlarına görə Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını bərpa etməyə imkan verməyəcək və Qarabağdakı separatçı rejimin de-fakto varlığını və müstəqilliyini təmin edəcək.

- Düşünmürlər ki, qərbyönümlü Rusiyanın dəstəyi ilə yeni müharibə başlayarsa, Türkiyə kənarda dayanmayacaq?

- Onlar Ərdoğanın da seçkiləri uduzacağını və qərbyönümlü birinin Türkiyədə hakimiyyətə gələcəyini və bundan sonra Türkiyənin Birinci Qarabağ savaşında olduğu kimi, kənarda dayanacağını proqnozlaşdırırlar. Həm də düşünürlər ki, Türkiyə Azərbaycanda Rusiyanın icazə verdiyi ölçüdə mövcuddur. Bizim fərqli və nə düşünməyimizin onlar üçün əhəmiyyəti yoxdur.

- Qarabağı işğaldan tam azad etmək üçün yeni müharibəyə hazırlaşmalıyıqmı?

- İndi heç nə etməsək, gələcəkdə böyük müharibə olacaq. Hazırda Xankəndidə antiterror əməliyyatı keçirməklə ərazi bütövlüyümüzü bərpa edə bilərik. Bunun üçün Rusiya ilə ciddi danışıqlar aparmaq, Laçında dövlət sərhəddini bərpa etmək lazımdır. Ermənistanın və onu himayə edən Qərb ölkələrinin münaqişəyə dair mövqeyi 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dəyişməyib. Heç kim Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişəyə son qoyulmasını səmimi olaraq istəmir. Ona görə danışıqlar yolu ilə ərazi bütövlüyümüzün bərpası mümkünsüzdür. Separatçılarla mənasız danışıqlar aparmaqla onları tərəf kimi legitimləşdirmək yanlış yoldur. Hansı ki, bizi buna sövq edirlər.

- Azərbaycan Respublikası Prezidentinin Alamniyaya səfəri barədə nə deyə bilərsiniz?

- Qərb ölkələrinə yüksək səviyyəli səfərlər iqtisadi və siyasi əlaqələr, əməkdaşlıq, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox əhəmiyyətlidir. Hansı ki, son səfər zamanı da Azərbaycan Respublikasının Prezidenti bunu çox uğurla etdi. Qərb ölkələri bizim üçün daha çox enerji bazarıdır. Biz müasir dövlət idarəçiliyini də onlardan öyrənməliyik. Onlar hüquqi dövlət qurmaqla inkişafa və sosial ədalətə nail olublar. Amma Qarabağ məsələsində onlardan ədalət gözləməyə dəyməz. Çünki onlar xristian ölkələri olaraq Ermənistanın işğalçılıq siyasətini həmişə dəstəkləyəcəklər. O da nəzərə alınmalıdr ki, ABŞ başda olmaqla Qərbin aparıcı ölkələrində çoxlu korrupsiyaya bulaşmış dövlət adamları və pullu erməni diasporu da var. (Xalqcebhesi.az)


Geri qayıt