Əsas Səhifə > Əsas xəbərlər > Başqa yol qalmadı, silahlar işə düşür!

Başqa yol qalmadı, silahlar işə düşür!


24-05-2023, 19:11

Başqa yol qalmadı, silahlar işə düşür! - “İyunun ortalarında...”

Cəmiyyətin istər Moskva, istərsə də bundan öncə keçirilən görüşlərdən gözləntilərinin olmamasının təbii ki, özünəməxsus səbəbləri var”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib. 

O, növbəti perspektivdə keçirilməsi planlaşdırılan Moskva, Kişinyov və Brüssel görüşlərinin məsələnənin həllinə kömək etməyəcəyi ilə bağlı cəmiyyətdə yaranmış fikirlərə, habelə antietrror əməliyyatları çağırışlarına münasibət bildirib. 

BAXCP funksionerinin fikrincə, Moskva görüşündən gözləntilərin olmamasının səbəbi daha çox xarici işlər nazirlərinin sonuncu görüşündən qaynaqlanır: 

“Vaşinqtonda və Brüsseldə keçirilən görüşlərdən sonra Rusiyanın prosesləri yenidən 10 noyabr 2020-ci il bəyanatı kontekstinə qaytarmaq cəhdi və yalnız kommunikasiyaların açılması ilə bağlı prioritet məsələləri önə çəkməsi, əslində, Kremlin bir daha Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olmadığını ortaya qoydu”. 

Analitikə görə, Moskva hələ ki mövcud status-kvonu olduğu kimi qoruyub saxlamaq və özünə uyğun bir zaman çərçivəsində münasibətlərin normallaşması istiqamətində addımlar atmaq istəyir:

“Reallıq ondan ibarətdir ki, Rusiya çalışır ki, kommunikasiyalar açılsın, iqtisadi əlaqələr bərpa olunsun və Rusiya sülhməramlıları Azərbaycan ərazilərində qalsın. Yəni onların 2 ildən sonra başa çatacaq mövcudluq müddəti də uzadılsın. Əslində, Rusiyanın davranışlarında həm xarici işlər nazirinin, həm də Rusiya prezidentinin yanaşmalarından belə bir mənzərə ortaya çıxır”. 

Mütəxəssis əlavə edib ki, sabah keçiriləcək görüş Avrasiya İqtisadi İttifaqının üzvü olan dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantısıdır ki, Azərbaycan da bu zirvə toplantısına qonaq kimi dəvət olunub: 

“Bu çərçivədə görüşün keçirilməsi barəsində fikirlər səsləndirilib və Rusiya tərəfi bununla bağlı açıqlama verib. Amma indiki şəraitdə, əgər biz konkret olaraq formatı nəzərə alsaq, yəni görüş Avrasiya İqtisadi İttifaqının Zirvə Toplantısı çərçivəsində keçirilirsə və hazırda ittifaqda dominant rolu oynayan Rusiyanın prioritetləri, əsasən, kommunikasiyalarla bağlıdırsa, digər tərəfdən də Şərqə açılım və sanksiyalardan yayınma niyyəti daşıyırsa, o aspektdən, məsələnin yenə də kommunikasiyalar müstəvisində olacağı qənaəti yaranır və bu heç kimdə şübhə yaratmır”. 

Siyasi təhlilçi düşünür ki, də həm Ermənistan cəmiyyətində baş verənlər, həm Rusiyanın davranışları, həm də Azərbaycan ərazilərindəki separatçılara münasibətdə Rusiya sülhməramlılarının nümayiş etdirdiyi mövqe belə təəssürat formalaşdırır ki, indiki şəraitdə antiterror əməliyyatlarının keçirilməsindən başqa seçim və yol yoxdur:

“Bir aspekti də nəzərə almaq lazımdır ki, bəlli olduğu kimi, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda Azərbaycan dövlətinin bir strateji yanaşması olub və prosesləri regiondakı və dünyadakı mövcud geosiyasi reallıqlara uyğun olaraq irəli aparıb. Bu istiqamətdə də ölkəmizin diplomatik-siyasi müstəvidə addımları davam etməkdədir”.

E.Mirzəbəylinin qənaətinə görə, istər antiterror əməliyyatı, istər reinteqrasiya prosesinin perspektivi və digər bu kimi məsələlərlə bağlı hökumətin öz proqramı var və bu proqram üzrə bütün aspektləri nəzərə alaraq irəliyə doğru addımlar atılır:

“Birmənalı şəkildə “bu gün antiterror əməliyyatlarının keçirilməsi vacibdir və buna ehtiyac var” fikrinin imperativ şəkildə irəli sürülməsi düşünürəm ki, doğru olmazdı. Şübhəsiz ki, Azərbaycan cəmiyyətinin yanaşmaları ölkəmizin suveren hüquqlarının bütün ərazilərinə şamil edilməsini nəzərdə tuturdu. Əgər proses belə davam edəcəksə, şübhəsiz ki, Azərbaycan aniterror əməliyyatları keçirəcək və əraziləri qanunsuz hərbi birləşmələrdən təmizləyərək, həm də orada yaşayan erməni sakinlərin təhlükəsizliklərini təmin edəcək”. 

“Amma bu prosesin hansı mərhələdə həyata keçiriləcəyini hesab edirəm ki, dövlət daha yaxşı hesablayıb və bununla bağlı qeyri-peşəkar yanaşmaların sərgilənməsi ola bilsin ki, mümkündür. Ən azı, vətəndaşlar, bu barədə öz fikrini bildirən insanlar mütəxəssis olmadıqları üçün istənilən fikri səsləndirə bilərlər”, - o, əlavə edib. 

“Lakin real fikir ondan ibarətdir ki, necə ki bütün bu proses ərzində dövlətimizə güvənərək onun atacağı addımların nəticə çıxaracağını qəbul etmişdiksə, bundan sonrada belə olacağına əminliyimiz şübhəsizdir. Digər tərəfdən, fikrimcə, iyun ayının əvvəllərindən başlayaraq, biz prosesin daha da intensiv xarakter alacağını və Azərbaycan mövqelərinin möhkəmləndirilməsi istiqamətində də prinsipial addımlar artacağının şahidi olacağıq”, - müsahibimiz fikirlərini tamamlayıb. 


Geri qayıt