RUSİYA ermənilərə dron silahları verəcək?

 Rusiya ermənilərə dron silahları verəcək?

Elxan Mehdiyev: “İsraildən ala bilmədiklərini Rusiyadan qazanmağa çalışacaqlar”; Üzeyir Cəfərov: “Rusiyanın arsenalında olan silahların Ermənistanda olması mümkündür”

 

Azərbaycanın İsraildən aldığı kamikadze-dron silahlarının Rusiya tərəfindən istehsal edilməsi ilə bağlı həyəcanlı xəbərlər yayılıb. Azərbaycan ictimaiyyəti yayılan xəbərlərdən ciddi narahatlıq keçirir. 
 
Aprel ayındakı 4 günlük savaşda erməniləri məhz bu silahlar vasitəsilə darmadağın etməyimizdən sonra düşmən ölkənin havadarı olan Rusiyanın bu silahların istehsalına başlaması haqqında xəbərlərin meydana çıxması bir sıra müəmmalara yol açıb. Təcavüzkar ölkəyə dron silahlarının ötürüləcəyi iddiaları meydana çıxıb. Bu da təsadüf deyil. Məhz 4 günlük müharibədə Azərbaycan tərəfinin bu silahlardan istifadəsindən sonra ermənilər İsrailə qarşı kampaniyaya başlamışdılar. 
Səbəb də Azərbaycana bu silahların İsrail tərəfindən satılması idi. Politoloq Elxan Mehdiyev bu məsələyə Azərbaycan konteksində baxmağın düzgün olmadığını söylədi: “İndiki dünya və önümüzdəki müharibələr daha çox dronların üzərində qurulur. Amerika da daha çox bunun üzərində müharibə aparır. Necə ki, hazırda bir sıra əməliyyatları var. Bu əməliyyatlarda məhz dronlardan istifadə edir. İsrail Fələstin ərazisində də bu silahdan istifadə edir. Rusiyanın özünün də bu istiqamətdə layihələri var. Təbii ki, bu istiqamətdə hazırda gedən proseslərin içərisində Rusiya görünür. Bu baxımdan Rusiyanın dron silahlarının istehsalına başlamasını Azərbaycanla əlaqələndirmək doğru deyil. Bu silahların layihəsini hazırlamaq bir aylıq iş deyil. İndiki dönəmdə dron məsələsi gündəm olduğundan mətbuat bu istiqamətdə yazır. Rusiya dron müharibəsinin önə çıxdığını yaxşı anlayır. Öz tədqiqatlarını bu istiqamətdə genişləndirirlər. Ermənistanın özü də dron silahlarını əldə etmək üçün müəyyən işlər görür. Əlbəttə, İsraildən ala bilmədiklərini Rusiyadan qazanmağa çalışacaqlar. Bu silahlar fərqli sistemlərdən ibarətdir. Uçuş məsafəsindən və hücum, yaxud kəşfiyyat sistemindən asılı olaraq, qiymətləri fərqlidir”.
 
Hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın dron istehsalı ilə bağlı işlərinə qarışmağın düzgün olmadığını bildirdi: “Rusiya bu silahları istehsal etməklə bağlı qarşısına məqsəd qoyubsa, yəqin ki, çatacaq. Sonrakı mərhələlərdə həmin silahların hansı ölkələrə satılması da Rusiyanın daxili işidir. Amma əmin olmalıyıq ki, Rusiyanın arsenalında olan silahların qisa müddətdə Ermənistanda olması mümkündür. Çünki indiyə qədər bütün çətinliklərə baxmayaraq, Ermənistanı Rusiya daim dəstəkləyib. Ermənilər nə qədər çalışsalar da, Azərbaycan da boşuna oturmayıb. Bu gün ölkəmizin ən müasir silahları var. 
Bu silahlardan istifadə edə biləcək şəxsi heyətimiz formalaşıb. Rusiya nə qədər dünyanın silah istehsal edən ölkələrindən biri olsa da, İsraildən geri qalır. Heç bir sıxıntımız yoxdur. Azərbaycan torpaqlarının azad edilməsi üçün sona qədər əlindən gələni edəcək. Lazım gələrsə, ən müasir silahları belə alacaq”.






Fikirlər