Əsas Səhifə > Hadisə > Putinin qərarından sonra Rusiyadakı “obşak”a kim

Putinin qərarından sonra Rusiyadakı “obşak”a kim


19-04-2019, 20:54

Putinin qərarından sonra Rusiyadakı “obşak”a kim nəzarət edəcək?

Rusiya prezidenti Vladimir Putinin kriminal avtoritetlərin cəzalandırılmasının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsindən sonra “qanuni oğru”ların “köç”ü başlayıb. Bu məqamda kriminal aləmdə vacib sual yaranıb: Ümumrusiya kriminal kassasına və ya “obşak”a kim və hansı yolla rəhbərlik və nəzarət edəcək?

“Qafqazinfo” xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarından olan mənbənin “Life.ru” saytına verdiyi məlumata görə, “obşak”a nəzarəti əsasən, Türkiyədə məskunlaşmış mafiya klanları nəzarət etməyə çalışır. 

Nəşr qeyd edir ki, bu “vəzifə”yə əsas namizədlərdən biri kriminal dünyanın ən nüfuzlu “vor zakon”larından olan, bir neçə gün öncə Rusiyada 10 illik həbs həyatından azad olan gürcü əsilli Tariel Onianidir (“Taro”). Onun bu yöndə əsas rəqibləri isə Zaxariy Kalaşov (“Şakro Molodoy”) və Nadir Səlifovdur (“Lotu quli”).

Mafiya rəhbərləri “kassa”nın haradan idarə olunub-olunmayacağı məsələsi ətrafında da fikir ayrılıqları yaşayırlar. Belə ki,  “obşak”ın Rusiyada yerləşməsinin vacibliyi vurğulansa da, ona xaricdən də nəzarət etməyin mümkünlüyü fikri irəli sürülür. Hazırda Dubayda yaşayan “Quli”nin bu məsələdə hansı qərarı verəcəyi sual altındadır.

Xatırladaq ki, V. Putinin təsdiqlədiyi qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə “cinayət iyerarxiyasında ən yüksək mövqenin tutulması” maddəsi əlavə edilib.

Belə ki, cinayətkar birliyi yaratmaq və idarə etməyə görə 5 milyon rubl dəyərində cərimə ilə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə, təşkilatların yığıncaqlarında iştirak etməyə görə 1 milyon rub dəyərində cərimə ilə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Cinayət iyerarxiyasında ən yüksək mövqe tutanlar isə 5 milyon rubl dəyərində cərimə ödəyəcək, onlara həmçinin 8 ildən 15 ilə qədər iş veriləcək.


Geri qayıt