Əsas Səhifə > Hadisə, Slayd > “Odlar Yurdu”nda sensasion – QALMAQAL

“Odlar Yurdu”nda sensasion – QALMAQAL


5-03-2015, 13:59
“Odlar Yurdu”nda sensasion – QALMAQALOdlar Yurdu” Universitetinin bir qrup tələbəsi ali məktəbdə baş verənlərlə bağlı sensasion müraciət yayıb.

Arqument.Az-a daxil olan müraciətdə tələbələr ali məktəbdə imtahanlar zamanı qanunsuzluqların olduğunu iddia edirlər.
Müraciətdə bildirilir:

“Biz “Odlar Yurdu” Universitetinin 4-cu kurs tələbələriyik. Sizə müraciətimiz təhsilimizlə bağlıdır. Bizim imtahana qədər topladığımız ballar yazılmır. İmtahan zamanı kompüterdə ballarımız əskik çıxır, buna görə də, fənlərin çoxundan kəsilirik. Artıq bir aydır ki, hər gün bizə yalan vəd verirlər ki, yazacağıq. Praktika imtahanını 3-cü dəfədir veririk. Ləğv edib təzədən verməyimizi tələb edirlər. Səbəbini soruşanda deyirlər ki, rektor özü oturub baxmayıb, ya da qane eləmir bizi. Buna görə müəllimənin maaşını da verməyiblər.
Azərbaycan İctimai-Siyasi Universitetindən bu il köçürülmüşük. Bizə 3-cü kursda praktika keçirilməyib. “Odlar Yurdu” Universitetində 4-cü kursla birgə 4 praktika keçirilməlidir. Ancaq Olimpiya Oyunlarını bəhanə edib bizi 5-ci kursa saxlayırlar və bu praktikaya görə əlavə 680 manat pul istəyirlər. Halbuki praktikanın keçirilməməyi bizim günahımız deyil. Proqramı tərtib edən Təhsil Nazirliyidir və əgər, nə isə səhvdirsə, bunu Təhsil Nazirliyi universitetlə həll etməlidir. Nəyə görə tələbələr pul ödəyib, üstəlik 5-ci kurs oxumalıdırlar ki? Bununla bağlı dəfələrlə cənab rektor Əhməd Vəliyevə etirazımızı bildirmişik. Əvəzində rektorumuz bizi diplom verməməklə hədələyib və yalnız arayış verəcəyini söyləyib.
Azərbaycan İctimai-Siyasi Universitetində keçirilən fənlər təkrar keçirik. Buna qarşı çıxanda “Siz 3000 AZN-lik yerdən gəlib 2300 verib oxuyursunuz, hələ nə isə tələb də etmək stəyirsiz?!” söyləyirlər. Bizə söz haqqı verilmir və ayrı-seçkilik salınır.
26.02.2015 tarixində Xocali faciəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edə bilməyən tələbələr – 2-ci və 4-cü kurslar 50 manat cərimələndi”.


Qeyd edək ki, artıq məsələ ilə bağlı Dalğa Gənclər Hərəkatı artıq tələbələrə dəstək aksiyasına qərar verib. Hərəkatın rəsmi “Facebook” səhifəsində təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlanıb.

Dalğa Gənclər Hərəkatının sədri Hacı Zeynallı Arqument.Az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi problem həll edənədək kampaniya davam edəcək: “”Odlar Yurdu” Universitetinin tələbələri universitetdəki problemlərlə bağlı bizə müraciət məktubu yollayıblar. Həmin müraciətdə universitetdə baş verən qanunsuzluqlar öz əksini tapıb. Rəsmi qurumları, xüsusilə Təhsil Nazirliyini laqeyd olmamağa çağırırıq. Cənab nazir Mikayıl Cabbarovdan tələbələrin şikayətinə baxmasını tələb edirik”.

Geri qayıt