Əsas Səhifə > İdman > Yaxşı yol,

Yaxşı yol,


4-10-2017, 11:44

Komanda yoldaşları sabahkı oyunda kapitanlarını qələbə ilə yola sala biləcəklərmi?

Oktyabrın 2-si. “Rəşad Sadıqov millidən gedir” xəbəri diqqətimi çəkdi. Telefonda xəbər açılanadək reaksiyamı “nəhayət ki” sözü ilə dedim...

Xəbərdə bildirilirdi ki, R.Sadıqovun getmək istəyindən AFFA da məlumatlıdır. “Bununla bağlı Bakı Olimpiya Stadionunda oyun günü vida tədbiri də nəzərdə tutulub. Kapitan oktyabrın 8-də Almaniya ilə səfər matçında iştirak etməyəcək”. Cansıxıcı üç-dörd cümlə və  Rəşadın Azərbaycan futboluna verdiyi böyük bir xidmət... 

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun karyerasını başa vurması xəbəri kimlər üçünsə gözlənilməz olsa da, bu, əslində gözlənilən idi. Rəşad təkcə yaxşı müdafiəçi deyil, o, həm də yerini bilən oyunçudur, bir vətənpərvərdir. 35 yaş müdafiəçi üçün kritik həddidir, həm də dünya futbolu artıq 20-30 bundan əvvəlki deyil. İndi müdafiəçi  olmaq üçün oyunçudan bir çox bacarıqlar tələb  olunur. Yaş isə öz işini görür...

Rəşad Azərbaycan futbolunun inkişafı üçün, millimiz üçün bacardığından daha artığını  etdi. Azərbaycan milli komandası həm də onun bacarıqlı oyunu sayəsində ağır məğlubiyyətlər dövrünü arxada qoydu, qələbələr qazandı, milyonlarla azarkeşə sevinc bəxş etdi. Rəşadın Norveçlə oyunda öz qapımıza vurduğu topdan sonra əli ilə başına vurduğu epizodu xatırlayırsızmı? Mənə o vaxt elə gəldi ki, Rəşad daha çox getmək qərarını qətiləşdirmədiyi üçün özünü  qınayırdı həm epizodda. Müdafiəçinin öz qapısına top vurması nə birinci, nə sonuncu hadisədir. Amma Rəşad kimi peşəkarlara bu cür sözlər boş və mənasız təskinlik kimi görünə bilər. Ona görə Rəşadın sabah keçiriləcək Çexiya ilə qarşılaşmada milinin heyətində son oyuna çıxması gözlənilməz deyil,  qanunauyğunluqdur, zamanın insanla razılaşması, bəlkə də qələbəsidir...

Rəşad mətbuata açıqlamasında deyib ki, Çexiya ilə oyun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verib. Bəs suallar? Kapitan deyib ki, bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracaq...

Rəşad Sadıqov 111-ci oyunu ilə millinin heyətində çıxışını başa vurur. İzləyə bildiyim  qarşılaşmalarda onu həmişə fədakar gördüm. Bu təkcə futbolçu fədakarlığı deyil, bu millinin adına layiq olmaq fədakarlığı kimi qiymətləndirilməlidir. Rəşadın əlbəttə ki, yeri görünəcək. Həm bir kapitan, həm müdafiəçi kimi. Onun künc zərbəsindən sonra vurduğu qollar üçün darıxacağıq(yeri gəlmişkən,  2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub), həmişə yaxşı sözlərlə xatırlanacaq. Məncə, milidən ayrılmaq qərarı böyük futboldan ayrılmağın baş məşqidir, yəqin Rəşad tezliklə “Qarabağ”la da vidalaşmağa özünü hazırlayır. Yaxşı yol, Rəşad...Sən Azərbaycan futboluna adını qızıl hərflərlə yazdırmağı haqq etdi. Tamaşaçı alqışların halalın olsun...

***

AFFA-nın baş katibi Elxan Məmmədov da təbi ki, milidən bu cür oyunçunun ayrılmasının necə itki olduğunun fərqindədir.

Qol.az saytına açıqlamasında o deyib ki, bu qərarı barədə ona məlumat verəndə xeyli təəssüflənib: “Çünki təəssüflənməmək mümkün deyil. Axı biz onu millinin oyunlarında görməyə adət etmişdik. Hər oyundan əvvəl və sonra onunla mütləq komanda, oyun haqda söhbətimiz olur. 16 ildir millinin formasını geyinən bir futbolçunu Çexiya ilə qarşılaşmadan sonra yola salmaq...

Həqiqətən də çətin qərardır. Rəşad millinin formasını ən çox geyinən futbolçudur. 110 dəfə ölkənin əsas komandasının heyətində meydana çıxıb. Bu rəqəmin özü onun milli üçün nə qədər böyük sima olduğunu göstərir. Son 10 ildə onunla birgə fəaliyyət göstərməyimizlə fəxr edirəm. Bilirəm ki, azarkeşlər də onu axtaracaqlar. Çünki o, həm də komandanın lideridir, ən çətin anlarda futbolçuları ətrafında toplamağı bacarırdı".

E.Məmmədov haqlı olaraq deyib ki, Rəşad həm futbolçu, həm də şəxsiyyət kimi bir çox gəncin kumiridir: “Onun bu qərarına hörmətlə yanaşır və gələcək işlərində də uğurlar arzulayırıq. Sadıqovun gələcəkdə məşqçi kimi də futbolumuza xeyir verəcəyinə əminik”.

***

 Azərbaycan millisi sabah saat 20:00-da Çexiya ilə qarılaşacaq ki, bu oyunun şəxsən mənim üçün yeganə maraqlı tərəfi Rəşad  Sadıqovun vida görüşü olmasıdır. Çexiya bir neçə ilədək yaxşı komanda idi və  hətta Avropa birinciliyində mükafatçılar sırasına çıxa da bilirdi. İndi isə onlar bizdən də betər gündədirlər. DÇ-2018-in seçmə mərhələsində millimizə rəqib olan bu komanda dünən axşam artıq Bakıya gəlib.

Çexiya millisinin baş məşqçisi Karel Yarolum da yerli mətbuata danışarkən deyib ki, hər iki komandanın mundialın finalında vəsiqə qazanmaq şansı yoxdur: “Azərbaycan millisi də bizimlə eyni vəziyyətdədir. Onların da dünya çempionatının final mərhələsinə çıxmaq şansları qalmayıb. Yenə də sona qədər mübarizə aparacağıq. Çünki nəticə turnir cədvəlindəki mövqeyimiz və reytinq əmsalı baxımından böyük önəm kəsb edir. Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında komandaların hansı səbətdə yer alması məhz reytinq əmsalından asılıdır”.

Baş məşqçi deyib ki,  heyətdə yer alan futbolçuların hazırkı durumu onu qane edir, Azərbaycanla oyundan əvvəl futbolçuların motivasiyası yüksəkdir(qol.az)...

Havaların qəfil soyumasının Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkiyə necə təsir etdiyini demək çətindir, amma göydən “xəstəlik yağır”. Hara baxırsan, qrip, öskürək... Motivasiya sıfır. Bu halda stadiona getmək nədir, heç televizorda oyuna baxmağa həvəs yoxdur. Amma nə edək, gərək millinin oyununa baxasan.

Yaxşı olar ki, komanda yoldaşları kapitanlarını sabah qələbə ilə yola salsınlar. Yəqin Prosineçki də bunu istəyər...        

Xorvatiyalı baş məşqçisi sabahkı və oktyabrın 9-da Almaniya ilə rəqib meydanda qarşılaşma üçün aşağıdakı futbolçulara dəvət göndərib. Rəşad sonuncu dəfə kapitanlıq edəcəyi heyətə baxaq. 

Kamran Ağayev (“Mlada”, Çexiya)

Anar Nəzirov (“Zirə”)

Emil Balayev (“Səbail”)

Tərlan Quliyev (“İnter”)

Bədavi Hüseynov (“Qarabağ”)

Rəşad Sadıqov (“Qarabağ”)

Maksim Medvedev (“Qarabağ”)

Pavel Paşayev (“Aleksandriya”, Ukrayna)

Maqomed Mirzabekov (“Neftçi”)

Ürfan Abbasov (“Qəbələ”)

Ruslan Abışov (“Neftçi”)

Rahid Əmirquliyev (“Qarabağ”)

Qara Qarayev (“Qarabağ”)

Dmitri Nazarov (“Aue”, Almaniya)

Təmkin Xəlilzadə (“Zirə”)

Mahir Mədətov (“Qarabağ”)

Cavid Hüseynov (“Qəbələ”)

Araz Abdullayev (“Anortosis”, Kipr)

Əfran İsmayılov (“Qarabağ”)

Riçard Almeyda (“Qarabağ”)

Ruslan Qurbanov (“Qəbələ”)

Namik Ələsgərov (“Neftçi”)

Ramil Şeydayev (“Qarabağ”)

Renat Dadaşov (“Ayntraxt”, Almaniya)

 Nazim SABİROĞLU

 


Geri qayıt