Əsas Səhifə > Hadisə > Zibil yeyən İNƏKLƏR, qutulara atılmayan

Zibil yeyən İNƏKLƏR, qutulara atılmayan


23-06-2018, 23:24

Paytaxt Bakının vaxtlı-vaxtında daşınmadığından qalaq-qalaq yığılan məişət tullantıları problemi illərdir həllini tapmır.

Virtualaz.org-a ayrı-ayrı vaxtlarda daxil olan şikayətlər də təsdiqləyir ki, xüsusilə Bakıətrafı kənd və qəsəbələrdə ərzaq tullantıları küçəboyu səpilir, üfunətdən nəfəs almaq mümkün olmur. Natəmiz ərazilər isə sahibsiz heyvanların məskəninə çevrilir.

Məsələn, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, el arasında “Sabunçu bazarı” adlandırılan bazarın ətrafı ilin bütün fəsillərində tullantılardan keçilməz olur. Meyvə-tərəvəz qalıqları küçəyə, magistral yolların kənarlarına yığılır. Yaxınlıqda yaşayan sakinlər şikayət etsələr də, əraziyə zibil qutuları qoyulmur.

Suraxanı rayonu, Zığ qəsəbəsində isə zibil qutuları var, amma sahibsiz itlər, Zığ kəndindən gələn inəklər qutuları yararsız hala salıb. Sakinlərin sözlərinə görə, kəndin inəkləri qəsəbənin tullantıları ilə qidalanır. Sahibsiz heyvanların qorxusundan qutulara yaxın düşmək olmur. İnəklər qutunu aşırıb, zibili binaların həyətinə daşıyırlar. Dəfələrlə şikayət edilsə də, tədbir görən yoxdur, ən azı zibil qutularının qoyulduğu ərazi hasarlanmır.

Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 4 saylı bazarın yaxınlığında yaşayanlar tullantıların vaxtlı-vaxtında daşınmamasından şikayətçidirlər. Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yaşayanlar da “zibil” problemindən şikayətçidirlər. Yeni tikilən çoxmərtəbəli binaların, mağazaların qarşısı keçmiş Balaxanı zibilxanasından fərqlənmir. Mağazalardan birinin satıcısı Təranə Kazımova deyir ki, dəfələrlə öz hesablarına tullantıları daşıdıblar. Amma yüzlərlə sakini olan məhəllə üçün 7-8 zibil qutusu kifayət etmir.

Tullantıların ya yerə, ya da yeşiklərin yanına atılması da problemin səbəblərindən biridir. Çoxları bir az əziyyət çəkib zibili yeşiyə atmır, elə küçənin qırağına qoyub gedirlər. Qarşıdan isti yay günləri gəlir, üfunət bir yandan, həşəratların yayacağı xəstəliklərdən qorunmaq çətinləşəcək.

Virtualaz.org

 

 

 


Geri qayıt