Əsas Səhifə > Hadisə > “Hamilə tələbələrə yox deyilibsə…”

“Hamilə tələbələrə yox deyilibsə…”


12-10-2021, 22:11

“Hamilə tələbələrə yox deyilibsə…” - Daha bir qalmaqal 

Milli Məclisin deputatı Rəşad Mahmudovun parlamentin dünən keçirilən plenar iclasında dediyi fikirlər müzakirələrə səbəb olub.

R.Mahmudov deyib ki, təəssüflər olsun ki, tələbə hamilə qadınlardan COVID-19 pasportu və əks-göstəriş sertifikatı tələb olunur:

“Bununla əlaqədar bir ana tələbəlikdən könüllü şəkildə imtina edib. Bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik. Universitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər”.

Milli Məclisin sədri Sahibə Qafarova da deputatı dəstəkləyərək qeyd edib ki, bu çox vacib məsələdir: “Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar”.

***

Pressklub.az mövzu ilə əlaqədar bir neçə universitetlə əlaqə saxlayıb. Azərbaycan Dillər Universitetinin (ADU) bildirilib ki, qərara əsasən, 18 yaşdan yuxarı olan tələbələr COVID-19 pasportu verməsələr, binaya buraxıla bilməzlər:

“Ümumiyyətlə, indiyədək bununla bağlı anlaşılmazlıq olmayıb. Tələbələrlə və ya əməkdaşlarla əlaqədar bununla bağlı problem yaranıbsa, ortaq məxrəcə gəlinib. 

Bizdə hazırda elə müəllimlər var ki, onların xəstəlikləri var və peyvənd vurdurmaq olmaz. Ancaq onlar əks-göstəriş sertifikatını ala bilmirlər (növbələr çoxdur və s.). Buna görə də onlara problem yaratmamağa çalışırıq. 

Tədris yeni başlayıb və bundan əvvəl belə təcrübə olmayıb. Yeganə məqsəd həm təhsil alanlara, həm də təhsil verənlərə problem yaratmamaq olmalıdır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, pasportların yoxlanılmasını mühafizə xidməti həyata keçirir: “Onlara bununla bağlı tapşırıq verilib. Həmçinin hamilə tələbələrdən və ya əməkdaşlardan pasportun tələb edilməməsi ilə bağlı xəbərdarlıq edilib. Eləcə də 18 yaşdan aşağı şəxslərdən heç bir halda COVID pasportu tələb etmirik.

Bir məsələni də qeyd edim ki, hamilə və ya süd verən şəxslər haqqında sənədlər universitetin insan resursları şöbəsində var. Bu məlumatlar mühafizə xidmətinə bildirilib. Ona görə də bizim universitetdə bu cür hal ola bilməz”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva bununla bağlı bildirilib ki, BDU-da belə fakt qeydə alınmayıb: “Bununla bağlı bizə müraciət edən də olmayıb”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova qeyd edilib ki, hazırda universitetdə elə bir tələbə yoxdur. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov deyib ki, universitetdə sadəcə kimlərə peyvənd vurula bilərsə, onlardan pasport tələb edilir: “Bu baxımdan, hamilə xanımlara peyvənd olunmaq olmaz deyə onlardan pasport tələb edilmir”.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, COVID-19 pasportlarının yoxlanılması ilə bağlı universitetlərdə problemlərin olacağı öncədən bəlli idi: “Müəyyən xəstəliyin daşıyıcısı olanlar, eləcə də hamilələr, süd verən analarla bağlı məlumatlar elektron sistemdə olmalıdır. 2021-ci ildir, biz isə rəqəmsallaşmaq əvəzinə, dədə-baba qaydası ilə pasportları yoxlayırıq. 

Hər bir tələbənin tələbə kartı var. Ora tələbənin peyvəndlə bağlı məlumatı rəqəmsal proqram vasitəsilə yüklənməlidir. Bununla problemi həll etmək mümkündür. 2021-ci ildə rəqəmsallaşmaqdansa, dədə-baba qaydası ilə pasportları yoxlayırıq. 

Hamilələrə birdəfəlik yox deyilibsə, sistemdə də bu olmalıdır. Bu səbəbdən tələbənin təhsildən imtina etməsi düzgün deyil və məsələ araşdırılmalıdır”.

***

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunması barədə qərar verilib.

Həmçinin mülkiyyət formasından asılı olmayaraq oktyabrın 1-dən etibarən bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.


Geri qayıt