Əsas Səhifə > Hadisə > Moskva razılaşması

Moskva razılaşması


12-04-2016, 11:35

Xəbər verdiyimiz kimi, aprelin 5-də Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla erməni həmkarı Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.Tərəflər cəbhə xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər. 

Moskva sazişi 1994-cü ilin may ayının 12-də qüvvəyə minən və atəşkəsin bərpa olunmasına dair “Bişkek protokolu”nu qüvvədən salırmı?
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, “Bişkek protokolu” hələ də gündəmdədir. Ekspert fikrini belə əsaslandırıb ki, adıçəkilən sazişin qüvvədən düşməsi üçün hər iki tərəf bu haqda məlumat verməlidir.
““Bişkek protokolu” hələ də aktualdır. O zaman qüvvədən düşmüş hesab olunardı ki, hər iki tərəf “Bişkek protokolu”nun işləmədiyi haqqında məlumat verib sazişdən imtina etsinlər. Belə bir şey isə baş vermədi. Ona görə də “Bişkek protokolu” qüvvədən düşməyib”.
Qabil Hüseynlinin fikrincə, “Bişkek protokolu”nda müddət nəzərdə tutulmayıb. Politoloq xatırladıb ki, hərbçilər səviyyəsində imzalanan Moskva sazişi atəşin dayandırılması haqqındadır. Onun sözlərinə görə, bu sənəd yalnız mövcud situasiyanın həllinə yönəlib.
“Son nəticədə isə “Bişkek protokolu”nun işləməsinə şərait yaratmaq məqsədi güdür”,-deyə o bildirib.
Eks-dövlət müşaviri Moskva müqaviləsində konkret hansı detalların olması barədə də ehtimallar irəli sürüb.
“Zənnimcə, konkret vaxt müəyyən edilib ki, hər iki tərəf müxtəlif silah növlərindən istifadə etməməklə hərbi əməliyyatlar dayandırılsın. Atəşkəsdən sonra isə ölənlərin, yaralıların dəyişdirilməsi haqqında müddəalar da öz əksini tapa bilər. Bununla paralel olaraq atəşkəs rejiminə nəzarət etmək üçün ATƏT-in müvafiq orqanlarının bu prosesə qatılmasını nəzərdə tutan müddəa da orada göstərilə bilər. Başqa şeylər isə ağla gəlmir”  


Geri qayıt