Əsas Səhifə > Hadisə > Məscidlər NİYƏ AÇILMIR? — İbadət üçün alternativ

Məscidlər NİYƏ AÇILMIR? — İbadət üçün alternativ


13-08-2020, 14:12

Böyük yaradan yaratdıqları üçün ən gözəl nemətləri bəxş edib və bunlardan biri, bəlkə də birincisi insan sağlamlığıdır. 

Qurani-Kərimdə bununla bağlı müxtəlif ayələr var. Çünki Allah bəndəsindən ona verdiyi canı qorumağı istəyir. Allahın Rəsulu (s.ə.s) da buyurur ki, “Xəstlik gəlməmiş sağlamlığın qədrini bilin”.

İslam dininin sağlamlığa önəm verməsini təsadüfən xatırlamırıq. Xüsusilə son günlər karantin rejiminin yumşalmalarını məscidlərə də şamil edilməsi haqda müzakirələrin getdiyi vaxt dinimizin sağlamlığı çox şeydən üstün tutduğu yada düşür.

Belə fikirlər səsləndirilir ki, yumşalmalar mütləq şəkildə məscidlərə də şamil edilməli, ibadət yerləri açılmalıdır. Əsasən də “Məscidlər niyə açılmır” sualı ətrafında müzakirələr gedir, bəzən bu müzakirələrdə absurd iddialar belə səsləndirilir.

Koronavirus pandemiyasının qarşısını almaq üçün ən mühüm addımlardan biri kütləviliyin qarşısını almaq, sosial məsafəni qorumaqdır. 

Kanadada McMaster Universitetinin kliniki epidemiologiya və tibb professoru Holger Shunemann rəhbərliyi ilə 6 qitənin 16 ölkəsində aparılan araşdırmaya görə, virusun 1 metr məsafədən ötürülmə riski 12,8 faiz, 1 metrdən uzaq məsafədən ötürülməsi riski isə 2,6 faizdir. Ən təsirli məsafə 2 metr və daha çoxdur.

Dünya alimləri də sosial məsafənin saxlanılması və kütləvi toplaşmağın qarşısının alınmasının virusla ən effektiv mübarizə vasitələrindən biri olduğunu hesab edirlər.

Azərbaycanda koronavirusa qarşı mübarizə öz müsbət nəticəsini verir və bu nəticəni saxlamaq, nəticədə qalib gəlmək üçün riskli addımlardan çəkinmək lazımdır. Belə situasiyada məscidlərin ibadətə açılması risklidir. 

Birincisi, sosial məsafənin saxlanılması qaydasına əməl etmək çətin olacaq, ikincisi, qapalı məkanda kütləvi toplaşma olacaq ki, bu da virusun yayılma təhlükəsini dəfələrlə artırır.

İbadətin edilməsinin alternativi olmasaydı, bəlkə də bu istək və tələblər normal qarşılana bilərdi. Lakin hər bir möminin dini ibadətini evində edə bildiyi halda məscidləri açmaqla riski artırmaq olmaz. Yəni ortada ibadət üçün alternativ seçimlər var və indiki halda Allah öz bəndələrinin sağlamlığını hər şeydən üstün tutur.

Məhəmməd Peyöəmbərin (s.ə.s) “Xəstlik gəlməmiş sağlamlığın qədrini bilin” sözlərini unutmayın və özünüzü qoruyun...


Geri qayıt